Modern.az

Ayı mülahizəsi

Ayı mülahizəsi

18 Aprel 2012, 09:39

“Düşmənindən qorxma çətin ayaqda səni öldürə bilər, dostundan da qorxma dar ayaqda səni sata bilər. Qorx laqeyd adamdan, o adamd an ki,  nə dostluğu bilinir, nə düşmənçiliyi.  Yanılmıramsa Ağa Məhəmməd Şah Qacarın dilindən verilən bu sözlər ərəblərə məxsusdur. Tələbəiykən oxuduğum fikrin BIR MƏQAMINI son günlərədək başa düşə bilmirdim...

Düşməni bağışlasanda yenə ürəyində bir “tıqqıltı” qalır. Çünki “bağışlanan düşməndən dost olmaz”,-deyib  atalarımız. Qarşılaşanda nə qədər olmasa özünü yığışdırmaq məcburiyyətindəsən. Amma adamı dostunun, özü də “keçi” qiymətinə satması şəxsən  mənim üçün qəbul edilən deyildi. Söz yox ki, dost dediyin adamların  sayı  həyatda çox olmur. Simvolik də olsa, çoxlarını dost adlandırırıq. Ancaq simvolik də olsa  dost cərgəsinə qoşduğumuz adamların  sənin ayağının altını qazıması, müxtəlif yaramaz  üsullara əl atmaqla zərbə vurmağa çalışması başa düşülən deyildi mənim üçün... 70-ci illərdə Ağdam Rayon Maarif Şöbəsində  Ənvər müəllim adında inspektor işləyirdi. Uzun müddət o bu vəzifədə çalışmışdı.  Hərdən məktəblərə yoxlamağa çıxar, öz tövsiyyələrini verərdi. Mənim yaddaşımda Ənvər müəllim səmimi bir insan kimi qalıb...

Yaxşı yadımdadı. Ənvər müəllim  Quzanlı səkkizillik məktəbinə “frontal” yoxlamağa  gəlmişdi. Vaxt uzandığından və o zaman kəndimizdən şəhərə gediş-gəlişin seyrək olduğundan Ənvər müəllim bizdə gecələməli oldu. Məktəb direktoru işləyən atam Tofiq müəllimlə axşam düşənədək təhsildən, təlim-tərbiyədən söhbət etsələr də, sonda Ənvər müəllim özünün sevdiyi peşəsindən danışdı... Stulda oturub məndə özümü bir kişi hesab (o vaxtı birinci sinifdə oxuyurdum-V.T.) edərək hərdən  mürgü vursam da, Ənvər müəllimin axımlı söhbətinə ləzzətlə qulaq asırdım. Ov məqamı isə məni elə bil  yuxudan ayıltdı...

Ənvər müəllim danışırdı ki, bir gün  dostları  ilə  Gülablı meşəsinə ova gediblərmiş. Özləri ilə tam tədarükdə götürüblərmiş. Bir xeyli gəzib dolaşdıqdan sonra yüngül alaçıq qurmaq məcburiyyətində qalıblar. Çünki əliboş qayıtsaydılar özlərinə gərək ovçu deməyəylərmiş. Nə isə səhəri götürdükləri yagla-balla bellərini bərkidib yollarına davam edirlər.
Ənvər müəllim danışırdı ki, iş elə gətirir ki, o yoldaşlarından ayrılır və bir xeyli tək gedəsi olur... Və qarşısında  qəfildən  əzəmətli  ayını  görəndə gözlərinə inanmır.  Beş metrlik məsafədə niyə onu görə bilmədiyini  fikirləşsə də, artıq müzakirə yox, qərar vermək vaxtı olduğunu düşünməliydi Ənvər müəllim. Əks təqdirdə sağ qalmaq ehtimalı saniyə bə saniyə azalırdı.  Beşatılanı  nizamlayıb hədəfi nişan almaq istəyərkən ayının qeyri-adi hərəkəti Ənvər müəllimin əlini tətiyi çəkməkdən  soyudur. Sanki ayı  qabaq pəncələrini yuxarı qaldırıb, -məni balalalarma bağışla, - deyirdi.

Ənvər müəlim danışırdı ki, balalarını görcək ümumiyyətlə fikrindən daşınmaq istəyib. “Amma qorxu hissi məni buraxmırdı. Bu məqamda ayı arxayın olandakı vurulmayacaq, onda əks istiqamətə getməklə məni də elə pəncəsi ilə onun arxasınca gəlməyi sanki  “xahiş” etdi. Həyatımı risk altına qoyub  bu məcarənən sonunu gözləmək qərarına gəldim. Nədə olsa əlim də beşatılanda var idi axı...
Və nəhayət  ayı məni  meşənin elə bir yerinə gətirmişdi ki, bura insan ayağı birinci dəfə idi ki, dəyirdi. Cənnətin bir guşəsi. Bir tərəfən şəlalə şırıltısı,  digər tərəfdən yetişmiş armud meyvələri, giləmeyvələr. Ayının  sakitliyindən istifadə edib, armudun birini üzdüm. Silmək ehtiyac yox idi. Tər-təmiz idi armud. Bir anlıq özümü göyün yeddinci qatında hiss etsəm də, ətrafında ayını görməməyim məni çaşdırdı. Ayı balaları ilə birgə gözdən itmişdi. Səsi xeyli aralıdan eşidilirdi...”. Ənvər müəllim deyirdi ki, “ayı onu öldürməməməyimə görə, sanki  yaxşılığımın əvəzini çıxırmış”...

Bu ayı idi. Həyatda ən təhlükəli heyvanlar sırasında öncül sırada dayanan heyvan... Ayı kimi cüssəli və heç nədən keçməyən heyvan ona edilən yaxşılığı unutmadı və tez bir zamanda özünün  “olmayan ağlı” (onu biz belə hesab edirik V.T.)  ilə əvəzini  çıxmaq istədi... Bu əlli iki əvvəlin söhbəti idi. Onda hətta  “ayıda da” mülahizə hissi var idi... İndi başqa zamandı. İndi hər kəs “mənəm” deyir. Bunu şəxsən mən etmişəm deyir... Nöqtə böyda görünməyəcək bir işi, üfürüb futbol topuna bənzətsələr nə vardı... Amma ayı qədər mülahizələri yoxdu belələrinin. Hələ mən köhnə palan içi töküb özlərinin haqlı olduqlarını isbatlamaq istədiklərini  demirəm...  

Faciədir deyilmi. Əsl insan faciəsi budur məncə...  
Bu zaman   Cabir Abdulllyevin şair Daşqının sözlərinə  oxudugu “Puldur ” mahnısındakı sözlər məni xatirələrimdən ayırır... “....Dünyada nahaqdan min qan eyliyən puldur, İstəkli dostunu dostuna düşmən eyliyən puldur...
...Pulsuzluq qüssə verər, insanı xar eliyər Pulsuzluq gen dünyanı gözlərinədə qan eliyər....”.

Şair yaxşı deyib. Elə bil indiki dövrün bəzi məqamlarını bir daha yadımıza salıb. Cabir  Abdullayevin səsindəki yanğı isə mahnıya daha bir rəng qatır.. Dostlar, həyatda  elə meyarlar var ki, o pulnan ölçülmür. Bütün məqamlar, pis niyyətlər, şər- şəbədələr 40-cı gün açılır. Pulu isə belə metodla qazanmırlar axı...Odur  ki, hər zaman ehtiyatı əldən verməyin ...

Düşmən əqrəb kimi saydıqlarımızdan da ayıqdır və hər zaman  ovunu tora salmağa cəhd edir. Və hərəkətinə min don geyindirə bilər...

Ermənilər kimi...    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir