Modern.az

İtalyanları təəccübləndirən azərbaycanlı: "Onlar azərbaycanlıdan belə ifa gözləmirdilər" - MÜSAHİBƏ

İtalyanları təəccübləndirən azərbaycanlı: "Onlar azərbaycanlıdan belə ifa gözləmirdilər" - MÜSAHİBƏ

11 Aprel 2012, 14:42

Modern.az saytı dünyaca məşhur italyan müğənni Robertino Loretti ilə bir səhnəni bölüşən gənc vokalçı Emin Eminzadə ilə müsahibəni təqdim edir.

- Məşhur italyan müğənnisi Robertino Lorettinin tələbəsi kimi taninan Emin Eminzadə necə oldu vokal sənətini seçdi?

- Uşaqlıqdan mənim bu sənətə böyük sevgim var. Ümumiyyətlə, mən on yaşımdan professional olaraq vokalla məşğul olmağa başlamışam. İndiyə kimi müxtəlif tədbirlərdə, müxtəlif festivallarda iştirak etmişəm. Hələ uşaqikən evdə mən valideynlərimə deyərdim ki, fortopianoya getmək istəyirəm. Sözün düzün desəm, atam-anam mənə o zaman ciddi fikir vermirdilər. Amma müəyyən vaxtdan sonra gördülər ki, bu sənətə güclü marağım var. Ondan sonra valideynlərim mənimlə razılaşmalı oldular. O gündən etibarən başladım musiqi təhsili almağa.

- Emin, bu sənəti seçərkən validenylərin, yaxınların səni başqa istiqamətə yönəltməyə çalışmırdılar ki?

-  Ailəm tərəfindən mənə tez-tez təklif olunurdu ki, həkimliyi seçim.Amma mənim həkimliyə heç həvəsim yoxdur. Təbii olaraq musiqidən başqa özümə ikinci sənət də seçəcəm. Çox istərdim ki, ikinci sənətim bexnəlxalq əlaqələr üzrə olsun.

- İlk səhnə çıxışını necə xatırlayırsan?

- İlk səhnə çıxışım heç vaxt yadımdan çıxmaz. 2009-cu il idi. Yeni il bayramına görə Azərbaycan Dövlət Uşaq Flarmoniyasında tədbir keçirilirdi. Mən həmin tədbirdə bir duet, bir də Bakı haqqında mahnı oxudum. Sözün açığı ilk dəfə səhnəyə çıxanda çox həyəcanlıydım. Səhnədə yüzlərlə insanın önündə oxumaq mənim üçün çətin idi. Bundan sonra bir neçə dəfə səhnəyə çıxdım. Artıq səhnə mənə çox doğmadır. Özümü səhnədə, insanların önündə xoşbəxt hiss edirəm. Lakin mən bundan sonrakı fəaliyyətimdə professional olaraq musiqini dərindən öyrənmək istəyirəm. Çox istərdim ki, Musiqi Akademiyasına daxil olum, orada təhsil alım. Lakin mənə doğma olan Italiyada da təhsilimi davam etdirmək istəyirəm. Özünüz bilirsiniz ki, ən gözəl musiqi italyan musiqisidir.

- Nə üçün milli musiqimizi deyil, Avropa musiqisini seçdin?

- Bizim milli musiqimiz, milli ladlarımız mənim çox xoşuma gəlir. Amma Avropa musiqisinə marağın tam başqadır. Bir neçə dildə mahnılar oxumağı sevirəm. Mən özümü daha çox bu janrda, bu tərzdə görürəm. Bu baxımdan İtalyan musiqisini çox sevirəm. Hər halda Azərbaycan musiqisini eşidəndə adamda bir doğmalıq yaranır. Çalışıram Azərbaycan mahnılarını tərzimə uyğun şəkildə ifa edim. Tərzim Avropasayağı olsa da, xalq mahnılarımızı da ifa etməyi sevirəm. Müslüm Maqomayev mənim  kumirimdir. Rəşid Behbudovu çox sevirəm. Polad Bülbüloğlu, Azər Zeynalovun ifalarını sevərək dinləyirəm. Mən sənəti bu insanlardan öyrənməyə çalışıram.

- Sən daha çox İtaliya səfərinlə məşhurlaşdın. Hamı səni Lorettinin tələbəsi kimi tanıyır. Necə oldu ki, sən çox gənc yaşında İtaliya səhnəsinə çıxa bildin?

- Keçən il fevral ayının 13-də Robertino Lorettinin Bakıda konserti olmuşdu. Bu konsertdə istəyirdilər ki, Azərbaycandan 13-14 yaşında bir uşaq onunla ifa etsin. Bunun üçün uşaqlar arasında seçim aparılırdı. Belə oldu ki, mən getdim seçimdə “Jamayka” mahnısını oxudum və ifamı çox bəyəndilər. Sonra qərar verdilər ki, “O solo mia” mahnısını Loretti ilə duet oxuyum. Bu mənim həyatda duyduğum ən şad xəbər idi. Dünyaca məşhur bir insanla eyni səhnəni paylaşmaq mənim üçün unudulmaz ana çevrildi. Biz Heydər Əliyev Sarayında Loretti ilə duet ifa etdikdən sonra səhnədə böyük anşılaq yaşandı. Mənim ifam Lorettinin xoşuna gəldi. Lorette iki aydan sonra internet vasitəsi ilə məni Romada keçirilən konsertə dəvət elədi. Sözün açığı mən belə bir təklifi gözləmirdim. Dəvəti qəbul edərək Romaya getdim. Roma şəhərində möhtəşəm festival keçirildi. Orda artıq 20 laureatlığa namizəd var idi ki, onlardan 3 nəfəri laureat oldu. Daha sonra festivalın qala konserti keçirildi. Mən konsertdə “Jamayka” mahnısını ifa etdim. Minlərlə tamaşaçı ifamı alqışladı. O anlarda bir daha xoşbəxt oldum.

- Emin, gənc yaşında qazandığın böyük uğurlara görə kimə borclusan?

- Məryəm Babayeva mənim müəlliməmdir. Qazandığın uğurlarda valideynlərimlə yanaşı, müəlliməmin də çox boyük əməyi olub. İlk növbədə mənə dəstək olan insanlara minnətdaram. Mənim hər bir işimdə valideynlərim həmişə yanımda olublar, dəstək veriblər. Məktəbdə də dostlarım mənə dəstək olurlar. Sinif yoldaşlarım da uğurlarıma sevinirlər, məni çox istəyirlər. İnanıram ki, tanınmağım yaşıdlarım arasında heç də qısqanclıq yaratmır. Deyim ki, hazırda Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin musiqi məktəbində təhsil alıram. Həmçinin Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solistiyəm.

- Hazırda Loretti ilə əlaqələriniz varmı?

- Bəli, bizim Loretti ilə yaxın əlaqələrimiz var. Tez-tez biz telefonla danışırıq. Ümumiyyətlə, Lorettinin ailəsi ilə bizim çox səmimi yaxınlığımız var. Ən böyük arzum Milandakı La-Skala teatrında oxumaqdır. Çox istərdim təhsilimi orda davam etdirim. Bundan sonra hələlik deməyim, yeni fərqli mahnılar yazdıraraq tamaşaçılarımıza təqdim edəcəyik.






 


Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir