Modern.az

Yaradıcı gənclərin formalaşmasının önəmi

Yaradıcı gənclərin formalaşmasının önəmi

2 Aprel 2012, 12:13

(Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Azərbaycanda yaradıcı gənclərin formalaşması” mövzusunda yazılıb)

İstənilən ölkənin gələcəyi onun yaradıcı gəncləri ilə sıx bağlıdır, xüsusən də Azərbaycan kimi həm özü, həm də əhalisi gənc olan dövlətlərin taleyində bu məsələ son dərəcə önəmli rol oynayır.

Mən bir yaradıcı gənc kimi son illər ölkədə bu istiqamətdə aparılan işləri yüksək qiymətləndirirəm. Ümumiyyətlə, mənim məşğul olduğum sahədə bunu daima hiss etmişəm. Tərcümə yaradıcılığın çətin bir istiqamətidir, amma xoşbəxtlikdən aidiyyatı qurumlara müraciət etdiyim ilk gündən müsbət cavablar, müəyyən qədər kömək almışam.

Ancaq mənə elə gəlir ki, yaradıcı, istedadlı gənclərin formalaşdırılmasının mərkəzləşdirilməsi, mərhələli şəkil alması və müəyyən proqram  halına salınması üçün yaradıcı gənclərin formalaşdırılması məsələlərini araşdıran xüsusi mərkəz-laboratoriya yaradılmalıdır. Dünyada belə təcrübə mövcuddur, ancaq belə bir mərkəz-laboratoriyanın Azərbaycan modeli də işlənə bilər. Çünki yaradıcı gənclər musiqidən, elektrotexnikaya kimi ən müxtəlif sahələrdə fəaliyyət göstərdiklərindən və ya göstərmək niyyətində olduqlarından dövlətin onlarla bağlı görəcəyi işlərin xarakteri və mərhələləri də eyni deyil.

Məncə bu cür araşdırma mərkəzinin yaranması yaradıcı gənclərin düzgün formalaşması, onların istedadlarının təhsillə daha da bitkin şəkil alması baxımından vacib olduğu kimi, belə gənclərin sosial-ictimai problemlərinin öyrənilməsi, istedadların belə problemlər səbəbindən itib-batmaması üçün faydalı ola bilər. Çünki yaradıcı gəncin formalaşması o qədər də asan proses deyil, belə insanlar xüsusi diqqət və qayğı tələb edir, onların inkişaf etdirilməsinə müəyyən xərc çəkilir, daha sonra yaradıcılıq potensialını reallaşdıra bilməmək isə belə gənclər üçün əsl faciə deməkdir.

Başqa bir məsələ məni daima narahat etmişdir. Bütöv, tam ailələrdə yetişib böyüyən gənclər kimi, uşaqlığını uşaq koloniyalarında, uşaq evlərində keçirmiş, yaxınlarını itirmiş gənclər arasında yaradıcı potensialı olanların tapılıb üzə çıxarılması da vacibdir. Və bu zaman nəzərə almaq lazımdır ki, başqa yaşıdlarından fərqli olaraq, onlar müstəqil həyata daha problemli zəmindən  atılırlar. Belə gənclərin cəmiyyət üçün itirilməsi yolverilməz haldır.

Ümid edirəm ki, yaxın zamanda ölkədə xaricdə təhsil alan tələbələrə dair dövlət proqramı kimi bir proqram yaradıcı gənclər üçün də yaradılacaqdır.

Turac Qəhrəmanova
BDU II kurs magistrant

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir