Modern.az

Toylar kraliçası Samirə Yusifqızı: «Oqtayla duetdən sonra toylara baha gedirəm” - MÜSAHİBƏ

Toylar kraliçası Samirə Yusifqızı: «Oqtayla duetdən sonra toylara baha gedirəm” - MÜSAHİBƏ

11 Aprel 2012, 11:07

«Mübahisə» rubrikasının üçüncü qonağı «Toylar kraliçası» musiqi yarışmasının qalibi, son vaxtlar dediyi meyxanalarla gündəmə gəlməyi bacaran Samirə Yusifqızıdır.

-  İnsanlar sizi müğənni kimi tanıdılar. Hətta «Toylar kraliçası» yarışmasının qalibi də oldunuz. İndi isə meyxanaçı kimi məşhursunuz…

- İllərlə əziyyət çəkdim, müsabiqədə millətə o cür mahnılar ifa elədim, qəbul etmədilər. Amma meyxananı qəbul elədilər. Mənə də camaatın istəyi lazımdır. Çünki onlar üçün işləyirəm. İnsanlara nə xoşdursa, onu da oxuyuram.

- Sabah insanlara rep xoş gəlsə, rep də deyəcəksiniz?

- Niyə də yox?!

- Sizcə publikanın arxasınca bu qədər getmək doğrudur?

- Bəli. Biz camaat üçün işləyirik, pulumuz onlardan çıxır.

- Daha səviyyəli mahnılar oxumaq olmazdımı?

- Yox. Bu saat səviyyəli musiqilərə qiymət verən yoxdur. İki-üç nəfər dərin musiqini anlayır ki, onlarla da iş həll olunmur.

- Deməli, məsələnin maddiyyat tərəfi də var…

- Əlbəttə var. Başqa sənətim yoxdur ki, ordan qazanım. Ona görə də meyxana deməyə məcburam. Axı bu həm də mənim istedadımdır. Niyə onu camaata verməyim?

-  Əgər istedadınız var idisə. «Toylar kraliçası»na deyil, «De, gəlsin» meyxana yarışına qatılardınız…

- Qatılmışdım. Hətta iki tur keçdim də. Sadəcə, sonra imtina elədim. Çünki həmin vaxt «Toylar kraliçası» yarışması da başladığından ikisi bir arada alınmırdı.

-  İndi toylara müğənni kimi getmirsiniz?

- Gedirəm. Həm müğənni, həm də meyxanaçı kimi.

- Yəqin ki, tərəf müqabiliniz daha çox Oqtay Kamil olur...

- Oqtay Kamil, Mehman Əhmədli, Xəyyam…

- Amma duet olaraq Oqtayla daha çox yadda qaldınız…

- Əlbəttə. Bizə tələbat çoxdur.

- Yəqin ki, son vaxtlar toy qiymətlərinizdə də dəyişiklik eləmisiniz…

- Çox dəyişiklik eləmişəm.

- Məsələn?

- Açıqlamaq istəmirəm. Artım var.

- Yəni?

- Əslində mən «Toylar kraliçası» yarışmasından sonra toy qiymətimi qaldırmışdım. İndi Oqtayla yarım saatı hərəmizə 500 manat qonorar tələb edirik.

- Bayaq bildirdiniz ki, biz camaat üçün işləyirik. Əgər camaat üçün işləyirsinizsə, qısa müddətdə bu qədər qiymət artımı niyə oldu?

- Biz  çox qaldırmamışıq. Qiymətimiz digər meyxana deyənlərdən aşağıdır.

- O birilər neçəyə gedirlər ki?

- 1000-2000 arasında dəyişir qiymətləri.

- Amma Oqtay da o biri meyxana deyənlərdən deyil axı..

- Oqtay kimi meyxana deyən var?

- Söhbət populyarlıqdan gedir. Qiyməti populyarlıq artırısa…

- Oqtay çox populyardır, sevilir. Onun deyim tərzi, savadı digərlərindən qat-qat artıqdır.

- Çox tərif olmadı ki?

- O daha artığına layiqdir.

- Düşünmürsünüz ki, digər meyxanaçıların xətrinə dəyirsiniz?

- Hamısı dostumuzdur, hamısıyla da deyirəm. Amma mənimçün Oqtayla demək daha ləzzətlidir. Həm səsimiz uyğun gəlir, həm də o «muzıkalni» meyxanaçıdır. Bilirsiniz, ondan əvvəl Vüqarla, Ağamirzəylə də demişdim. Amma insanlar məni Oqtayla qəbul elədilər.

- Belə söhbətlər var ki, sizin efirdə dediyiniz meyxanalar əzbərdir…

- Biz hər gün toylara gedirik, hər gün də camaat üçün meyxana deyirik. Kimin şübhəsi varsa, «Youtube»a girib 1996-cı ildə toylarda dediyim meyxanalara qulaq asa bilər.

- Meyxanaçılar çevrəsi kişilərdən ibarət olur. Siz isə xanımsınız. Çətin deyil onlarla ünsiyyət, dil tapmaq?

- Əziyyət-zad deyil. Onların içində mən də özümü kişi kimi sayıram.

- Nə yenilik var?

- Bu yaxınlarda Oqtayla ciddi mövzuda yaxşı bir mahnımız olacaq. Amma indidən hər şeyi açıqlamaq istəmirəm.

- Qayıdaq yenidən qiymət məsələsinə. Toy qiymətlərini qaldıranda bu müştərilərin narazılığına səbəb oldu? Məsələn kimsə ötən il sizi böyük oğlunun toyuna filan qiymətə çağırıb, indi isə fərqli bir qiymət «oxuyursunuz». Yəni bu mənada narazılıq olub?

- Mən elə şeyləri nəzərə alıram. İnsanlar var ki, illərdir məclislərini oxuyuram və bu artımın həmin insanlara dəxli yoxdur. Bəzi toylara isə havayı gedirəm.

- Hətta? Yəni Azərbaycanda elə bir müğənni varmı ki, pulsuz toya getsin?

- Olur. Televiziya işçilərinin, kasıb insanların məclislərinə pulsuz edirik.

- ANS və bəzi hallarda da “Space” istisna olmaqla digər telekanallarda o qədər görünmürsünüz. Hansısa qadağa var?

- Yox. Sadəcə efirlər pulludur. Mən də pul verib efirə çıxmaq istəmirəm.

- Yayılan disklərdən gəlir ötürdünüz?

- Xeyr. Piratlar imkan vermədilər.

- Hiss edirsinizsə, «Toylar kralı» və «Toylar kraliçası» yarışmasının lap zayı çıxıb…

- Düzünü deyim ki, toylarda çox olduğumdan son vaxtlar o verilişə baxa bilmirəm.

 - Necə hesab edirsiniz, münsiflər kimlərəsə tərəfeşlik etmirlər ki?

- Bu haqda nəsə deyə bilmərəm.  Amma hamının sənəti göz qabağındadır. Çoxluğun musiqi duyumu, musiqi savadı yoxdur. Nə verirsənsə, onu da yeyirlər. Ona görə də, biz camaatın istədiyi kimi olmağa məcburuq. Eləcə də münsiflər heyəti…

- Əgər camaatın istəyi Üzeyir Mehidzadədirsə, hər kəs elə oxumalıdır?

- Sizə bir söz deyim. Mən bu yaxınlarda İranda oldum və burda görmədiyim münasibəti, istiliyi orda gördüm.

- Konsertə getmişdiniz?

- Yox, Oqtayla toya getmişdik. Bu faktdır ki, bizi hər yerdə sevirlər. Əgər nəyisə millətin böyük əksəriyyəti bəyənirsə, deməli bu yaxşıdır da.

- Deyirsiniz ki, burda görmədiyim istiliyi orda gördüm. Amma sizi də siz eliyən bu millətdir axı… Niyə narazısınız?

- Mən demirəm ki, burda bizi sevmirlər. Sadəcə İranda bizi burdakından daha çox sevirlər. Ordakı kimisini burda görməmişəm. İranda elə bil mitinq idi.

- Yəqin ki, artıq Rusiyaya və digər ölkələrə də dəvət alırsınız.

- Bəli dəvətlər var. İnşallah iki günə xarici səfərə çıxırıq.

- Hara?

- Fransa, Almaniya, Hollandiya…

- Toydur?

- Xeyr. Ordakı Azərbayan cəmiyyətlərinin dəvətidir.

 - Bu meyxananın uğurudur?

- Əlbəttə. Sevinirəm ki, meyxanaya yenilik gətirdim. Yeni ruh gətirdim.

- Bu iddiadır?

- Bunu həm belə deyirlər, həm də mən iddialıyam.

- Sizdən əvvəl qadın meyxanaçı olmayıb?

- Olub.

- Olubsa, sizin meyxana deməyinizin nəyi yenilikdir ki?

- Sadəcə sovet vaxtı olduğundan meyxana bu qədər inkişaf eləməmişdi, pis baxırdılar, qəbul eləmirdilər. Ona görə həmin xanım da sənətini inkişafı etdirə bilmədi.

- Kim idi o?

 - Saraylı Xanımana. Bu yaxınlarda ANS-ə dəvət eləmişdilər onu.

- Bəlkə Xanımanayla bir duet yazdırasınız? Bax bu yenilik olardı.

- O yaşlaşıb artıq. Yəni əvvəlki kimi ola bilməz. Əgər qızlardan kimsə deyirsə, gəlsinlər.

Yusuf Yusifbəyli

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı