Modern.az

Şahlar Əsgərov: “Mən bu addımı müdafiə edirəm”

Şahlar Əsgərov: “Mən bu addımı müdafiə edirəm”

12 Aprel 2012, 13:40

Modern.az xəbər verir ki, gələn ildən etibarən Azərbaycan ali məktəblərində təhsil alan tələbə eyni zamanda başqa ixtisas üzrə də təhsil alacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, tələbə öz ixtisasına yaxın ixtisas üzrə əlavə təhsil ala bilər. Bunun üçün tələbəyə kənardan fənn götürməyə icazə veriləcək. Bu imkandan yalnız akademik borcu olmayan tələbələr istifadə edəcək. Tələbələr üçün kənardan fənn götürmək ödənişli olacaq. Bu yenilik tələbəyə gələcəkdə əlavə ixtisas kimi yiyələndiyi sahə üzrə də peşə fəaliyyəti ilə məşğul olmaq hüququ verəcək.  Qeyd edək ki, əlavə ixtisas alan tələbəyə diplomdan əlavə xüsusi sertifikat və ya əlavə ixtisas almasını təsdiq edən sənəd veriləcək.

Bəs bu layihə Azərbaycan təhsilinə nə verəcək? Sabiq millət vəkili, professor Şahlar Əsgərov Modern.az-a açıqlamasında bildirib ki,  bu qərar Azərbaycan təhsilin inkişafına müsbət təsir edəcək. “Təhsilimizin inkişafına yaxşı təsir edəcək, yəni bizdə ixtisalaşmalar çox dərinliyinə getmişdi, eninə inkişaf yox idi, bir adam riyaziyatçı idisə, o daha fizik ola bilməzdi”.  
Ş.Əsgərov bildirib ki, bu qərar fizika müəlliminin riyaziyatdan, eləcə də riyaziyyat müəlliminin fizikadan də dərs keçməyinə imkan verəcək. Şahlar Əsgərov “çox yaxşı haldır, mən bunu müdafiə edirəm” deyə bildirib.

Ş. Əsgərov bildirib ki, bu qərar orta məktəblərdə müəllim çatışmazlığı problemini aradan qaldıracaq. “Məktəblərdə müəllim qıtlığı problemi həll olunacaq. Məncə təhsilin də səviyyəsini qaldıracaq” deyə, sabiq millət vəkili vurğulayıb.

 

Sevinc İLTİFATQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!