Modern.az

Niyazi adına Simfonik Orkestrinin 80 illik yubileyi qeyd olunub

Niyazi adına Simfonik Orkestrinin 80 illik yubileyi qeyd olunub

10 Aprel 2012, 14:40

M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestrinin 80 illik yubileyi keçirilib. Tədbiri Xalq artisti, professor Zəhra Quliyeva açaraq Azərbaycan Televiza və Radiosunun tarixindən danışıb. Daha sonra Simfonik orkestrin tarixi yoluna bir nəzər salan Z.Quliyeva bildirib ki, Simfonik orkestr 1932-ci ildə Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin təşəbbüsü ilə Azərbaycan Dövlət Radio Komitəsinin nəzdində yaradılıb.

Zəhra xanım Simfonik orkestrin ilk bədii rəhbəri və baş dirijorunun Aleksand Semyonoviç Şvartsın olduğunu xatırladıb. O. Üzeyir Hacıbəyovun dəvəti ilə Avstriya dirijoru Otto Ştrasserin də bir neçə il bu kollektivdə çalışdığından da söz açıb. 1941-ci ildən orkestrin bədii rəhbəri və baş dirijoru Əşrəf Həsənov, ikinci dirijoru Çingiz Həsənov olub. Sonrakı illərdə orkestrə bədii rəhbərliyi xalq artisti Ramiz Məlik-Aslanov, əməkdar  incəsənət xadimi İsmayıl Hacıyev və əməkdar incəsənət xadimi Yaşar İmanov həyata keçirib.
Orkestrin repertuarı Azərbaycan və dünya bəstəkarlarının müxtəlif əsərləri ilə zəngindir. 1945-46-cı illərdə isə dahi bəstəkar Üzeyir Hacıbəyovun məşhur “Arşın mal alan” operettası məhz bu orkestrlə ifa olunub. Müxtəlif dönəmlərdə orkestrin solistləri arasında Bülbül, Şövkət Məmmədova, Rəşid Behbudov, Firəngiz Əhmədova, Sona Aslanova, Lütfiyar İmanov, Mobil Əhmədov, Ağakərim Əliyev, Böyükağa Sadıqbəyov, Məmməd Orucov, Yaqub Hacıyev kimi tanınmış sənətkarlar olub.
Sonra səhnəyə xalq artisti Ramiz Məlik-Aslanov dəvət olunub. O, Simfonik orkestrə yeni bir musiqi hədiyyə edib, bildirib ki, bu musiqini məhz Simfonik orkesrt üçün hazırlayıb və onların repertuarına əlavə ediləcək.

Yubiley gecəsində Azər Zeynalov, Gülnaz İsmayılova, Güllü Muradova, Ramil Qasımov, İlahə Əfəndiyeva da çıxış edib. Hazırda orkestrin bədii rəhbəri və baş dirijoru əməkdar incəsənət xadimi Azad Əliyevdir. Həmçinin indi orkestrə yeni solistlər – İlahə Əfəndiyeva, Gülnaz İsmayılova, Əvəz Abdullayev cəlb olunublar. Orkestr azərbaycan Teleradiosunun Cahangir Cahangirov adına xoru ilə birlikdə yeni repertuar üzərində işləyir.

Könül Səid  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir