Modern.az

Kəramət Böyükçölün “Çöl”ü…

Kəramət Böyükçölün “Çöl”ü…

Aktual

9 Aprel 2012, 11:58

Hələ orta məktəbdə oxuyanda özümə cürbəcür təxəllüslər seçərdim. Özü də bu təxəllüslər havadan götürülmür, konkret olaraq xarakterimə bağlı olardı. Belə təxəllüslərdən biri də “Səhrayi” idi. İndi hər kəsin Azər Həsrət kimi tanıdığı mən, həmin təxəllüslə çıxış etsəydim Azər Səhrayi olacaqdım. Və bu təxəllüs də yeganə deyildi. Ondan öncə də təxəllüsüm vardı, sonra da oldu. Ancaq sözüm onda deyil…

Bugünlərdə gənc yazar Kəramət Böyükçölün “Çöl” romanını oxudum. “Səhrayi” təxəllüsümü nəzərə alsaq, bu romana nə üçün maraq göstərdiyim bəlli olar. Mənim sonsuz ənginliklərə, çöllərə, səhralara özəl bir sevgim var. “Çöl” romanı da bu baxımdan diqqətimi cəlb edirdi.

Gənc ədibin ilk romanı olan “Çöl” tərəkəmə məişəti və tərəkəmə yaşam tərzindən törəyib gəlməkdədir. Romanda diqqətimi ən çox çəkən məqam burada hətta mənim belə anlamağa borclu ikən anlamadığım yerli sözlərin bolluğudur. Bunlar qədim-qayım türk sözləridir ki, romanın əsas qəhrəmanı olan çobanların uşaqları belə həmin sözləri bir alimdən daha yaxşı tələffüz edir və qoruyur. Düzdür, onların məqsədi heç də rəsmən nəyisə qorumaq deyil. Ancaq adamlar əməlli-başlı dilin keçikçiləridirlər.

Romanda maraqlı məqamlardan biri də bu sadə insanların məişəti, nəsildən nəslə ötürülən və ayaqda qalmağı bacaran adət-ənənədir. Roman, mənim fikrimcə, bu məsələyə yetərincə güzgü tuta bilib.

Təsvir edilən tərəkəmə toplumunda yazıb-oxumağı bacaran demək olar ki, yoxdur. İnsanlar safdır, dürüstdür, tez aldanandır. Burada hətta ilahi eşq də ara-sıra özünü göstərir. Həm də çox qabarıq şəkildə.

Kəramət Böyükçölün bu romanı sarkazmdan da məhrum deyil. Biz burada məşhur dastan qəhrəmanımız Koroğlunu və onun ən məşhur dəlilərini, Çənlibelin özünü belə görürük. Ancaq bir fərqlə: indiki Koroğlu o Koroğlu deyil. Bu Koroğlu öz qədim prototipi kimi İstanbula, Təbrizə, Dərbəndə səfər etmir. Bizim zəmanənin Koroğlusu “Urusyetə” səfər edir və hətta orda “Çənlibel” adında supermarket açır. Yaxud da Vaşinqtona səfər edib prezident Puşla (Buş nəzərdə tutulur – A.H.) görüşür. Hətta onlar İraq məsələsini də müzakirə edirlər. Zamanın tələblərinə uyğun olaraq başqa məsələləri də öz aralarında dartışırlar…

Roman bir çox unudulmuş sözlərin xatırlanması və canlı tutulması baxımından, hətta deyərdim ki, ensiklopedik dəyərə malikdir. Qeyd etdim axı, mənim belə anlamağa borclu ikən anlamadığım sözlərlə zəngindir “Çöl”.

Qarabağ savaşı da var romanda. Olduqca gerçəkçi bir dillə təsvir edilib olaylar. Kitabı oxuyarkən hətta bəzən məndə belə təsəvvür yaranırdı ki, yazarın özü həmin olayların içində olub və gördüklərini qələmə alıb. Acı həqiqətlərlə doludur “Çöl”.

Kitabda qanadlı ifadələr, alışılmamış ifadə tərzi çox ustalıqla istifadə edilib. Örnək üçün, “Burda istəyirəm, bir qoyun qırxılıb qurtaran vaxt qədər keçim başqa mətləbə”. Yaxud da, “Döyüş qovurma hazır olan vaxt qədər davam edir”. Bunlar müəllifin zaman ölçümü tapıntılarıdır.

“Mədəniyyət” məsələsi də var romanda: “Tüyşənin yeri oldu-olmadı əmmək üçün sürüyə cumması etikadan kənardır. Qoyunlar bunu mədəniyyətsizlik kimi qəbul edir”.

Romanın dili sadə və axıcıdır. Oxuduqca oxumaq istəyirsən. Hətta təsvir edilən olaylar oxucunu öz ardınca elə çəkib aparır ki, kitabdan ayrılmaq istəmirsən.

Bununla belə “Çöl”ün bəyənmədiyimiz bir yönü də var. Burada vulqar ifadələrdən istifadə edilib. Özü də çox istifadə edilib. Bizcə, bu ifadələrin çoxluğu romanı dəyərdən və peşəkar oxucuların gözündən salır. Ona görə də yazarın bir sonrakı nəşrdə “Çöl”ün bu problemini aradan qaldırması faydalı olardı. Ümid edirəm ki, bunu da bir dost tənqidi kimi qəbul edər gənc yazar Kəramət Böyükçöl.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır