Modern.az

Gülarə Azaflı: “Bəzi aşıqların yerinə xəcalət çəkirəm” - MÜSAHİBƏ

Gülarə Azaflı: “Bəzi aşıqların yerinə xəcalət çəkirəm” - MÜSAHİBƏ

5 Aprel 2012, 10:27

Aşıqlar Birliyinin ətrafında yaranmış qalmaqal davam edir. Aşıq Zülfiyyənin bu qurumun rəhbəri Zəlimxan Yaqubu tənqid etməsi onu həmkarlarının hədəfinə çevirib. Aşqlar Birliyi İdarə Heyətinin üzvü, “Aşıq Pəri” Məclisinin sədri Gülarə Azaflı Modern.az saytına müsahibəsində aşıq sənətinin bugünkü vəziyyətindən danışıb.

- Gülarə xanım, Aşıqlar Birliyinin fəaliyyətini necə qiymətləndirirsiniz? Sizcə, Aşıqlar Birliyi Azərbaycan aşıq sənətinin inkişafına töhfə verə bilirmi?

- Aşıqlar Birliyinin rəhbərliyi aşıq sənətinin inkişafı üçün əlindən gələni edir. Bu günlərdə sazbənd aşıqlarımızın fəaliyyətindən bəhs edən “Sazbəndlərimiz” kitabının təqdimat mərasimi oldu. Həmin kitabda 1831-ci ilıdən bu günə kimi yaşamış sazbənd aşıqlarımızın həyat və yaradıcılığından söhbət açılır. 2010-cu ildə Bakıda ilk dəfə aşıq festivalı keçirildi. Bir müddət öncə Aşıq Ələsgərin yubileyini qeyd etdik. Heydər Əliyev adına Sarayda tez-tez aşıqların iştirakı ilə konsertlər təşkil olunur. Bütün bunları danmaq ədalətsizlik olardı.

- Amma Aşıq Zülfiyyə mətbuata verdiyi açıqlamalarında Aşıqlar Birliyini fəaliyyətini kəskin tənqid edib. Zülfiyyə xanım Zəlimxan Yaqubun fəaliyyətinə mənfi qiymət verib...

- Aşq Zülfiyyə Aşıqlar Birliyini tənqid etməklə çox böyük səhvə yol verib. Görünür, onun bu təşkilatın fəaliyyəti barədə məlumatı azdır. Zəlimxan müəllim xəstə olsa da, yenə aşıqların qayğısına qalır, onların problemlərinin həlli üçün əlindən gələni edir. Aşıqlarımız müxtəlif dövlət mükafatlarına layiq görülüb, onların arasında prezident təqaüdçülər var...

- Həmkarınız isə iddia edir ki, aşıq sənətinə heç kim qiymət vermir. Onun dediyinə görə, Bakıda keçirilən tədbirlərdə iştirak edən rayon aşıqları gecələməyə yer tapmırlar.

- Axı, sən nə etmisən ki, dövlət sənə pul versin? Kim deyir ki, aşıqlar Bakıda qalmağa yer tapmırlar... Rayondan gələn aşıqların böyük əkəsəriyyətinin Bakıda qohum-əqrabası, dost-tanışı olduğu üçün onların evində gecələyirlər. Kimin qalmağa yeri yoxdursa, onları mehmanxanada yerləşdirirlər. Aşıqları hansı təşkilat göndərirsə, yol xərcini də həmin təşkilat çəkir. Yaxşı olar ki, hər kəs öz bildiyi məsələlər haqda danışsın.

- Azərbaycan aşıqlarının bugünkü səviyyəsi sizi qane edirmi? Ümumi fikir bundan ibarətdir ki, aşıqların böyük əksəriyyəti savadsızdır. Hətta bəzən aşıqlar özləri də bunu etiraf edirlər. Siz bu fikirlərlə razısınızmı?

- Aşıqların savadsız olması barədə deyilənlər tamamilə cəfəngiyyatdır. Aşıq Ələsgər məktəb oxumamışdı, amma özü məktəb yaradıb dünyadan köçdü. Mənim özüm ali təhsil almışam. Aşıq Əhliman, Aşıq Fəzail, Aşıq Samirə elmlər namizədidir. Aşıqların çoxu universitet bitirib. Əgər məclisdə bir nəfər min nəfəri idarə edirsə, ona necə savadsız demək olar? Üç yüz-dörd yüz səhifəlik dastanı yaddaşına həkk edən adam savadsız ola bilməz. Heç kim artıq - əksik danışmasın.

- Gəlin razılaşaq ki, aşıq sənətini ucuz tutan adamlar da var. Şəxsən mən restoranlarda, kafe və çayxanalarda aşıqların bir-iki manata görə, özlərini necə alçaltdıqlarının şahidi olmuşam...

- Əlbəttə, bu yaxşı hal deyil. Həmin aşıqlar məktəb keçməyiblər. Mən, bu cür aşıqların əvəzinə xəcalət çəkirəm. Atamın 20-dən artıq şagirdi olub. Onlar atamdan ən azı beş il dərs alıblar. Hətta elə aşıqlar olub ki, 8-10 il atamdan aşıq sənətinin sirlərini öyrənib. Təbii ki, məktəb keçməyən adam əlinə saz alıb səhnəyə çıxanda, aşıq sənəti nüfuzdan düşəcək. Əgər aşığa ustad şilləsi dəyməyibsə, o, böyük sənətkar ola bilməz. Aşıq Ədalət sazı zirvəyə qaldırıb. Amma elə aşıqlar var ki, sazı sürüyə-sürüyə çalırlar. Elə aşıq da var ki, sazı yerə qoyub, oyun çıxarır. Hoqqabazlıq etməyə ehtiyac yoxdur. Sazın yeri zivədir. Kim istəsə, yerdə sürünə bilər. Amma sazı özü ilə sürüməsin. Gərək tamaşaçılar özləri də bu cür hallara qarşı mübarizə aparsınlar.

- Siz hansı mübarizə metodunu təklif edirsiniz?

- Həmin adamları məclislərinizə çağırmayın. Təəssüflər olsun ki, bəzi səviyyəsiz aşıqlar hətta efirə də yol tapırlar. Bu adamların Azərbaycan aşıqlarını təmsil etməsinə yol vermək olmaz. Aşıq sənəti bizə Dədə Qorquddan yadigar qalıb. Ona sahib çıxmaq hər birimizin borcudur.

- Kişi aşıqlarla bağlı ittihamlardan biri də onların içki dükünü olmasıdır. Aşıq Zülfiyyə deyir ki, bəzi aşıqlar toyda başının üstündə dayananda, onların qusub camaatın üst-başını batıracağından qorxur...

- Bilirsiniz, mən bir-iki gün əvvəl Aşqı Zülfiyyə ilə danışdım. O, mətbuatda aşıqları səviyyisiz adlandırdığını inkar etdi. Mən, hansısa aşığın məclisdə sərxoşluq etməsinin şahidi olmamışam. Şəxsən mənim çevrəmdə bu cür adamlar yoxdur. Mənim olduğum məclislərdə adəb-ərkanlı adamlar iştirak edir. Azərbaycanda Aşıq Qələndər, Aşıq Altay, Aşıq Dəmir kimi mədəni, qabiliyyətli adamlar var. Əgər Aşıq Zülfiyyə hansısa aşığın öz hərəkətləri ilə bu sənəti nüfuzdan saldığını görürsə, onu kənara çəkib, öz aradını bildirsin. Qəzetə müsahibə verib, bütün aşıqları gözdən salmaq lazım deyil. Bir neçə il əvvəl ABŞ-dan Anna Şenaslan adlı bir folklorşünas Azərbaycana gəlmişdi. O, aşıq sənətinin vurğunu idi. Burda olarkən saz çalmağı öyrəndi. İndi də öz ölkəsində bizim musiqimizi, mədəniyyətimizi təbliğ edir. Bizə bu cür kömək etmək lazımdır. Aşıq sənətini qaralamaq heç kimə başucalığı gətirmir. Onsuz da ermənilər bu işi görürlər.

Seymur VERDİZADƏ  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər