Modern.az

Deputatdan telekanallara ittiham: “Hər şeyi lağ-lağı etmək olmaz,.. meymun oynatmırıq ki?!”

Deputatdan telekanallara ittiham: “Hər şeyi lağ-lağı etmək olmaz,.. meymun oynatmırıq ki?!”

Mədəni̇yyət

7 Aprel 2012, 16:17

Nizami Cəfərov: “Belə getsə Türkiyədə olduğu kimi, bizdə də bəzi verilişlərə məhdudiyyət qoyulması məsələsi qəbul olunacaq”

Telekanallarda milli-mənəvi dəyərlərə zidd verilişlərinin yayımlanması ətrafında polemika qızışır. Hər gün bu tip verilişlərin dayandırılmasına yönəlik fikirlərə isə telekanal rəsmiləri açıq münasibət bildirməkdən yayınırlar.
Bir müddət öncə Milli Televiziya və Radio Şurasının rəhbərliyi kanaların veriliş siyasətəniə müdaxilə etmək üçün hökumətdən əlavə səlahiyyət istəmişdi. Belə olan təqdirdə “Televiziya haqqında” qanuna dəyişiklik edilə bilərmi? Teleradio Şurasına əlavə səlahiyyətlərin verilməsi məsələsinin Milli Məclisdə müzakirəyə çıxarılması mümkündürmü?

Milli Məclisin Mədəniyyət komitəsinin sədri  Nizami Cəfərov Modern.az-a açıqlamasında bunun mümkün olduğunu qeyd edib. Lakin bir məsələ var: “Əgər Teleradio Şurası bu məsələni qaldırırsa, vəziyyətin normal olmadığını izah edirsə, Azərbaycanın Baş nazirinin müavini bununla bağlı fikir ifadə edirsə və ya cəmiyyətimizdə bu fikirlər çox tez-tez səslənirsə, o zaman gərək televiziyalarımız bundan ibarət götürsünlər. Yəni peşəkar insanların, bu işi bilənlərin söylədiyi rəylərdən böyük ictimai qınaq nə ola bilər ki?”.

N.Cəfərov qeyd edib ki, televiziya və radionun işləri üçün senzura və ya bədii şura yaradılanda da ayrı problemlər çıxır. Onun sözlərinə görə hər televiziya və radio öz verilişləri üçün məsuliyyət daşıyır və imicini formalaşdırır.

“Ona görə onlar tədricən müəyyən şeylərin aradan qalxmasında maraqlı olmalıdırlar. Düzdür, “Onun yarısı”, “Toy olsun” tipli verlişlər var ki, tənqidlər də elə bunlara yönəlib.
Ümumiyyətlə dünyada bir sıra müqəddəs işlər var ki, onlardan biri də evlənməkdir. Amma onu bu şəkildə bayağı, lağ-lağı edib, gülünc vəziyyətə gətirib çıxardanda, istər-istərməz insanlar həmin televiziyanın simasına baxıb gülür”.

Komitə sədri vurğulayıb ki, sonda telekanallar o həddə gətirib çıxardacaqlar ki, Türkiyədə olduğu kimi onların verilişlərinə məhdudiyyətlərin qoyulması məsələsi qəbul olunacaq.

“Türkiyədə qaydalar var ki, bir gün telekanalın həmin verilişi verməsinə qadağalar qoyulur. Sonda bizim də telekanallarımız o həddə gətirəcəklər ki, biz bunu edək. Əgər belə getsə, istər-istəməz cəmiyyət də tələb edirsə, ictimai rəy onsuz da mövcuddur və belə bir şey hazırlansa, parlament belə bir qərar versə, Teleradio Şurasına belə bir səlahiyyət verilsə, heç kim heç nə deməyəcək. Hamı deyəcək ki, çox gözəl, yəni “demokratiya pozuldu” söhbəti olmayacaq”.

Telekanallara artıq ictimai təzyiqin olduğunu deyən millət vəkili bildirib ki, onlar artıq bu təzyiqi hiss etməlidirlər.

“Mən demirəm o tipli verilişlər olmasın. Dünyanın hər yerində bütün televiziyalarda istirahət üçün, beyinin dincəlməsi üçün yüngül verilişlər olur. Amma bu yüngül verilişlər də insan həyatının yüngül məqamlarına təsir etməlidir. Yoxsa daha hər şeyi lağ-lağı etmək olmaz axı! “Mən nə istəyirəm edəcəm, təki sən güləsən” və ya “diqqətin məndə olsun” fikirləri yanlışdır. Meymun oynatmırıq ki?!
Bununla bağlı mürəkkəb ziddiyət var. Ancaq elə bilirəm ki, bunların xeyli təsirləri var. Bundan artıq da təzyiq göstərmək olmaz, gərək dərk etsinlər, başa düşsünlər”.

Hazırda telekanalların 5-10 il öncə ilə müqayisədə həm maddi cəhətdən özlərini formalaşdırdıqlarını, həm də verilişlər siyasəti baxımından imkanlarının çox olduğunu vurğulayan Nizami Cəfərov bildirib ki, televiziya və radiolara bir az sərt münasibət göstərmək olar.

“Amma onların bağlanması və ya ümumiyyətlə Azərbaycan teleradio məkanın daraldılması fikirləri yığışdırılır.
Odur ki indi daha sərt qərarlar vermək olar. O da Teleradio Şurasının işidir, gərək hərdənbir hörmətli Nuşirəvan müəllim qılıncını sıyıra, yoxsa problemlər daha çox ola bilər” - deyə millət vəkili vurğulayıb.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!