Modern.az

"Eurovision-2012" müsabiqəsinin aparıcıları elan olundu

"Eurovision-2012" müsabiqəsinin aparıcıları elan olundu

16 Aprel 2012, 16:46

Bu gün Bakı Biznes Mərkəzində "Eurovision-2012" Mahnı Müsabiqəsinə hazırlıq prosesi ilə bağlı aparılan işlərin yekununa dair mətbuat konfransı keçirilib. Modern.az saytı xəbər verir  ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və “Eurovision-2012” işçi qrupunun rəhbəri Adil Kərimlinin keçirdiyi mətbuat konfransında “Eurovision-2012” mahnı müsabiqəsinin aparıcılarının adları da açıqlanıb.

Tədbirdə bildirilib ki, müsabiqənin keçiriləcəyi yer - “Baku Crystal Hall” şou üçün təhvil verilib. Qeyd edilib ki, 2012-ci il yanvarın 25-də tikintisinə başlanan bu məkan 25 min tamaşaçı tutumuna malikdir. Müsabiqə zamanı isə 20 min tamaşaçı qəbul olunacaq. Bu gündən etibarən şounun hazırlıqlarına başlanılıb. Zalda 80 min işıq diodu, 2500-dən artıq proyektor və Avropada ilk dəfə hərəkətli işıqlardan istifadə olunacaq.

İcraçı direktorun sözlərinə görə, "Eurovision"a hazırlıqla bağlı xüsusi nəqliyyat vasitələrinin gətirilməsi, mehmanxanaların hazırlanması, həmçinin mehmanxanaların qiymətinin artırılmaması məsələsinə diqqət, turist marşrutlarının təşkili, mədəniyyət ocaqlarının hazırlanması və digər işlər həyata keçirilib.  Həmçinin konfransda Azərbaycanın ev  sahibliyi etdiyi «Eurovision-2012» mahnı müsabiqəsinin aparıcılarının adı açıqlanıb. Belə ki, mayın 22-si, 24-ü və 26-da baş tutacaq bu müsabiqənin aparıcıları ötən il Azərbaycana qalibiyyət gətirən Eldar Qasımov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı Leyla Əliyeva və Nərgiz Birk-Petersendir.

Bundan başqa jurnalistlər üçün tikilən Mətbuat Mərkəzi də hazırdır və media işçiləri üçün hər bir şəraitin yaradıldığı bildirilib.   Konfransda o da bildirilib ki, «Eurovision-2012» mahnı müsabiqəssinə yeni sponsorlar da qoşulub. Bunlar  “Gilan Holdinq” şirkəti, Kapitalbank və “Silk Way” Holdinqdir.

Qeyd edilib ki, bu həftənin sonundan etibarən “Eurovision-2012” mahnı müsabiqəsinin yarımfinal mərhələləri və məşqləri üçün Heydər Əliyev Sarayının, "Azərbaycan" kinoteatrının, Hökumət Evinin, Opera və Balet Teatrının, Nizami küçəsi -68 ünvanında yerləşən ”Kontinental” mağazasının və Müslüm Maqomayeva adına Azərbaycan Dövlət Filarmoniyasının yanındakı köşklərdə  bilet satılacaq.

Sevinc İltifatqızı  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi