Modern.az

Bir ana var idi...

Bir ana var idi...

Mədəni̇yyət

12 Aprel 2012, 08:56

Zöhrə Fərəcova

Bir ana var idi. Baxanda deyirdin dünyada bundan bəxtəvəri yoxdur. Güləndə gözlərindən gülürdü. Gəncliyindən belə imiş. Danışdıqlarının hansının həqiqət, hansının zarafat olduğunu özündən başqa bilən olmazdı. Artıq nəvələri olan tay-tuşları bu yaşlarında da onun dilinə düşməkdən çəkinərdilər. Yanında yorğunluqdan, xəstəlikdən şikayətlənməyə isə heç ürək eləməzdilər. Özünün ildə, ayda bir dəfə qripi, soyuqdəyməsi olanda da, xəstələndiyini kimsə boynuna qoya bilməzdi. Hər zamankı kimi işində-gücündə, danışıb-gülməyindəydi.
   Doqquz uşaq anası idi. Özü ilə boya-boy qızları vardı. Üçünü gəlin köçürmüşdü. Oğlanlarından ikisi Rusiyanın şəhərlərində sovet ordusu sıralarında hərbi xidmətlərini başa vurub sağ-salamat evə qayıtmışdılar. Onların söhbətlərinə heyran-heyran qulaq asırdı. 
   Özünün gördüyü ən uzaq yer kəndimizdən yarım saatlıq məsafədə yerləşən rayon mərkəzi idi. Oranı da üç-dörd uşaq anası olandan sonra tanımışdı. 
   Yayının qora bişirən istisindən, qışının əllərini cadar-cadar edən sazağından narazılıq eləmədiyi bu Aran kəndi onun hər şeyi - beşiyi, seyrəngahı, iş yeri, istirahət ocağı idi, öləndə də məzarı olacaqdı. O zamanadək uşaqlarını yerbəyer eləməli, nəvələr, qismət olsa, nəticələr görməli, onların da qayğısını çəkməliydi. Gələcək planları bundan ibarət idi. 
  Bu kəndin hüdudlarını aşan tək bircə arzusu vardı. İstəyirdi dünyanın heç yerində güllə açılmasın, bomba səsi eşidilməsin. Hər gün duasını belə bitirirdi: “İlahi, dünyamızda əmin-amanlıq elə!”. 
  Dağlıq Qarabağda ermənilərin yenə qan-qada törətməyə başladıqlarını  eşitdiyi gündən orda yaşayan günahsız insanların sağ-salamat qalması, düşmənin insafa gəlməsi, tezliklə davaya son qoyulması üçün də dua eləyirdi. 
   Amma onun üçün Dağlıq Qarabağda müharibə ikinci oğlu Taryelin könüllülər batalyonunun döyüşçüsü kimi ora getdiyi gündən başladı. 
   Hələ Qarabağdan bu kəndə əsgər tabutu gəlməmişdi. Hələ şəhid dərdi bu kəndə ayaq açmamışdı. Ancaq ana ürəyi bir an belə rahatlıq tapmırdı. Taryel sanki onun gülüşünü, dizlərinin taqətini aparmışdı. İlk dəfə yorğunluğun nə olduğunu bilirdi. Bir az iş görən kimi heydən düşürdü. Tay-tuşlarına deyirdi: “Heç bir iş görə bilmirəm, qollarım yox, ürəyim yorulur”. 
   Taryel bu kənddən Qarabağa döyüşməyə gedən ilk döyüşçü idi. Həmkəndlilərinin qarşıladığı ilk şəhid tabutu da onun oldu. Oğul dərdini yorğun ürəyi ilə qarşıladı ana. Bəlkə də şəvə kimi qara saçlarına o gün – Taryelin tabunu qucaqlayıb nalə çəkdiyi gün dən düşdü. 
   Sonra bu kəndə Əlhəmin, Kərəmin, Taryelin doğmaca əmisi oğlu Zərbalının tabutu gəldi. Taryelin anası gələn hər şəhid cənazəsi ilə birlikdə sanki oğlunu yenidən itirirdi. 
   Ürəyinin yorğunluğu bütün vücuduna yayılmağa başladı. Gündən-günə geri gedirdi. Əhvalını soruşanlara and-aman eləyirdi: “Vallah heç yerim ağrımır, mənim ürəyim yorulub”, deyirdi. Xəstəxanaya getməkdən boyun qaçırırdı: “Taryel kimi oğlu torpağa verib canımı düşünəcəyəm?!”. Uşaqları yalvarır, əri acıqlanırdı. Hərə bir tərəfdən danlayıb həkimə yola salırdılar. 
   Əri əvvəl onu bir xəstəxanaya apardı. Xeyli iynə-dərmanla geri qayıtdılar. Onları qəbul eləsə də, irəli getmək əvəzinə geri gedirdi. Sonra başqa bir həkimə getdilər. Yenə özü demiş “bir qucaq iynə-dərmanla” gəldilər. Çox keçmədi ki, başqa xəstəxanalara, həkimlərə də üz tutdular. Hərə bir soz dedi, hərə bir cür resept yazdı. Özü deyirdi dərdini: “Məni yalandan xəstəxanalar gəzdirib, iynə ilə bədənimi dəlik-deşik eləməyin. Həkimlər nə biləcəklər axı? Özüm bilirəm dərdimi...”. 
   Yatağa düşdü. Halını soruşmağa bütün el gedirdi. “Ay elim, ay obam, vallah məni Qarabağ dərdi öldürür” deyirdi ana. 
   ...O vaxtlar da, onun ölümündən sonra da bu barədə çox düşündüm. Niyə “Taryelin dərdi ölüdürür məni” yox, “Qarabağın dərdi öldürür məni” deyirdi şəhid anası? Bəlkə ona görə ki, Taryel onun üçün üzünü görmədiyi Qarabağ olmuşdu? O yerlər ki, ana ora heç vaxt getməmişdi. Elə 21 yaşlı Taryel də ilk dəfə əsgər geyimində, əli silahlı qorumağa gedəndə görmüşdü Dağlıq Qarabağı. Nə o yerlərin dilbər guşələrindən feyziyab olmuşdular, nə buz bulaqlarından dadmışdılar. Əgər ermənilər yedikləri çörəyə təpik atmasaydılar, Taryel bəlkə heç o yerlərə ayaq basmayacaqdı. Tay-tuşlarını başına yığıb atasının evindən bir az aralıda onun üçün ayrılmış yurd yerində özünə balaca bir ev tikəcəkdi. El-obadan könlünə yatan bir qız seçəcək, evlənəcəkdi. Atası Rüstəm kişi kimi o da ailəsini qabarı əllərinin zəhmətilə donadıracaqdı. 
   ...Bəlkə də bu kəndin hələ də yaşayan adətlərinə görə idi, oğlunun adını böyüklərin yanında çəkməyə utanırdı ana? Buna görə Taryelin əvəzinə Qarabağ deyirdi? Ya bəlkə kənddə hər gün üz-üzə gəldiyi analardan - şəhid Əlhəmin, şəhid Kərəmin, şəhid Zərbalının analarından utanırdı ki,  fikirləşərlər, tək öz balasını ağlayır? 
   Yalnız o analar üçün deyil, bu kənddə hər kəs üçün Dağlıq Qarabağ həm də şəhid Taryeldir, şəhid Əlhəmdir, şəhid Kərimdir, şəhid Zərbalıdır... O oğullar ki, Vətənin parçalanmasına, düşmənə məğlub olmasına dözmədilər,  Qarabağda döyüşən həmvətənlərinin yanında olmağa can atdılar və canlarından keçdilər. 
   ...Orada - əsirlikdə qalan torpaqlarımızda qədim abidələrimizi ermənilər uçurub-dağıdırlar. Özlərinə saxta tarix yaratmaq üçün bizim tarixi öldürürlər. Burda qaçqın “statusuna” sığınıb çılızlaşan, başqa məzarlıqda torpağa tapşırılacağı qorxusu ilə yaşayan insanlar ölürlər. Yalnız onlarmı? Hələ də Qarabağın və Qarabağ olmuş oğulların dərdindən analar, atalar, bacılar, qardaşlar, sevgililər ölürlər. Heç kim onlara şəhid adı vermək barədə düşünmür. Belə bir qanun da yoxdur. Amma kim deyə bilər ki, onlar da şəhid deyillər?! 

  Zöhrə FƏRƏCOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir