Modern.az

Azərbaycanda yaradıcı gənclərin formalaşması

Azərbaycanda yaradıcı gənclərin formalaşması

İqtisadiyyat

2 Aprel 2012, 11:25

(Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Azərbaycanda yaradıcı gənclərin formalaşması” mövzusunda yazılıb)

“Yaradıcı gənclər” bu söz birləşməsini  işlədərkən ilk növbədə elm,
texnika, texnologiya, rəssamlıq bir sözlə incəsənət, idman və digər müxtəlif
sahələrdə yaradıcı fəaliyyətlə məşğul olan, yeniliklərə can atmağa çalışan yaradıcı
gənclər yada düşür. Əslində “yaradıcı” sözünün özü də çox böyük məna kəsb edir.
Yaradıcı olmaq, yaratmaq, yenilikçi olmaq məncə insana xas olan mühüm bir
xüsusiyyətdir. Bəzi insanlar var ki, onlar doğuşdan yaradıcıdırlar, bəzilərində
isə bu qabiliyyət müəyyən yaşlarda üzə çıxır və onlar bundan istifadə edərək həyatda
mühüm mövqe tutmağa çalışırlar. Bəzən isə elə şəxslər olur ki, onlarda olan yaradıcılıq
qabiliyyətindən lazımi formada istifadə edə bilmirlər və yaxud da etməyə
çalışmırlar.

Azərbaycanda yaradıcı gənclərin formalaşması bu gün çox mühüm əhəmiyyət
kəsb edən məsələlərdən biridir. Hətta, ölkəmizdə yaradıcı fəaliyyətlə məşğul
olan gənclərin sayı minlərlədir desəm, yanılmaram. Bu yaradıcı gənclər müxtəlif
sahələrdə öz yaradıcılıqlarını nümayiş etdirməyə çalışırlar. Kimisi rəssamlıq,
kimisi heykəltəraşlıq, kimisi musiqi, kimisi idman və s. sahələrdə öz yaradıcılıqlarını
göstərərək, ilklərə imza atmağa səy göstərirlər.

   Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Cənab Prezidentimiz Ilham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın gənclərə olan xüsusi rəğbəti, qayğısı təqdirə layiqdir. 2009-cu ilin ”gənclər ili” elan olunması da biz gənclərə olan diqqət və qayğının göstəricisi idi. Xüsusilə bu ildə yaradıcı gənclərin formalaşması, püxtələşməsi yönündə mühüm addımlar atıldı və böyük nailiyyətlər də əldə olundu. 

  Son vaxtlar ölkəmizdəki yaradıcı gənclərlimizin sayı daha da artmaqdadır
və bu artım özünü müxtəlif sahələrdə göstərir. Məsələn, əgər azərbaycanlı bir gənc
rəssam özünün dünyagörüşünə, təfəkkürünə uyğun rəsm əsərləri yaradıb, onu dünya
miqyasında nümayiş etdirməyə malikdirsə məncə, bu yalnız o gənc rəssamın deyil bütün azərbaycanlı yaradıcı rəssamların, biz gənclərin qalibiyyəti, baş ucalığıdır. Və
yaxud da musiqi sahəsində deyək. Əgər bizim bu gün bir çox dünya ölkələrində musiqimizi, muğamlarımız yüksək səviyyədə təmsil edib, böyük nailiyyətlər əldə edib, qələbə qazanan gənclərimiz varsa, bu da öz məqamında böyük bir uğur, qalibiyyətdir.

Bəzən düşünürəm ki, görəsən, yaradıcı olub, uğur əldə edib, həyatda önəmli
yerlərdən birini tutmaq üçün nə etmək lazımdır? Düşündükcə belə bir qənaətə gəlirəm
ki, məncə, hər bir insanın daxilində özünəməxsus yaradıcılıq qığılcımları yerləşir.
Və bu qığılcımları hərəkətə gətirib alovlandırmaq, üzə çıxarmaq insanın özündən
asılıdır. Yəni, insan öz üzərində daima çalışıb, dünyagörüşünü, biliyini, təhsilini
artırmağa səy göstərib, öz peşəsini layiqincə yerinə yetirirsə, bu özü bir yaradıcı
fəaliyyətdir. Ölkəmizdə bu cür yaradıcı gənclərin olması və Azərbaycanımızı digər
dünya ölkələrində öz yaradıcılıqları ilə tanıtması bu gün çox sevindirici bir haldır.
Amma elə gənclər, tələbələr var ki, onlar öz tələbəlik illərini təhsilə sərf etməklə
deyil, mənasız işlərə həsr etməklə keçirdirlər. Öz üzərilərində çalışıb, nə isə etmək
iqtidarına malik deyillər. Mənim fikrimcə, yaradıcılıq qabiliyyəti olmayan bir
insan yoxdur. Sadəcə olaraq, bu yaradıcılığı üzə çıxarmaq lazımdır.

Hal-hazırda jurnalistika fakültəsində təhsil alıram. Bəzən tələbə yoldaşlarımın
bu peşəni heç bəyənmədiklərinin və sadəcə diplom xatirinə oxuduqlarının şahidi oluram.
Və ən əsası da  “yazı yaza bilmirəm”  deyirlər. Amma heç özlərini bu sahədə sınamaq istəmirlər.
Bəlkə də onların içərisində öz yazıları ilə hər kəsi heyran edəcək tələbələr də
var. Lakin onlar bu fürsətdən istifadə edib, öz yaradıcılıq qabiliyyətlərini üzə
çıxarmağa belə çalışmırlar. Məncə, bu çox ürək ağrıdan bir haldır. Bəzi gənclərin
bilə-bilə öz  gənəciklərinin məhv edib, öz üzərində çalışmaması heç də təqdirə
layiq bir vəziyyət deyil. Onlara verilən bu “ tələbə”  adından lazımi qaydada istifadə edə bilmirlər.
Halbuki, bu gün minlərlə gənc bu adı qazanmaq üçün, gələcəyi üçün, gecəsini-gündüzünə qatır. Bizə verilən bu fürsətdən sui-istifadə edib, öz gələcəyimizi məhv etməməliyik. Çünki bizlər əgər bu gün bu yerdəyiksə, bu yerdə ola bilməyən, gecə-gündüz bir tikə çörək pulu qazanmağa çalışan, hətta aclıq ucbatından dilənçiliklə məşğul olan gənclərlimizi, uşaqlarımız göz önünə gətirib min dəfə şükür etməli, onlara
belə yardım əlimizi uzatmalıyıq.

Hal-hazırda ölkəmizdə gənclərə, onların inkişafına yaradılan şərait,
mühit çox yüksək səviyyədədir. Müxtəlif müsabiqələrin, debatların, konfransların,
bəynəlxalq səviyyədə tədbirlərin keçirilməsi gənclərin inkişaf etməkdə olan
müasir dövrümüzdə daha da inkişafına, irəliləməsinə gətirib çıxarır. Onlarda özünə
inam hissinin formalaşmasına rəvac yaradır. Elə bu layihənin həyata keçirilməsi
də biz gənclərə olan diqqət və qayğıdan irəli gəlir. Hər birimiz müstəqil şəkildə
öz fikrimizi ifadə edib, təkliflərimizi irəli sürürüksə bu özü də böyük bir irəliləyiş,
böyük bir uğurdur.

Bu gün hər bir gənc, hər bir tələbə bizə yaradılan bu sərbəst mühitdən,
geniş imkanlardan istifadə edib gələcəyimiz üçün, gələcək nəsillərimiz üçün çalışmalıyıq. Ən əsası, həmrəy olub günü gündən gözəlləşən, dirçələn ölkəmiz- Azərbaycanımız üçün, torpaqvarımızın bütövlüyü üçün çalışmalı, daha da irəliləməliyik. Necə ki, bizim musiqi, idman və digər sahələrdə ölkəmizi təmsil edən, yüksək səviyyədə tanıdıb, qalibiyyət əldə edən fəxr etməli gənclərimiz var. Bəli, biz fəxr edirik ki, biz
azərbaycanlıyıq və bizim adımızı yüksəldən bu cür şərəfli gənclərimiz, gələcəyimiz
var. Mən fəxr edirəm ki, belə gözəl, azad, müstəqil bir ölkədə yaşayan xoşbəxt
bir gəncəm!!!

Sonda isə tələbə olaraq kiçik bir təklifim var: Ali təhsil müəssisələrində
həftəsonu pulsuz dil kursları təşkil edilsə və bütün həvəskar tələbələrə məcburi
qaydada tətbiq edilsə məncə çox yaxşı olar.  Çoxlu dil çoxlu informasiya dəməkdir,
çoxlu informasiya  isə çoxlu  bilik deməkdir. Bununla biz tələbələr öz
intellektimizi, dünyagörüşümüzü daha da artırıb, böyük nailiyyətlər əldə edə
bilərik. Bütün tələbə və gənclərə uğurlar!

Pərvin Rzayeva
Beynəlxalq Jurnalistika
Qərb Universiteti

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi