Modern.az

Gürcüstanda azərbaycanlıdan bəhs edən "Xüsusi təyinatlı" kitabın təqdimatı olub

Gürcüstanda azərbaycanlıdan bəhs edən "Xüsusi təyinatlı" kitabın təqdimatı olub

10 Aprel 2012, 14:53

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə Gürcüstanın Marneuli şəhərində "Azərbaycan Bayrağı" Ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı  İbad Hüseynov haqqında bəhs edən “Xüsusi təyinatlı” kitabın və “Kəşfiyyatçı” filminin təqdimatı keçirilib.

Təqdimatda çıxış edən millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun  rəhbəri Qənirə Paşayeva İbad Hüseynovun Vətən qarşısında xidmətlərindən söz açaraq, sözügedən filmdə və təqdim olunan kitabda bu xidmətlərdən bəhs olunduğunu, onun xidmətlərinin, qəhrəmanlığının hələ neçə əsərə mövzu olacağına inandığını bildirib. İbad Hüseynovun xidmətlərinin dövlət və xalq tərəfindən yüksək qiymətləndirildiyini vurğulayan millət Qənirə Paşayeva İbad Hüseynovu gənclərə örnək qəhrəmanlardan biri olduğunu deyib. Bu cür təqdimatların keçirilməsinin vacibliyinə toxunan Qənirə Paşayeva vətəndaşları, özəlliklə, yeniyetmə və gənclərin öz qəhrəmanlarını tanımasının vacibliyini qeyd edib.  “Biz bu cür cəsur və vətəninə bağlı olan qəhrəmanlarımızla fəxr etməliyik və onlar bizim üçün nümünə olmalıdır,” – deyə millət vəkili əlavə edib.

Tədbirdə iştirak edən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov və digər tədbir iştirakçıları öz çıxışlarında İbad Hüseynovun tək Azərbaycanda deyil, o cümlədən Gürcüstanda və ümumilikdə, bütün dünyada yaşayan azərbaycanlılar üçün gözəl bir örnək olduğunu və bu cür qəhrəmanların böyüyən gənclik arasında təbliğinin vacibliyini qeyd ediblər.
Film nümayiş olunduqdan sonra tədbir iştirakçılarına Sahib Şirinovun müəllifi olduğu və millət vəkili Qənirə Paşayevanın “ön söz” yazdığı “Xüsusi təyinatlı” adlı kitab və  “Kəşfiyyatçı”filminin diskləri təqdim olunub. Qeyd edək ki, kitab və disklər məktəblərə və ictimai təşkilatlara təqdim olunaraq orada nümayiş olunacaq.


Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir