Modern.az

“Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri: “Bizə Qarabağla bağlı kitab vermirlər”

“Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri: “Bizə Qarabağla bağlı kitab vermirlər”

Mədəni̇yyət

17 Aprel 2012, 12:38

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Modern.az saytına bildirib ki,  hazırda xalqımızın ən ağır günləri və faciələrinə aid kitablar, xüsusən də Xocalı Soyqırımı və “20 Yanvar” la bağlı  kitablar bazarda yoxdur: “Dəfələrlə olub ki, xarici ölkə vətəndaşları və öz vətəndaşlarımız müraciət ediblər, amma onları belə kitablarla təmin edə bilməmişik, əliboş geri qaytarmışıq.  Belə günləri faktlarla əks etdirən kitabları heç cür əldə edə bilmirik. Bu səpkidə kitablar gec-gec nəşr olunur və nəşr olunanda da məhdud dairələrə yayılır. Oxucular isə bunu əldə edə bilmirlər.  Hansısa bir layihə çərçivəsində belə kitablar nəşr olunur, paylanır və elə o layihə çərçivəsində də qalır, yayıma verilmir”.

N.Köçərili deyib ki, bu problem təkcə onların kitab şəbəkəsində deyil, eləcə də şəhərin digər kitab evlərində də var: “Ola bilsin ki, Xocalı soyqırımı və “20 Yanvar” la bağlı  hansısa şeir kitabları var. Amma tam olaraq faktları əhatə edən kitablar yoxdur. Belə kitabları daha çox xarici dillərdə tələb edirlər. Mən dəfələrlə xəbərlərdə və saytlarda da izləmişəm ki, bu faciə ilə bağlı kitabların təqdimatı keçirildi və bununla da məsələ bitdi. Sonra da bu kitablar oxuculara çatmır.

Dəfələrlə belə kitablar üçün müraciətlər etmişik. Amma bizə cavab gəlir ki, belə kitabları satışa verə bilmzlər. Bu kitab satış üçün deyil və pulsuz paylanır. Normal kitab oxucusu havayı olan bu kitabı hardan əldə edəcəyini bilmir, axı. Hər bir kitab oxucusu ilk növbədə kitab dükanına gəlib istədiyi kitabı oradan əldə etməyə çalışıır. Əgər satışa vermirlərsə, heç olmasa simvolik ucuz bir qiymət qoysunlar. Ya da ki, bizim kitab şəbəkəmizə pulsuz gətirsinlər bu kitabları. Biz də o kitabları pulsuz paylayaq və xaricdən gələnlər xidmət edə bilək. Bununla da razılaşmırlar. Bir daha vurğulamaq istərdim ki, bu kitablar müxtəlif fondlar, layihələr  və təşkilatlar tərəfindən hazırlanır, nəticədə isə kitablar elə özlərində də qalır”.

Könül SƏID

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir