Modern.az

Azərbaycanın məşhur futbolçusunun adı ölüm işində

Azərbaycanın məşhur futbolçusunun adı ölüm işində

4 Yanvar 2010, 23:01

Modern.az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri dekabrın 30-da özünü əl qumbarası ilə partladan Rasim Əliyevlə bağlı yeni məlumat yayıb.
Məlumatda bildirilib ki, dekabrın 30-da saat 18:30 radələrində əlində silah olan bir şəxsin paytaxtın Həsən Əliyev küçəsi boyu qaçması barədə bu ünvana yaxın ərazidə yaşayan Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşı Ruslan Dəmirçiyev tərəfindən Nazirliyin "102" zəng mərkəzinə məlumat verilib.
Eyni zamanda, polis leytenantı Ruslan Dəmirçiyev, həmin şəxsin silahlı olması səbəbindən onu dayandırmaq məqsədilə izləsə də naməlum şəxs təqibdən yayınmağa cəhd göstərərək polis əməkdaşına atəş açmaq istəyib. Lakin "102" xidməti tərəfindən hadisə yerinə göndərilmiş Çevik Polis Alayının patrul avtomobillərini görüb zərərsizləşdiriləcəyini anlayan silahlı şəxs üstündəki əl qumbarasını partladaraq intihar edib.
Partlayış nəticəsində polis əməkdaşı Ruslan Dəmirçiyev sol ayağından qəlpə yarası alıb.
Dərhal hadisə yerinə çıxmış Nərimanov rayon polis idarəsinin və prokurorluğunun rəhbərliyi, habelə istintaq-əməliyyat qrupu tərəfindən cinayətin törədildiyi yer müayinə olunub və oradan 6 ədəd patronu olan "Makarov" tipli tapança, "UZRQM" markalı qumbara fitilinin qulpu, içərisində bıçaq olan əl çantası, qara idman papağı, bir cüt əlcək və iş üçün əhəmiyyət kəsb edən sair əşyalar götürülüb. Meyitin əynindəki şalvarın arxa cibində Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuş Əliyev Rasim Şəmiddin oğlunun adına olan şəxsiyyət vəsiqəsi və ayrı-ayrı şəxslərə pul borcunun olması barədə qeydlər aparılmış dəftər aşkar edilib.
Fakt üzrə Nərimanov rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
İlkin araşdırmalarla tapılmış vəsiqənin intihar etmiş şəxsə - Rasim Əliyevə məxsus olması müəyyən edilib. İntensiv həyata keçirilən istintaq-əməliyyat tədbirləri onu da göstərib ki, fərdi tikinti işləri ilə məşğul olan Rasim Əliyev Sulutəpə qəsəbəsində inşa etdiyi evin sənədləşdirilməsi məqsədilə Bakı şəhər sakini Maşallah Əhmədova (80-ci illərin məşhur futbolçusu) verdiyi 15 min manat məbləğdə pulunu geri ala bilməməsi ilə əlaqədar həmin gün tapança və qumbara ilə silahlanaraq hadisənin baş verdiyi yerə yaxın ərazidə yaşayan sonuncudan qisas almaq istəyib. 
Şəxsi münasibətlər zəminində baş vermiş bu hadisənin digər təfərrüatları, o cümlədən Rasim Əliyevin partlatdığı qumbaranın, üstündən tapılmış tapançanın əldə edilmə mənbələrinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Məşhur futbolçu Maşallah Əhmədov özü isə sözügeden məsələylə bağlı ATV kanalına verdiyi açıqlamada bunları deyib: “O yaxşı insan idi. Əgər mənim onunla problemim olsaydı, o özünü mənim evimdə partladardı. Başa düşə bilmirəm ki, nəyə görə bəzi insalnlar bu işdə mənim adımın hallandırılmasına çalışırlar. Hamı mənim necə insan olduğumu bilir. Borc ola bilər, amma bu o demək deyil ki, bizim hansısa problemimiz var”.
Bəzi məlumatlara görə, bu insidentlə bağlı Maşallah Əhmədov Baş Prokurorluğun əməkdaşları tərəfindən dindirilib.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir