Modern.az

Nizami Gəncəvinin amerikalı “Yeddi Gözəl”ləri... - MÜSAHİBƏ

Nizami Gəncəvinin amerikalı “Yeddi Gözəl”ləri... - MÜSAHİBƏ

16 Aprel 2012, 12:21

Laurel Viktoriya Grey: “Bakıda olmağı çox istərdik”               


Azərbaycan rəqsi dünyanın harasında olursa olsun, daim maraqla qarşılanıb, alqışlanıb və sevilib. Rəqqaslarımızın dünyanın ən möhtəşəm səhnələrində çıxışlarına çox alışmışıq. Ancaq  Amerika tamaşaçısı 1995-ci ildən bəri Azərbaycan milli rəqslərini həm də Laurel Viktoriya Qreyin yaratdığı İpək Yolu rəqs Şirkətinin ansamblının ifasında izləyir.
Amerikalılardan və ancaq qadınlardan ibarət rəqs qrupunun məqsədi tarixi Böyük İpək Yolu üzərində yerləşən  xalqların unudulmaqda olan milli ənənəvi rəqslərini öyrənmək və  tanıtmaqdır. Ansamblın repertuarında  özbək, qazax, türk, türkmən, uyğur, ərəb, Misir, rumın, qaraçı rəqsləri  ilə  yanaşı, Azərbaycan milli rəqslərinin olması diqqət çəkir. İpək Yolu Rəqs Şirkəti Şərqlə  Qərb arsında  mənəvi körpü rolunu oynayır, dünyanın müxtəlif rəqs ustaları ilə əməkdaşlıq  etməklə xalqlar arasında  mədəni dialoq yaratmağa çalışır. Bu ideyanın gerçəkləşməsi isə şirkətin rəhbəri, rəqqasə və xoreoqraf Laurel  Viktoriya Qreyin təşəbbüsü və marağı ilə bağlıdır. O, Böyük İpək yolu coğrafiyasını əhatə edən rəqsləri tanıtdığına və bu sahədə uğurlarına görə bir  sıra beynəlxalq mükafatlara—Orta Şərq Rəqs Beynəlxalq Akademiyasının “Ən yaxşı  Xoreoqraf” mükafatı  (2003),  “Ən yaxşı etnik rəqqas” mükafatları, ən yaxşı rəqs kostyumu dizaynına görə Metro DC Rəqs  Mükafatı (2006), Kennedi Mərkəzi  yerli rəqs komissiyasının layihəsi  mükafatına (2003) layiq görülüb.
2007-ci ildə Mərkəzi Asiya rəqsləri ilə bağlı Özbəkistan Mədəniyyət Nazirliyi tərəfindən fərxri doktor adını qazanıb.
Şərq  milli rəqslərinə, eləcə də Azərbaycan rəqslərinə marağını nəzərə alıb ansamblın qurucusu Laurel Viktoriya  Greylə virtual da olsa, söhbətləşə bildik.

- Laurel xanım, bu ansambl necə oldu, yarandı? 

- Mən Qərbdə Vaşinqtonda böyümüşəm, burda qərb üslubunda kovboylar kimi at sürməyi öyrənmişəm. Mən həmişə uşaqlıqdan Şərq musiqisi, incəsənəti, ədəbiyyatı, rəqsləri ilə maraqlanmışam. Bir çox Amerika qızları kimi baletlə məşğul olmuşam, ancaq yeniyetməlik dövründə digər xalqların mədəniyyəti ilə daha çox maraqlanmağa başladım. Hətta kollecdə olanda müxtəlif folklor rəqs qruplarında çıxışlar edirdim. Daha sonra özümün  “Tanavar” adlı öz  qrupumu yaratdım. Özbək qadın rəqsindən sonra öz repertuarımıza Azərbaycan rəqsi də daxil etdik. 1995-ci ildə mən İst Kousta köçəndən sonra dərslər verməyə başladım və tezliklə digər rəqqasları hazırladım. Beləliklə də birlikdə bir qrup şəklində rəqslər təqdim etdik. Çıxışlarımız yaxşı qarşılandı. Mən bundan sonra daha çoxrəqqasın yetişməsi ilə məşğul oldum. Beləliklə də İpək yolu Rəqs şirkəti getdikcə böyüməyə başladı.

- Şərq rəqslərinin hansı cəhəti sizi cəlb edir?

- Şərq qadın rəqslərində bir gözəllik, ritm, harmoniya var ki, bu da duyğusallıq və qadınlığı və eləcə də gücü göstərir. Hər bir ənənəvi rəqs forması o yerin və xalqın nə ilə assosasiya olunmasını əks etdirir. Azərbayan rəqsində həqiqətən bir zəriflik, ləyaqət və qürur hissi, eləcə də  yumorun oynaq hissi var. Qadın rəqsləri kraliça kimi bir duruş, çevik bel və zərif əllər tələb edir. Gözəl rəqs geyimləri isə bu keyfiyyətləri  xüsusi vurğulayır.

- Azərbaycan rəqslərini öyrənmək çətinlik yaratmır ki? Necə öyrənməyə başladınız?

- Mən hələ yeniyetmə ikən Spokanedə, Vaşinqtonda olanda beynəlxalq folklor rəqslərini öyrənirdim. Ora Qafqazdan rəqslər də daxil idi. Sitlə gedəndə Azərbaycan və Türkiyə rəqslərini öyrədən Ercüment Kılıcdən dərslər aldım. Türk dostlarım həmçinin mənə Qarsdan olan rəqsləri göstərdilər, Assur müğənni və rəqqas Şamiran Urşan isə mənə Şalaxo rəqsinin elementlərini öyrətdi. 2006-cı ildə Azərbaycanın xalq artisti Yusif Qasımov  Vaşinqtona gələndə onunla görüşdük və ondan da bir çox şeylər öyrəndik. Mən həmçinin türk rəqs formalarını, xüsusilə də özbək rəqsini öyrənirəm. Əvvəl öyrəndiyim əl və qol hərəkətləri bu işdə kömək olur.  İndi xoreoqraf kimi İpək Yolu Rəqsi şirkətinə rəqs dərsi keçirəm, ancaq başa düşürəm ki, hələ çox şey öyrənməliyəm, xüsusilə də Azərbaycan müxtəlif regional xalq rəqslərini.

- Bəs milli geyimləri, Azərbaycan rəqs kostyumları ilə bağlı kim sizə kömək edir?

- Daşkənddə yaşayanda Opera Evində  mənim üçün tikilmiş Azərbaycan milli rəqs geyimi  vardı. Həmn geyim SSRİ milli rəqslərinin sovet dövrünü əhatə edən kitabdakı dizayn əsasında hazırlanmışdı. Kostyumlarımızı və rəqs geyimlərimizi rus və Azərbaycan kitablarında verilən milli dizaynla hazırlayırıq. Biz fabriki seçirik, naxışı dəqiqləşdirik, paltarların tikilməsində dostlarımızla birgə işləyirik. İndiyə kimi bütün baş geyimlərini mən tikmişəm. 

- Heç ansamblınız Bakıda olubmu?

- Yox, İpək yolu Rəqsi şirkəti Bakıda olmayıb, ancaq biz  istərdik Bakıya gələk. Ancaq mən 2006-cı ildə qonaq kimi ABŞ Azərbaycan Ticarət Palatasının tədbirinə dəvət almışdım. Ömrüm boyu haqqında oxuduğum ölkəyə səfər etmək çox mənalı və maraqlı  idi. Tarixi şəhər olan Şamaxıya da səfər etdim.

- Bəs nə vaxtsa Bakıda konsertlə çıxış etmək planınız var?

- Bizim qurum özü özünü maliyyətləşdirir. Səfərlərimizi, təşkil edə biləcək özəl sponsorlarımız yoxdur. Ancaq inanırıq ki, bu səfər bir gün baş tutacaq. Biz çox istərdik ki, sevgimizi Şərq mədəniyyəti üçün bölüşək. ABŞ və Kanadada yaşayan azərbaycanlılardan yaxşı rəylər almışıq.

- Hansı rəqslər üzərində işləyirsiz?

- Repertuarımızda  “Ala göz”, “Sarı Gəlin”, “Nəlbəki” rəqsləri var. Nizami Gəncəvinin eyni adlı əsərinin əsasında bizim “Yeddi Gözəl” rəqs kompozisiyamız xüsusilə seçilir və maraqla qarşılanır.  “Yeddi gözəl” barədə “Azerbaijan İnternational” dərgisində də yazmışam. Əgər Bakıya gəlsək, bu rəqsləri götərmək arzumuz var. İstərdik ki, gələcəkdə  üzüm məhsul rəqsi də bu sıraya daxil edək.

Əfsanə BAYRAMQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı