Modern.az

Rəqsanə və atası...

Rəqsanə və atası...

13 Aprel 2012, 09:37

Rəqsanəyə bir müğənni kimi heç vaxt simpatiyam olmayıb. Bunun bir neçə səbəbi var. Əsas səbəb odur ki, bu xanımın ifa etdiyi mahnılar mənim zövqümü oxşamır. Kənd yerlərində sağıcı və üzümçü işləyən qızlar el şənliklərində Rəqsanədən daha yaxşı oxuyurular. Amma onlar Rəqsanə kimi müğənniliyə iddia etmirlər. Yaxşı olar ki, hər kəs bacardığı işin arxasınca getsin.   Müğənninin sənəti ilə onun şəxsiyyəti vəhdət təşkil etməlidir. Efirə çıxan adam öz hərəkətləri ilə tamaşaçıya nümunə olmalıdır. Mən, bir ay əvvəl ATV-nin ən populyar verilişi olan “Səni axtarıram”ın studiyasında Rəqsanə ilə qarşılaşanda, xeyli təəccübləndim. Arxa cərgədə əyləşmiş bir tamaşaçının qulağıma pıçıldadığı sözlər indiyə kimi yadımdadır: “Əgər Rəqsanə də millətə ağıl öyrədəcəksə, vay bizim halımıza”.

Bu rəy tamaşaçıların Rəqsanəyə olan münasibətini çılpaqlığı ilə ortaya qoyur.   Neçə gündür ki, müxtəlif adamlar mənə bir sualla müraciət edirlər: atası Rəqsanədən niyə imtina etdi? Bəzən elə olur ki, mənim fikrimi öyrənmək istəyən adamlar ağzımı açmağa imkan verməyib, özləri məsələyə münasibət bildirirlər. Son üç gündə bu cür rəyləri çox eşitmişəm: “Onun atasının yerinə mən də olsaydım, Rəqsanə kimi övladdan imtina edərdim”.

İndi mən soruşuram: Rəqsanənin anasının və bacısının adının insan alverində hallanmasında, onun özünün normal ailə həyatı qura bilməməsində günahkar kimdir? Qazancını rus qadınına və onun dünyaya gətirdiyi iki uşağa xərcləyən bir kişinin bu gün kamera qarşısına çıxıb, Rəqsanəni pis övlad kimi təqdim etməyə haqqı varmı?   Kifayət qədər ağır bir mövzuda müzakirə açdığımın fərqindəyəm. Yazının qalan hissəsini jurnalist deyil, bir ata kimi davam etdirmək istəyirəm. Çoxlarımızın evində qız uşağı böyüyür. Mənim qızımın 6 yaşı var. Hər gün iş vaxtının başa çatmasına ən azı bir saat qalmış qızım qardaşının telefonu ilə məni arayıb, evə nə vaxt gələcəyimi soruşur. Evə gedənə kimi bu zəng ən azı üç dəfə təkrarlanır. Evə gedəndə birinci işim marketə girib, qızımın sevdiyi meyvə şirəsini və şkoladı almaq olur. Hətta nahar etməyə pulum olmayanda belə qızımın bu kiçik istəklərini yerinə yetirməyə çalışıram. Bir çoxlarımız məhz bu cür davranırıq...  

Kamera qarşısında göz yaşları axıdanda Rəqsanəyə yazığım gəldi. Hətta bir anlığa bu adama olan antipatiyamı unudub, onunla birlikdə kövrəldim. Rəqsanə heç vaxt atqsından nəsə tələb etməyib. Çünki indi Rostovda böyük biznesi olan bu adam ailəsini atıb gedəndə, Rəqsanənin cəmi 4 yaşı olub. O, həmyaşıdları kimi heç vaxt ata qayğısı ilə əhatə olunmayıb. Sinif yoldaşları atalarının əlindən tutub məktəbə gedəndə, Rəqsanənin gözləri indi onu ittiham edən atasını axtarıb. Atası bircə dəfə onun başına sığal çəkməyib, qışda qızının soyuqdan donan əllərini öz nəfəsi ilə isitməyib. Bu ata öz qızına indiyə kimi bir cüt corab da almayıb. Atasız böyüyüb Rəqsanə. Siz deyin: belə atanın kimisə ittiham etməyə haqqı varmı?!  

P.S. Rəqsanənin atasını axtardığı verilişin sonunda məlum oldu ki, kimsə ona bahalı avtomobil hədiyyə etmək istəyir. Aparıcı bu xəbəri tamaşaçılara çatdıranda, arxa cərgədə əyləşmiş kişi yenə mənə tərəf əyilib, qulağıma bu sözləri pıçıldadı: “Atası göndərib ki, onun günahını bağışlasın”.  

P.P.S. Övlad sevgisi əl çantası, cib dəsmalı deyil ki, onu bazardan pulla almaq mümkün olsun. Öz doğma balasına bir gün atalıq etməyən adam çətin ki, bunu başa düşsün...      

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi