Modern.az

Yerli serial rejissorları ittihamlara cavab verdilər: “Böyük-böyük danışırlar, amma heç kim kömək etmir”

Yerli serial rejissorları ittihamlara cavab verdilər: “Böyük-böyük danışırlar, amma heç kim kömək etmir”

Mədəni̇yyət

7 Aprel 2012, 14:07

Onlar ünvanlarına səslənən tənqidləri rədd edirlər

Telekanallarda yayımlanan milli seriallarımız haqqında rəylər müxtəlifdir. Bir sıra hallarda bu seriallar ciddi tənqid atəşinə tutulur. Modern.az tanınmış jurnalistlərinin Azərbaycan serialları haqqında fikirlərini oxucularımıza çatdırmışdı. Onlar serialların bəsitliyindən, zəif aktyor oyunundan və ssenarinin çox pis yazılmasından şikayətlənmişdilər.
Bəs görəsən həmin serialları çəkənlərin özləri bu ittihamları qəbul edirlərmi?

Əməkdaşımız serialları çəkən prodakşnların rəhbər şəxslərindən bu barədə münasibət öyrənib.

İTV: “Qaranlıqlar çiçəyi”ni bəyənməyənlər qərəzlidirlər”

İctimai Televiziyanın baş direktor müavini Çingiz Aslanov bu tənqidləri rədd edərək həmin şəxsləri qərəzli olmaqda günahlandırdı. Onun sözlərinə görə,  “Qaranlıqlar çiçəyi” serialı türk serialları ilə müqayisə olunacaq səviyyədədir:
“Bu serial texniki tərəfdən dünya standartlarına uyğundur. İkinci tərəfdən burada Türkiyənin ən tanınmış aktyoru iştirak edib. “Kurtlar vadisi” serialında Hakanı oynayan Osman Albayrak və başqaları… Bunların iştirakına kim əks reaksiya veribsə, razı qalmıyıbsa,  mənə elə gəlir ki, serialların çəkilişindən xəbərsizdirlər. Burada bizim rejissorlarla yanaşı, məşhur türk rejissorunun da əməyi var. Texniki baxımdan da serialda Türkiyə operatorlarının iştirakı nəzərə çarpır. Hələlik serialın birinçi mövsümü çəkilib, ikinci çəkiliş mövsümü yəqin ki, may ayında başlayacaq. Mənə elə gəlir ki, Azərbaycan serialları arasında  fərqlənən serialdır. Kim nə ittihamlar səsləndirirsə, görünür onun qərəzi var. Bu serial türk serialları ilə müqayisə olunacq səviyyədədir. Buradakı kadrlar peşəkar kino adamlarıdır”.

“Qaynana” serialnın prodüseri: “İndiki gənclər arasında aktyor və aktrisa yetişmir 

“Xəzər” TV-də yayımlanan “Qaynana” serialının baş produsseri Səbuhi Yusibli isə belə hesab edir ki, rejissorlarımıza tənqidi münasibət onların inkişafına mane olur:
“Hər kəsin seriala öz baxış bucağı var. Rejisssor işinə qaldıqda isə işin zəifliyi rejissordan rejissora dəyişir,  rejissorun fikir potensialı, düşüncə tərzi, hadisələrə baxış tərzi çox önəmlidir. Aktyora gəldikdə, klassik rus teatr təhsili almış aktiyor və aktrisaları tapmaq çox çətindir. Azərbaycanda çox az sayda korifeylərdən dərs alan aktyorlar qalıb, onlar da yaşlaşmaq üzrədir. İndiki gənclər arasında isə aktyor və aktrisa yetişmir. May ayında telekanallarımızda yayımlanan xarici serialların dayandırılması nəticəsində yerli serialların üzə çıxarılması göstərəcək ki,  Azərbaycanın serial sektorunda hansı kanal, rejissor hansı səviyyəyə, hansı potensiala malikdir. Biz  öz filmimizi sevməliyik ki, ortalığa keyfiyyətli məhsul çıxaraq. Biz hansısa rejissoru yıxıb-sürüdüyümüz müddətdə inkişaf edə bilmərik. Bu sahəyə media, dövlət dəstəyi olsa, bu sektorun inkişaf edəcəyi şübhəsizdir. Türkiyənin hələ bu sektorda inkişaf  etməmişdən əvvəlki seriallarına baxaq. Necə gülməli, məntiqə uyğun olmayan məqamlar olub. Amma indi necə püxtələşiblər. Biz də yavaş-yavaş o mərhələni keçiririk. Mən istəyərdim ki, bu sektorda aktyor, aktrisa, produser mərkəzləri yaradılsın”.

“Aramızda qalsın”nın  baş prodüseri: “Serialda oynamaq bacarığı olan aktyorlarımız azdır”

“Aramızda qalsın” serialının baş produsseri  Elnarə Qədirova isə digər həmkarlarından fərqli olaraq seriallardakı qüsürları etiraf etdi: “Təbii ki, qüsurlarımız var. Rol bölgüsü zəif ola bilər. Çünki kadrlarımız həqiqətən gənclərdir. Amma bu başlanğıcdır. Layihələrimiz daha da uğurlu olacaqdır. Biz bu sahəyə canlanma gətirdik.  O biri kanllar da seriallara bizdən sonra əl atdı. Çünki bu serial ilk addımımızdır. Amma aktyor oyununu, rejissor işini yox dərəcədə saymaq olmaz. Bizdə daha çox teatrda oynayan aktyorlar var. Seriallarda oynayan aktyorlarımız azdır. Demək olar ki, yox dərəcəsindədir. Təbii ki, aktyorlar pafosla oynayırlar. Amma bu sahə inkişaf etsə, daha da böyük nəticələr əldə edəcəyik. Ümumiyyətlə mənə elə gəlir ki, “Aramızda qalsın” serialı xalq tərəfindən sevilir, reytinqimiz var, gündəmə ictimai həyatda olan hadisələri  gətiririk, məncə dəhşətli qüsurlarımız yoxdur. Deyilən qədər də çox aşağı səviyyədə deyilik. Olan bilər ki, rejissor işi zəif olsun. Texniki baxımdan çəkilişdə ən son  kameralardan istifadə olunur. Montajımız da axrıncı proqramla edilir. Texnikadan güclüyük. Aktyorların pafosla işləməsi isə təcrübəsizlikdən irəli gəlir”.

“Küləklər şəhəri”nin rejissoru: “Böyük-böyük danışır, tənqid edirlər. Heç kim kömək etmir”

Azərbaycanda narkotik biznesindən bəhs edən “Küləklər şəhəri”nin rejissoru Samir Qulamov isə maddi vəsaitin azlığından gileyləndi. O, keyfiyyətli serial yaratmaq üçün yaxşı vəsait gərəkdiyini söylədi:
“Seriallarımızı tənqid atəşinə tutan insanlar kinonun inkişafına mane olurlar. Böyük-böyük danışırlar, tənqid edirlər. Heç kim kömək etmir. Amma bununla yanaşı kinonun inkişafını tələb edirik. Hər seriyanı biz 150 manata çəkirik. Amma türklər 1 milyon pul xərcləyir. Yaxşı serial üçün yaxşı pul lazımdır.  150 manata həm yaxşı aktyor, həm bəstəkar tapmaq cətindir. “Küləklər şəhəri”nin aktyoru əvvəllər kino, kamera görməmişdilər, mən onları çəkməyə məcbur oldum. Köhnə aktyorlar, köhnə üzlər nə qədər olar?”.

“Bacanaqlar”ın rejissoru: “Problem var deyə, serial çəkməyək?”

“Çarx film” kinostudiyasının rəhbəri Əfqan Yusifov isə hesab edir ki,  Azərbaycanda bütün meyarlara cavab verən serial yoxdur. Kinostudiyanın rəhbəri də bunu maddi vəsaitin azlığı ilə izah etdi: “Türkiyə, Rusiya seriallarının səviyyəsində kino istəyiriksə, deməli buna böyük büdcələr ayrılmalıdır. Hələki bizdə bu biznes yoxdur. Bizim serial “Hörümçək toru” isə şəxsi büdcədən çəkilir. Bu gün bizim sponsorlarımız, reklam menecerlərimiz hələ bu işə hazır deyil. Hal-hazırda çəkilən seriallardan  yaxşı serial gözləməyin yeri yoxdur. Yalnız rəqabətdən ortaya yaxşı məhsul çıxa bilər”.

Sualımıza “Bacanaqlar” serialının rejissoru Elməddin Cəfərovdan  isə “problemlər var deyə serialları bağlamalıyıq? cavabını aldıq : “Əslində mən futbolu  çox sevirəm. Amma milli komandamızın oyunlarına baxa bilmirəm. Çünki xal yığa bilmirlər. Ancaq bizimdir, bizim milli komandamızdan yoxdur.  Bizim kinomuz, bizim mətbəximiz, bizim serialımızdır. Sadəcə olaraq baxmaq, səhvləri, iradları yaxşı mənada demək və inkişaf elətdirmək lazımdır. Üstdən aşağı baxmaq lazım deyil. Problemlər var deyə, seriallarımızı bağlamalıyıq?”.

Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı