Modern.az

Tanınmışlar “Xoca” filminə qiymət verdilər: “Onlar başqa mövzudan da çəkə bilərdilər...”

Tanınmışlar “Xoca” filminə qiymət verdilər: “Onlar başqa mövzudan da çəkə bilərdilər...”

12 Aprel 2012, 18:25


Azərbaycan Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyev Modern.az saytına müsahibəsində ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin Xocalı haqqında çəkdiyi “Xoca” filmini tənqid edib, onu aşağı səviyyəli film adlandırıb.

Maraqlıdır, film haqqında digər tanınmışlar nə fikrdədir?

Kinoşunas Cəmil Quliyev səsləndirilən ittihamla razılaşmır: ““Xoca”  filmi çox maraqlı və diqqətəlayiq bir filmdir. Bu filmin çəkilişilə hərbi-vətənpərvərlik, Qarabağ mövzusunda cox vacib və vaxtında addım atılıb. Qarabağ movzusunda bu səpgidə nə qədər çox filmlər çəkilsə, o qədər də bu mövzu təsirli olacaq, yeniyetmələrin, gənclərin tərbiyəsində çox böyuk əhəmiyyət daşıyacaq. Bu noqteyi-nəzərdən “Xoca” filmi çox maraqlıdır. Hesab edirəm ki, bu istiqamətdə “Bakıfilm” studiyası son illərdə cox fərqli filmlər çəkib. “Bakıfilm” studiyasının çəkdiyi “Xoca”,  “Yaddaş”, ”Seçilən” filmləri yeni prizmadan, yeni rakursdan işlənilib. “Xoca” filminin  cox maraqlı montaj, dramaturji quruluşu var, aktyor oyunu da cox yaxşıdır, orada cox istedadlı aktyorlar cəkilib, filmin səs tərtibatı, rejissor, operator işi  alqışalayiqdir”.

Millət vəkili Elman Məmmədov da “Xoca”filmini yüksək qiymətləndirir: “Film çəkilmədən öncə Vahid Mustafeyev məni ssenarini oxumağa dəvət etdi. Ssenari ilə tanış oldum, o dövrdə Xocalının rəhbəri kimi mənim də fikirlərimi soruşdular. Təbii ki, burada  yaradıcı insanların, ssenari müəliflərinin, rejissorların  da yaradıcılıq məhsulları, bədii təxəyyülü var. Umumiyyətlə, filmi yuksək qiymətləndirirəm. Belə filmlərin çəkilişi hər zaman davam etməlidir. Filmi bəyənirəm”.

Kinoşunas Aydın Kazımzadə filmin ad seçimini uğurlu hesab edərək deyir ki, bu filmin ən müsbət cəhətidir.
“Mən o filmi görməmişəm, amma onu deyə bilərəm ki, ”Xoca” adı özu yüksək qiymətləndirilməlidir, çünki Xocalı ildə bir dəfə qeyd olunmalı deyil,  filmi çəkməklə bunu bildiriblər ki, Xocalının adı illər ərzində həmişə xatırlanacaq. Elə filmin adı tamaşaçılara hər şeyi deyir. Filmin içərisində nələr baş verdiyini isə bilmirəm, amma mütləq baxacam.  “Xoca” sözü artıq bütün dünyaya car çəkir ki, Azərbaycanda belə bir hadisə olub. Və bunun da fərqinə varmaq lazımdır. Onlar başqa mövzudan da - narkomaniyadan, Dubaya gedən qadınlardan filmlər  çəkə bilərdilər, amma Azərbaycan xalqının dərdindən çəkiblər. Necə çəkilməyindən asılı olmayaraq, həmin filmi uğurlu hesab edirəm. Ulu öndərimiz, Heydər Əliyevin bir sözu var, tarixi filmləri mütləq çəkmək lazımdır, onun bədii səviyyəsindən  asılı olmayaraq, tarixi filmlər çəkilməlidir”.

Nihadə Eyyubova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?