Modern.az

Muzeylər “Avroviziya”ya necə hazırlaşır?

Muzeylər “Avroviziya”ya necə hazırlaşır?

16 Aprel 2012, 10:31

Bu ilin mayında  Bakıda keçiriləcək “Avroviziya-2012” mahnı yarışmasına müxtəlif ölkələrdən güclü turist axını gözlənilir. Odur ki, paytaxtın abadlaşdırılması əcnəbi qonaqları heyrətləndirməyə kifayət etməyəcək. Turistlərin diqqətini cəlb edə biləcək tarixi memarlıq abidələri, mədəniyyət ocaqları, xüsusilə də muzeylərimiz bu möhtəşəm yarışa xüsusi hazırlanmalıdır.

Modern.az mövzuyla bağlı araşdırma aparıb.

Teatr muzeyi əcnəbilərə əsl teatr göstərəcək...

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr muzeyinin  baş çəkdik. Muzeyin elmi işlər üzrə direktor müavini Sevinc Mikayılova  “Avroviziya” musiqi yarışması ilə əlaqədar gələcək qonaqlar üçün sərgiyə hazırlaşdıqlarını söyləyib. Onun sözlərinə görə sərgi teatr rəssamlarının tamaşalara çəkdikləri eskizlərdən ibarət olacaq. Tamaşaçılar sərgidə Əzim Əzimzadə başda olmaqla bir çox teatr rəssamlarının əl işlərini görə biləcəklər: “Onlar arasında Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Elçin Məmmədov və digər rəssamların  tamaşaçalar üçün çəkdikləri teatr və geyim eskizləri  də var. Ancaq sərgi bununla bitmir. Bu ilki sərginin digərlərindən önəmli və fərqli cəhəti odur ki, Qərb və Rus dramaturgiyasına məxsus tamaşalara çəkilmiş eskizlər özəlliklə nümayiş etdiriləcək.  Azərbaycan teatr səhnəsində Qərb və rus dramaturqlarının bir çox əsərləri səhnəyə qoyulub və uğur qazanıb. Odur ki, sərgidə bu tip tamaşaların səhnə yozumunu rəssamların eskizləri ilə təqdim  etməyi düşünürük. Hesab edirik ki, bu sərgi şəhərimizə gələn əcnəbi qonaqların da marağına səbəb olacaq”.  

Teatr muzeyinin digər əməkdaşı Lalə Rəsulova isə deyir ki, sərgidə əcnəbi turistlərdə teatr tariximiz barədə maraqlı eksponatlarla müsbət təəssürat yaratmağa çalışacaqlar: “Buna görə də daha həvəslə hazırlaşırıq. Qeyd edim ki, muzeydə əcnəbi turisləri cəlb edə biləcək və düşündürə biləcək bir sıra afişa və fotolar, eksponatlar var. İnanırıq ki, muzeylərimiz mədəni irsimizi qonaqlara yaxşı təqdim edəcək”.

“İstiqlal” istiqlalımızı nümayiş etdirəcək...

 “İstiqlal” muzeyi də bu ilin mayda  “Avroviziya-2012” zamanı sərgi təqdim edəcək. Sərgi tələbələrin çəkdiyi rəsm əsərlərindən ibarət olacaq. Muzeyin direktoru Fəridə Şəmsinin sözlərinə görə artıq aprelin sonunda bütün əsərlər hazır olacaq: “Sərgidə Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti, Qərb Universiteti və digər təhsil müəssisələrindən olan gənclərin əsərlərinin təqdimatını düşünürük. İnanırıq ki, biri-birindən fərqli və rəngarəng əsərlər olacaq. Sərginin açılışı ola bilsin ki, muzeylər gününə təsadüf etsin”.

Muzey rəhbəri onu da bildirdi ki,  “İstiqlal” muzeyi eksponatlarla zəngin olsa da, onların bir çoxunu  nümayiş etdirməyə  imkan yoxdur. Səbəb isə muzeyə ayrılan sahənin kifayət etməməsi ilə bağlıdır: “ Muzeydə 20 min eksponat olsa da, onun 1500-ünü seyrçilərə təqdim edə bilirik. Yer çatışmazlığı var. Çox istərdik ki, turistlərə digər eksponatları da nümayiş etdirək. Ümid edirəm ki, gələcəkdə muzeyə daha böyük bina və ya məkan ayrılsa, bu problem də həllini tapar”.

Muzeydə təkcə bu dövrlə deyil, digər tarixi dövrlərlə də bağlı zallar və guşələr var. Güney Azərbaycanda Milli Hərəkat, Azərbaycan Xalq Cümhuriyyəti, keçən əsrin repressiya illəri, İkinci Dünya müharibəsi, Bakıda neft sənayesi,  Qarabağ müharibəsi, eləcə də Azərbaycan müstəqillik dövrünü əhatə edən guşələr  müxtəlif eksponatlarına görə fərqlənir.

Muzeyin əməkdaşı Şərafət Məmmədova söylədi ki, burada ayrı-ayrı zallara olan maraq fərqlidir: “Məsələn, İrandan olan qonaqlar daha çox Güney Azərbaycana aid zalla maraqlanırlar. Burada Səttarxan, Xiyabani başda olmaqla bir sıra tarixi şəxslər haqqında eksponatlar, fotolar,  nəşrlər diqqəti cəlb edir. Səttarxana aid müştük və təsbeh, Güneydə dərc edilmiş qəzet və jurnal nümunələri ən çox izlənilən eksponatlardandır. Türkiyəli turistlərimiz isə Azərbaycan Xalq Cümhuriyyətinə aid eksponatlarla daha çox maraqlanırlar. İnanıram ki, digər əcnəbi turistlər də öz maraqlarına uyğun eksponatlarla tanış olacaqlar.”

Muzeyin digər müsbət cəhətlərindən biri Qarabağ həqiqətlərini, eləcə də Xocalı soyqırımını  əks etdirən, əcnəbi dillərdə olan kitabların nümayişidir. Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın öz xətti ilə yazdığı qeyd dəftərçəsi və öz ilə toxuduğu sünbül eksponatı, eləcə də digər fotostendlər bu dövr barədə müəyyən təəssürat yarada bilir.

Xalçalar məzmun və motivləri ilə təqdim olunacaq...

Bu il yaranmasının 45 ili tamam olan və 6 mindən çox Azərbaycan xalça və xalılarının qorunduğu Azərbaycan Xalçaçılıq muzeyi isə  UNESKO-nun Qeyri Mədəni İrs siyahısına daxil edilmiş xalçalarımızı fərqli formada yerli və əcnəbi tamaşaçıların ixtiyarına verməyə hazırlaşır.   Sərgi muzeyin yenicə tikilmiş binasında reallaşacaq. Muzeyin direktoru Röya Tağıyeva  qeyd etdi ki, sərgidə Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri təqdim olunacaq: “Sərgidə hər bir xalçaçılıq məktəbimizin nümunələri onların məzmun motivləri  ilə təqdim olunacaq. Bu da onlarda daha çox işlənən motivlərlə sıx bağlıdır. Məsələn, Qobustan, Şirvan xalçalarında ovçuluq, Gəncə-Qazax xalçalarında svastika, Qarabağ xalçalarında türk tamğası, Quba xalçalarında ağac motivi buna misaldır”.

Tarix Muzeyi iş saatını uzada bilər...Milli Azəraycan Tarixi Muzeyi isə digər muzeylərdə olduğu kimi ingilis və rus dillərində ekskursiyalarla əcnəbi qonaqları muzeylə tanış edəcəklər. Muzeyin direktoru Nailə Vəlixanlının sözlərinə görə turist axını və onların marağı çox olarsa, iş saatının uzadılması gündəmdədir.

Bundan başqa, “Avroviziya”nın keçirildiyi günlərdə muzeydə məşhur Norveç səyyahı Tur Heyerdalın həyat və səyahətinə həsr edilmiş sərgini izləyə biləcəklər: “Bu foto və rəsmlər səyyahın muzeyindən Bakıya  gətirilib. Eksponatlar arasında onun Qobustanda səyahət zamanı rəsmləri maraq doğurur. Muzeyimizin zəngin etnoqrafik eksponatları, milli geyimlərimiz və digərləri inanırıq ki, böyük diqqətə səbəb olacaq”.

Tanıtım nəşrləri hansı səviyyədədir?

Adətən xarici ölkələrə səfərə gedərkən turistlər üçün ən faydalı bilik mənbəyi tanıtım xarakterli broşurlar, kitabçalar, disklər mühüm rol oynayır. Muzeylərimizdə də buna xüsusi diqqətlə yanaşılır. Xalçaçılıq muzeyi keçiriləcək sərgi ilə əlaqədar və eləcə də digər səpgili kataloqlar artıq hazırdır. Onlar  Tahir Salahovun və İqor Burqakovun əsərləri əsasında yaradılmış   xalçaların kataloqu, “Nizami Gəncəvinin obrazları xalçalarda” adlı fransız və ingilis dillərində dərc edilmiş kitab və disk, eləcə də digər kataloqlardır.

Teatr muzeyi, eləcə də digər muzeylər öz fəaliyyətləri barədə tanıtım broşurlarını müxtəlif dillərdə ( daha çox ingilis və rus) dərc ediblər. Milli Azərbaycan Tarixi Muzeyi isə  turistlər üçün  “Azəraycan incisi” adlı kataloq hazırlayıb.

Muzeylərdə bələdçilər əcnəbi dillərdə danışacaqlar…

Muzey işçilərinin əcnəbi dillərdə ekskursiya məsələsi ilə bağlı vəziyyətlə də maraqlandıq. Məlum oldu ki, baş çəkdiyimiz muzeylər əsasən rus və ingilis dillərində ekskursiyalar təqdim edəcək. Hətta bununla bağlı muzey əməkdaşları dil biliklərinin təkmilləşdirilməsi üçün kurslarda da iştirak edib. Odur ki, muzeylərdə bu baxımdan çətinlik görmürlər. Qalır, təkcə  Bakıda  “Avroviziya -2012” musiqi yarışmasını izləməyə gələn  turistlərin yolunu gözləmək. Yolları muzeylərdən düşən əcnəbilər isə yəqin ki, burada çox şey öyrənəcəklər.                                      

Əfsanə BAYRAMQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir