Modern.az

"Gənclər xalqın gələcəyidir"

"Gənclər xalqın gələcəyidir"

İqtisadiyyat

2 Aprel 2012, 11:44

(Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Azərbaycanda yaradıcı gənclərin formalaşması” mövzusunda yazılıb)

Bir xalqın, bir millətin gələcəyini bilmək və görmək üçün onun gənclərinə baxmaq kifayətdir. Bir xalq öz gələcəyinin parlaq olmasını istəyirsə, sahib olduğu gənc nəslin daha gözəl yetişməsi üçün əlindən gələni etməlidir. Xüsusilə də dəyərlər mühitində yetişən, milli-mənəvi, etik-əxlaqi dəyərlərə sahib olan gənclər bir xalqın parlaq gələcəyinin təminatçısıdırlar.

Lakin bu gün Azərbaycanda gənclərin, xüsusilə də yaradıcılıqla məşğul olan gənclərin formalaşmasında müəyyən problemlər var. Yaradıcı gənclər formalaşmaq üçün ilk öncə öz milli dəyərlərinə sahib çıxmağı örgənməlidirlər. Dəyərlərlə böyüyən, dəyərlərlə nəfəs alan, dəyərləri özünə rəhbər tutan, dəyərləri yaşayan və yaşatmaq arzusunda olan gənc yaradıcı nəslin yetişməsi, bütün cəmiyyətin üzərinə düşən prioritet məsələdir.

Əlbəttə ki, cəmiyyətdə bu işi öz üzərinə alan ən mühüm qurum ailədir. Çünki cəmiyyətin ən mühüm hissəsi olan ailədə hansı dəyərlər aşılanarsa gənclər də bu dəyərlər toplusu içində öz şəxsiyyətlərini formalaşdırar, fikir və düşüncələrini ortaya qoyar, ailədə görüb özlərinə nümunə götürdükləri dəyərlər sistemi içərisində ətrafında olanlara qarşı münasibət bildirərlər. Ailələrdən ibarət olan cəmiyyətin özü və cəmiyyətdə gedən prosseslər də gənclərin həyatına böyük təsir göstərir. Gəncin dünyaya baxışı, şəxsiyyəti onun yaşadığı cəmiyyətdə formalaşır. Gənc bu cəmiyyətdə pisi-yaxşıdan seçir, müsbəti-mənfidən, pozitivi-neqativdən ayırır, özünə gələcək, karyera və həyat qurmaq istəyir. Buna görə də düşünməliyik. Biz bu gün həm ailədə və həm də cəmiyyətdə, təlim, tərbiyə və təhsil ocaqlarında, iş yerində, ətrafımızda gənc nəsli necə tərbiyə ediriksə, onlara necə nümunə oluruqsa, gənclərə alternativ düşüncə, nümunəvi şəxsiyyətlərin həyat və yaradıcılğını hansı istiqamətdə göstəririksə gəncliyimiz də bizə və cəmiyyətə o şəkildə münasibət bildirir, fikir irəli sürür və formalaşır.

Bu gün yaradıcı gənclərin həyatı bəzən çox darıxdırıcı keçir desəm, yanılmaram. Çünki hal-hazırda çox az gənc tapılar ki, vaxtlarını teatr və yaxud operada keçirtsinlər. Bu gün gəclərimizin əksəriyyəti ümumiyyətlə ədəbiyyatdan uzaqdırlar. Lakin unutmaq lazım deyil ki, hər bir yaradıcı gəncin formalaşması üçün bu amillər vacibdirlər. 

Bu bir həqiqətdir ki, müasir gənclik daim axtarışdadır. Buna görə də bu axtarışda olan gəncliyə müsbət olanı, pozitiv olanı təqdim etmək lazımdır ki, nəticə də müsbət və pozitiv olsun. Bu  mənada gənclərdə maddi-mənəvi, əxlaqi dəyərlərin aşılanması çox vacibdir. Maarifçi, əqidəli, mənəviyyatlı, vətənpərvər, humanist, milli dəyərli, vicdanlı, imanlı, sağlam bir gənc güclü bir gələcək deməkdir.  Hər bir kəs düşünməlidir ki, bir valideyn, bir müəllim, bir tərbiyəçi olaraq, uşağı necə tərbiyələndirməli, onların qarşısına hansı məqsədləri qoymalı, onlara hansı hədəfləri göstərməlidir. Bu həm bizim və həm də gənclərimiz üçün çox vacibdir. Çünki ailədə, cəmiyyətdə hansı dəyərlər aşılanarsa gənclər də o dəyərlərlə böyüyərlər.

Bu gün müəllimlərin də, yaradıcı gəncin formalaşmasında çox böyük rolu var. Bunu mən özümdən bilirəm. Qeyd edim ki, mən hal-hazırda ali məktəbdə təhsil alıram. Və bu gün mənim müəllimlərim olmasaydı, yəqin ki, indi məndə heç bir şey əldə edə bilməzdim.

Çox təəssüflər olsun ki, bu gün biz maddiləşmiş, dar düşüncəli, mənəvi dəyərlərdən uzaq, nəfsani və şəhvani olan həyat tərzini daha üstün tutaraq həyatımızı bu və buna bənzər dəyərlərlə doldururuq. Buna görə də gənclərin bu durumda olmalarında ilk öncə ailələrin və cəmiyyətimizin də qəbahətləri vardır. Çünki biz onlara gözəl olan dəyərləri aşılasaq onlar bu qaydada elmə, maarifə, əxlaq-tərbiyəyə yiyələnmiş olarlar.

Mənəviyyata sahib olan insan həm özünə, həm ətrafına və həm də cəmiyyətə dərin hörmət bəsləyər, bayrağına, dövlətinə, müstəqilliyinə, ölkəsinə, torpağına, şəhidinə, ailəsinə, vətəndaşına, hörmətlə yanaşar. Bu zaman cəmiyyət də müsbətə doğru inkişaf edər, insanlar arasında mehribançılıq, sevgi, səmimiyyət və etibar artar. İlahi dəyərlər yox olduğuna görə, bu gün cəmiyyətimizdə müxtəlif maddi-mənəvi problemlər yaranıb. Buna görə də, hər bir kəs yeni gənc yaradıcı nəslin yetişməsində və inkişafında milli, dini, mənəvi dəyərlərini unutmamalı, onlara sahib çıxmalıdırlar.

Türkan Nadirqızı,
Bakı Dövlət Universiteti
Jurnalistika fakültəsinin
3-cü kurs tələbəsi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir