Modern.az

“Soyqırımı qardaşları” - Xocalı, Ağdaban...

“Soyqırımı qardaşları” - Xocalı, Ağdaban...

7 Aprel 2012, 13:21


Deyəsən, aprel ayı kəlbəcərlilərə heç düşmədi. Aprelin düz iki təqvim günündə Kəlbəcər camaatı hüzn- kədərə qərq olur, kimisi yağı tapdağında qalan yurd yerlərinə ağı deyir, kimisi də erməni gülləsinə tuş gəlib şəhid olan qohum- qardaşına. Kəlbəcərin Ağdaban və Başlıbel kəndləri də ikiqat müsibətlə üzləşdilər. Xatırladaq ki, səngərdə döyüşərək şəhid olanlar istisna olmaqla bu iki kənd işğal zamanı üst- üstə 100-dən yuxarı mülki əhalisini qurban verib.

Müqayisə üçün bildirmək lazımdır ki, bir sıra rayonları çıxmaq şərtilə əhalisi 50- 100 mini ötən rayonların əksəriyyətinin birinci Qarabağ savaşında verdiyi ümumi itki yüzü keçməyib. Təkcə bu acı statistika onu iddia etməyə əsas verir ki, Ağdaban və Başlıbel kəndləri bütöv bir rayonun verdiyi itkidən çox itki verib. 1992- ci ilin 8 aprelində erməni silahlı birləşmələri demək olar ki, köməksiz, yalnız ov tüfəngləriylə müdafiə olunan Ağdaban kəndinə hücum təşkil edərək bütöv bir yaşayış məntəqəsini yer üzündən sildilər.

Kənd sakinlərindən 33 nəfər öldürüldü, 5 nəfər girov götürüldü, onlarla yaralanan oldu. Sonralar bəlli oldu ki, həmin hücuma başçılıq edənlərdən biri keçmiş Ermənistan prezidenti Robert Köçəryan olub və onların qarşısına qoyulan əsas tapşırıq ay yarım öncə baş vermiş Xocalı qətliamına beynəlxalq diqqəti yayındırmaq imiş. Sadəcə, təsadüfdən cəlladlar bu misilsiz cinayəti planlaşdırdıqları kimi həyata keçirə bilməyiblər, nəticədə kənd camaatından bir hissəsi meşələrə qaçmağa macal tapıb.

1993- cü ilin 2 apreli də bütün kəlbəcərlilər kimi Başlıbel kəndi üçün günahsız qanlara susamışdı. Ancaq bir çox başlıbelli hələ də inana bilmirdi ki, ermənilər Kəlbəcəri bütünlüklə işğal etməyə nail ola bilərlər. Elə ona görə də Başlıbel camaatı öz doğma ev- eşiklərini yalnız son anda-artıq erməni quldurları rayonun əsas yollarını ələ keçirdikdən sonra tərk etməyə məcbur oldular, tamamilə qarla örtülmüş dağlıq yollarla piyada 100 kilometrə yaxın yol gələrək girov düşməkdən qurtuldular. Ancaq kənddə yüzə yaxın adam qaldı. Onların içərisində çıxarılması mümkünsüz olan qoca, xəstə insanlar olsa da xeyli sayda əli silahlı kənd sakini “ölərik, getmərik” deyərək sanki didərginliyin “dad”ını bilirmişlər kimi ölümü kəndi tərk etməkdən üstün tutdu. Sonradan, üstündən 4 ay keçdikdən sonra onlar gecələr yol gəlməklə işğal altındakı Kəlbəcərdən Murov dağını aşmaqla gəldikləri zaman heç kim buna inana bilmirdi və onlar başlarına gələnləri nəql etdikcə adamı dəhşət bürüyür, bir vaxtlar maraqla oxuduğumuz “Robinzon Kruzo” da cərəyan edənlərin daha dəhşətli forması gözlər önündə canlanırdı. Başlıbelli robinzonlar adamyeyənlərlə rastlaşmasalar da zəmanəmizin adamyeyənləri olan erməni silahlı birləşmələriylə üz- üzə gələrkən necə atışdıqlarını, onlarla saqqallı ermənini gəbərdiklərini, yalnız son patronları tükəndikdən sonra gecə ikən kahalara çəkilərək xilas olduqlarını danışdıqca adamın damarlarında qan donurdu. Ancaq 60- dan yuxarı (bu yerdə rabitəsizlikdən Laçın rayonundakı mövqelərimizi ən sonda tərk edərək Başlıbel camaatına qoşulan bir neçə əli avtomatlı əsgərimizn də son patronlarınadək döyüşərək qəhrəmanlıqla şəhid olmalarını rəhmətlə anmaq və onların hələ də narahat ruhlarına dualar etməyi hər kəsdən təvəqqe edirik.) insan şəhid oldu və onları sağ qalan başlıbellilər bir neçə günə dağ çəmənliklərində nisbətən gizli yerlərdə dəfn edə bildilər.

 Əlbəttə, kəlbəcərlilərin, xüsusilə də ağdabanlıların və başlıbellilərin başlarına gələn dəhşətləri yazdıqca xatirələr uzanır və tükənbmək bilmir ki, bilmir. Ona görə də yaxşı olar ki, həmin dəhşətləri yaşamış bir neçə kənd sakininin təəssüratlarını oxucularla paylaşaq. Yeri gəlmişkən, bir neçə gün öncə başı dərdlər çəkmiş xalqımız 31 Mart-dünya Azərbaycanlılarının Soyqırımı Gününü  hüznlə qeyd etdi və bəzi tarixçilərimiz təklif etdilər ki, erməni vəhşiliyinin nəticəsi olan bütün matəm günlərimiz bir təqvim gügündə birləşdirilsin. Bu təklifi gələcəyin öhdəsinə buraxaq və neçə ki, təqvim günlərimizdəki qara ləkələr bir yerə toplanmayıb, biz kəlbəcərlilər aprel ayının gəlməsini istəməyəcəyik...

İndi isə Ağdaban soyqırımının şahidlərini dinləyək:

Bu kəndin sakini Bağırova Güllü Şirin qızı gördüklərini belə nəql edir:

- Həyat yoladaşım Bağırov Əbdül Məhəmməd oğlu 8 aprel 1992- ci ildə ermənilərin Ağdabana hücumu nəticəsində şəhid olub. Həmin hadisə vaxtı onun əlində rəhmətlik əmim oğlu Ələsgərin beşatılanı var idi. O da son patronadək vuruşmuşdu.

Ağdaban kəndinin o zamankı icra nümayəndəsi Kərimov Firudin Kamran oğlu:

- Mən o vaxt sovetliyin katibi olmuşam. Həmin dövrdə 31 nəfər postda olub. Mənim özüm də könüllü özünümüdafiə dəstəsində qulluq etmişəm. Ermənilər Həsənirz kəndindən Ağdabana soxulduğu vaxtda da mən postda olmuşam. Həmin 31 nəfərin yalnız beşində avtomat var idi, qalanlarda ov tüfəngləri idi. Səhər saat 5-6 radələrində Yaşar Mamedovla və daha bir neçə nəfərlə postlardakı vəziyyəti nəzərdən keçirirdik. Yaşar müəllim kürəkəni Kərimov Mərdan Şahmalı oğluna zarafatla dağın başında dövrə vuran qartalı göstərərək “elə bil o quş ermənidir, at görüm onu vura bilərsənmi” dedim. O da tüfəngin ağzını qartala tərəf çevirərək həmin istiqamətə bir güllə atdı. Təbii ki, məsafə uzaq idi və güllə qartala dəymədi. Yaşar müəllim qayıtdı ki, gülləni bax belə atarlar. Bunu deyib quşu nişan aldı. Güllə qartala dəymədi və o ikinci dəfə nisbətən aşağıdan uçan quşu nişan alanda güllə dağın təpəsindəki qara daşlara dəydi. Sən demə, ermənilər həmin daşın dalında imişlər və onlar gecədən gəlib bütün kəndi mühasirəyə alıbmışlar. Ermənilər də elə bilib ki, gülləni biz yox, kəndə girən erməni kəşfiyyatı atıb ki, hücum başlanılsın. Sonradan bizə bəlli oldu ki, onların belə bir parolu varmış və Yaşar müəllimin qartala tuşlanan təsadüfi gülləsi bütövlükdə kənd camaatının tamamilə məhv edilməsinin qarşısını alıb. Artıq ermənilərin xəlvətcə kəndə girməsi planı pozuldu və ilk atəş başlayan kimi kənd camaatı başını götürüb meşələrə çəkilə bildi. Əlbəttə həmin vaxt ermənilərin sayını dəqiqi bilmək mümkünsüz idi, ancaq mən deyərdim ki, onlar nəinki yüzlərlə, bəlkə minlərlə idi. Güllələr kəndə yağış kimi yağırdı. Ermənilər müqavimətin zəif olduğunu görüb artıq saat 9- da kəndə daxil oldular. Qısa vaxt ərzində kəndi taladılar və qarət etdikləri evləri maşınlara doldurub apardıqdan sonra evlərə od vurdular. Demək olar ki, kəndi tamamilə yandırdılar. Həmin vaxt Ağdabanda 160 təsərrüfat var idi və onun 90 faizini yandırmışdılar. Bu qətliam və qarət axşam saatlarınadək davam etdi və 33 nəfər kənd sakini, 9 nəfər də köməyə gələn əsgər öldürüldü, 5 nəfər də girov aparıldı. Onları Salatın Əsgərovanı öldürən erməni polisiylə dəyişdilər. Həmin girovlar kəndin müəllimi Kərimov Sovet Nəsir oğlu, Kərimova Mehriban Sovet qızı, Quliyeva Sevinc Bəhram qızı və Sevinc müəllimənin iki körpə uşağı idi. Həmin girovlar qayıdandan sonra deyirdilər ki, Xankəndində onları görəndə heyrətləniblər ki, siz necə sağ qalmısınız, axı o kənddən bir adam da salamat çıxmamalıydı. Bir məqamı da deyim ki, Ağdabana hücum əməliyyatında Ermənistanın keçmiş prezidenti Robert Köçəryan şəxsən iştirak edib.

Ağdaban sakini Əhmədov Dadaş Həmid oğlu:

- Həmin hadisələri xatırlamağın özü dəhşətlidir. 1992-ci ilin aprelin 8-də ermənilər kəndə soxulanda mən posta deyildim, evdə yatmışdım. Əvvəl atışma başlananda dedilər erməni kəndə soxulub, mən inanmadım, dedim ki, bizimkilər olar. Ancaq tələsik geyinib bayıra çıxanda bütün kəndin od-alov içində olduğunu gördüm. Artıq gec idi və çıxıb qaçmaq mümkün deyildi. Qaçıb tövləyə doluşduq və ermənilərin evləri necə qarət etdiklərini, sonradan yandırdıqlarını gözlərimizlə gördük. Ermənilər tövləyə girib heyvanları aparanada biz dama çıxaraq otun içində gizlənməyə macal tapmışdıq və tövlə evdən aralı olduğundan yanğın ora keçmədi. Onu da deyim ki, hücum edən əli silahlıların çoxu saqqallılar olsa da kənd işğal edildikdən sonra ermənilər yaşayan qonşu Həsənirz kəndinin camaatı qarətdə əsas iştirak edənlər idi. Onların bir çoxunu mən tanıdım. Hansı ki, vaxtilə bir- birimizin xeyir-şərində iştirak etmişdik. Xocalıda olduğu kimi bizim kənddə də ermənilər öldürülən insanların bir çoxunun meyitini tanınmaz hala salmışdılar. Əlqəmənin oğlunu postda öldürdükdən sonra gözlərini çıxarmışdılar. Bundan başqa kənd sakinləri Qrxmazı və Rayəti tanınmaz hala salmışdılar. Kənddə Həyat arvadın Musa adlı bir oğlu var idi, onu yanan ot tayasının içinə atıb külə döndərdilər. Həyat arvadın özünün ağzından atıb öldürmüşdülər. Zeynəlabdin adlı sakinin bacısı vardı, onu da ağzından atıb öldürmüşdülər. Kənd tamam yandırıldığından ölülərimizi Kəlbəcərin özündə və qonşu kəndlərdə dəfn elədik.

Ağdaban kəndinin digər sakini Səfərov Şərif Bahadur oğlu (1930 təvəllüdlü):

- Aprelin 8- də ermənilər kəndə soxulanda biz hamımız yatmışdıq. Evimiz kəndin lap qırağında idi və yaxınlıqda bir dərin dərə var idi. Uşaqları da götürüb dərəyə endik və üzü aşağı qaçmağa başladıq. Biz artıq kəndə qayıdanda evimizin yandırıldığını gördük.

Əhmədov Qəşəm Həsən oğlu (1929- cu il təvəllüdlü):

- Mən o hadisələri xatırlamaq istəmirəm. Çünki adam bir anlıq həmin dəhşətləri təzədən yaşamağa məcbur olur. Həmin qırğından necə sağ qurtulduğumuzu təsəvvür edə bilmirəm. Arvad- uşağı götürüb Bağırlı kəndi istiqamətində qaçdıq, arxamızca bir neçə dəfə güllə atsalar da sağ qala bildik. Səhərisi gün qayıdanda gözlərimizə inanmadıq. İllər uzunu min bir zəhmətlə tikdiyimiz evin ancaq yanıb qaralmış divarları qalmışdı. Bu hadisə məni elə sarsıtmışdı ki, bir neçə gün özümə gələ bilmədim və qəti qərara gəldim ki, kənddən Qarabağa- indi yaşadığımız Tərtərə köçüm. Çünki o kənddə yanıb kül olmuş evimiz də bir göz dağına dönmüşdü mənimçün...

Əmralıyev Xasay Məhəmməd oğlu (1960 cı il- Əmralıyevlər nəslindən yeganə sağ qalan başlıbelli) :

- O vaxt Başlıbel camaatı Kəlbəcəri ən axırıncı tərk edib, bunu hər kəs bilir. Aprelin 1- də biz maşınlarla kənddəki bütün insanları götürüb Comərd kəndinə qədər gələndə gördük ki, hər tərəf yanır və yollar bağlıdır. Camaat geri qayıdıb dağ yollarıyla piyada çıxmağa məcbur oldu. Ancaq rəhmətlik atam Əmralıyev Məhəmməd Abış oğlu bütün cəhdlərimizə rəğmən kəndi tərk etməyəcəyini bildirdi. Çarəsiz qalıb biz də onunla bir yerdə ölməyi qəbul etdik. Aprelin 2- dən 18- dək ermənilərdən kimsə kəndə gəlmədi, yalnız bir dəfə iki “UAZ” markalı maşınla gəlib kəndin ortasında bir- iki güllə atıb getmişdilər. Aprelin 18- də isə kəndi qarət etməyə onlarla yük maşını gəldi və axşama yaxın kəndi yandırdılar. Bizsə kəndin yuxarısındakı kahalara çəkilərək baş verənləri göz yaşlarıyla seyr edirdik. Nəhayət, sanki onlar bizim kəndin təxminən bir-iki kilometrliyindəki kahalarda olduğumuzu bilib ora çıxdılar və atəşə tutdular. Bir neçə qumbaraatan atdıqdan sonra təxminən 50- 60 saqqallı kahalara yaxınlaşdı. Yalnız bundan sonra qızğın döyüş başladı. Döyüş nəticəsində atam, qardaşlarım Çingiz və Surxay, bacım Aygün şəhid oldular. Ermənilər bacımı girov götürərəkən Surxay onu öz avtomatıyla vurdu ki, sağ olaraq ələ keşməsin. Patronlarımız qurtardıqdan sonra sağ qalanlarımız gecə ikən qaçıb dağlara çəkildik. 4 ay dağlarda gizlənərək yaşadıq, nəhayət, qərara gəldik ki, gecələr yol getməklə mühasirədən çıxıb Murovu aşaq. Belə də etdik və bir neçə dəfə erməni postunun üstünə çıxaraq ölümlə üz- üzə gəlməyimizi nəzərə almasaq, asanlıqla bir həftəyə gəlib çıxa bildik. İndi də yaşadıqlarımızı xatırlayanda məni vahimə basır və özüm özümdən soruşuram ki, necə olub ki,  sağ qalmışam...?

Zülfüqar HÜSENZADƏ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...