Modern.az

“Ədəbiyyatdakı intriqalar qadın qeybətinə bənzəyir” – Yaşlı nəsil yazarlar

“Ədəbiyyatdakı intriqalar qadın qeybətinə bənzəyir” – Yaşlı nəsil yazarlar

12 Aprel 2012, 09:01

Ədəbiyyatda intriqalar... Nəyə xidmət edir, səbəb nədir? Bəlkə kimlərsə intriqalar sayəsində ədəbiyyatda özlərinə yer qazanmağa çalışırlar və ya bunu insanları idarə etməyin bir yolu kimi görürlər? Bəziləri intriqa olan yerdə inkişaf da var deyir... Doğrudanmı belədir..?
Modern.az saytının əməkdaşı bir neçə gün öncə eyni suallarla gənc nəslin nümayəndələrinə müraciət etmişdi. İndi isə növbə ədəbiyyatın yaşlı nəsil yazarlarındır.   

Xalq şairi Musa Yaqub
qeyd edib ki, ədəbiyyata intriqa yaraşmır: “Şairlərin, ədəbiyyat adamlarının, yazıçıların, ədəbi aləmdə olan insanların bir-birini ittiham etməsini mən heç cürə qəbul edə bilmirəm. İntriqalar sayəsində ədəbiyyat, əsərlər və inkişaf da gözdən salınır. İntriqa adamın ürəyində olan min cür zərif duyğuları öldürür, ruhu batırır. Bu intriqalardan sonra ülvi duyğular barədə düşünə bilmirsən, elə ancaq intriqayla baş qatırsan. İntriqa tam olaraq yorğunluq gətirir. Əslində də heç kimə xidmət etmir. Bəzən intriqa onu yaradanları da, intriqa obyektini də hövsələdən çıxarır. İntriqa edən nə özünə xeyir verir, nə də bir başqasına. İntriqa elə bir aura yaradır ki, hər iki tərəf burda uduzur.
İntriqa da bir növ şou kimi insanların canına düşüb. Mən  belə düşünürəm ki, intriqalar olduqca, boş və mənasızdır. Əgər intriqa yox bir anlıq rəqabətin olduğunu düşünsək ya da ki, paxıllıq və həsədin olduğunu düşünsək, fərqli bir şeylərin olduğunu görərik. Əgər həsəd varsa, biri o birisinə çatmaq üçün can ata bilər. Bu da inkişafa xeyirdi. Amma paxıllıq olmasın. Paxıllıq insanın ayağından dartmaqdı, amma həsəd isə elə bil bir növ onun əlindən tutmaqdır. Təki bir-birinə həsəd aparan insanlar çox olsun. Rəqabət çoxalsın. Heç kim intriqa ilə yadda qalmaz və inkişaf da edə bilməz”.  

Şair Faiq Balabəyli
intiriqaların ədəbiyyata yorğunluq, ağırlıq və ikrah hissi gətirdiyini düşünür: “Bu əgər intriqa yox, sağlam rəqabət və sağlam iradlardan irəli gələn münasibət olsa idi qazanan ədəbiyyatımız olardı. Təəssüf ki, qazanan ancaq və ancaq bu inrtriqalarla gündəmdə qalmaq istəyənlərdi. Əsəri ilə yadda qala bilməyənlər, intriqaların fövqündə yaddaşlarda qalmaq istəyirlər İntriqalar tərəqqiyə yox, tənəzzülə rəvac verər. İnkişaf intriqada deyil, sağlam rəqabətdə olar. Ümumiyyətlə intriqalardan uzaq olduğuma görə intriqabazlara münasibətim mənfidir”.  

Yazıçı, publisist Hafiz Mirzə
bu mövzuya fərqli bir mövqedən baxır: “İntriqalar, dəyərlərdən aşkar sapınmalar, söyüşmələr, özündən daha məşhurların qəsdən tənqid və ya təhqir olunması, güclü piar istər musiqi, istərsə də ədəbiyyat sənətçiləri üçün tanınmağın, məşhurlaşmanın ən asan yoludur. Musiqiçilər TV-lər və qəzetlər vasitəsilə bundan çox məharətlə istifadə edə bildilər və şou-biznes çiçəkləndi. Yazarlar arasında isə yaraşıqlı, şəhvətli qadınlar və pul xərcləməyi bacaran kişilər çox az olduğu üçün ədəbiyyat maqazin proqramlarının diqqətindən kənar qaldı. Bundan bəzi gənc yazarlar bəhrələnmək istədi və 60-cıları eninə-uzununa sürüməyə çalışdı. Amma bəziləri bir də onda ayıldı ki, nəinki sürüyə bilmirlər, əksinə, özləri onlara pərçim olub arxalarıyca sürünürlər. Bunun ədəbiyyatımıza heç bir faydası olmadı. Əksinə, bəzi cavan və istedadlı yazarlar tükəndilər, yoruldular, bezdilər və kənarda qaldılar. Mən düşünürəm ki, müasir dünyada piar hər bir sənətçiyə lazımdır və bu ədəbiyyatın inkişafına xidmət edə bilər. Lakin ədalətli, mərdanə, kişiyana piardan söhbət gedir. Oxucu haqqında çox danışılan yazara maraq göstərir və onu oxumağa çalışır.
Təəssüf ki, bu sahə hələ sıfır səviyyəsindən yenicə qurtulub. O da hələ məlum deyil ki, doğru məcraya yönələcək, yoxsa şou-biznesdən daha betər olacaq. Bunu ədəbiyyatşünasların, tənqidçilərin, nəşriyyatların etməsi daha düzgün olardı. Amma təəssüf ki, iqtisadi keçid dövrünün ədəbi-tənqidçiləri və mahir ədəbiyyatşünas alimləri yetişmədi. Ortada fırlanan 5-6 tənqidçi isə daha çox redaktor, ön söz yazan və ya məddah kimi tanınırlar. TV-lər isə sanki öz aralarında söyüş qoyublar ki, heç biri ədəbiyyata diqqət və qayğı göstərməsin. Dövlət qayğısı isə ipə-sapa yatanlara təqaüd kəsib dillərini qısaltmaqdan ibarətdir. Nə vaxtsa millət hər şeydən bezib ciddi sənətə maraq göstərəcək. O vaxt ortaya çıxartmalı dəyərli yazarlarımız olacaqmı? Bax buna tam dəqiq hökm vermək olmur”.  

Yazıçı Seyran Səxavət
də bu mövzu ilə bağlı öz fikirlərini bölüşdü və intriqalardan çox uzaq bir insan olduğunu söylədi: “İntriqalar ədəbiyyata nə yorğunluq, nə də ki, ağırlıq gətirir. Bunların hamısı bir görüntüdür və ədəbiyyata hec bir aidiyyatı yoxdur. Əslində bizə elə gəlir ki, intriqalar  ədəbiyyata aiddir, reallıqda isə bu belə deyil. İntriqaların böyük ədəbiyyata heç bir aidiyyatı yoxdur. Sadəcə ədəbiyyatdan kənar bir yerdə fəaliyyət göstərirlər. İntriqalar heç kimə və heç nəyə xidmət eləmir. Xidmət böyük bir təfəkkürdü, böyük bir anlamdı. Özləri özlərini yada salmaq üçün, gündəmdə qalmaq üçün intriqa yaradırlar. Bu da heç kim, heç nəyə xidmət edə bilməz.
Kimlərsə kimlərinsə əsəbi ilə oynayır bu intriqların sayəsində. Həm də intriqlar heç bir yüksəlişə kömək edə bilməz və burda uduş yoxdur. Mən belə intriqaları qəbul eləmirəm və intriqa heç bir zaman ədəbiyyata xidmət edə bilməz. İntriqa boş bir şeydir, o ədəbiyyatı nə irəli, nə də geri apara bilər. İntriqa bir növ qadın qeybətinə bənzəyir. Mən heç bir intriqalara qarışmıram və sadəcə öz yaradıcılığımla məşğulam. Kim kimi idarə edir ya etmir bunu bilmirəm. Oxucuları da kimsə idarə edə bilməz. Həm də intriqantlar da kimsəni iradə edə bilməz”.

Könül Səid  
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi