Modern.az

ANS-nin teleaparıcısı Qənirə Ataşova: “…bunu eləyə bilməsən, ANS-də işləyə bilməzsən” - MÜSAHİBƏ

ANS-nin teleaparıcısı Qənirə Ataşova: “…bunu eləyə bilməsən, ANS-də işləyə bilməzsən” - MÜSAHİBƏ

18 Aprel 2012, 15:44

Modern.az saytı telejurnalistlərlə silsilə müsahibələri davam etdirir. Bu dəfə əməkdaşımızın suallarını ANS-in  “Hesabat və əhatə dairəsi ” proqramının aparıcısı Qənirə Ataşova  cavablandırır.


- Fizika t
əhsili alan gənc xanım jurnalist oldu. Bu həvəsiniz nədən irəli gəldi?

- Universitetdə təhsil alan müddətdə ölkədə seçkilər keçirilirdi. Özü də kənddə yaşadığım üçün şəhərə gələndə fikirləşirdim ki, universitetə qəbul oldumsa, artıq xəyalımda qurduğum hər şeyi əldə edə biləcəm. Orta məktəbdə aktiv  şagird idim, amma universitetdə passiv mühitə düşdüm.Hiss edirdim ki, axtardığım bu deyil, içimdəki tam başqa bir şeydir.  Yaşıma uyğun olaraq  bir müddət sadəcə vəziyyəti müşahidə elədim. Düşünürdüm bəlkə mən nəyisə  səhv  başa düşürəm. Onu da deyim ki, 1996-cı ildə ANS-in yayım dairəsi indiki kimi deyildi. Kənddən fərqli olaraq şəhərdə hər gün bu kanalı izləyirdim. Məsələn, o zaman əgər universitetdə  dekanımız tələbələrə, bəlli adamlara səs vermək üçün təzyiq göstərdisə, ANS TV-də  isə  bunun əksini izləyirdim. Hər gün azad seçkidən danışırdılar. Dövrünə görə həqiqətən də çox obyektiv reportajlar verilirdi. Məni də elə  bu çəkdi və qərara aldım ki, ixtisasımı dəyişəcəm və jurnalistikaya gedəcəm. Düşündüm ki,daxilimdə axtardığım ədalət və azadlıq yalnız burdadır. Sırf o ədaləti axtara-axtara gedib ANS-ə çıxdım. Və orada konkurslarda iştirak etdim və çoxluğun içindən seçildim. Beləliklə hər şeyə sıfırdan başladım.

- Ona kimi universitet qəzet və ya jurnallarında nəsə yazmısınız?

- Yox heç birinə yazı yazmamışam. Çünki bunları öz tərzimə uyğun hesab etmirdim.

- Hər kəsin idealı olur, sizin idealınız kim olub?

- Qarşımda kimisə ideal kimi görməmişəm. Sadəcə verilən işin öhdəsindən gəlməyə çalışmışam. İdealım olmayıb, amma sevdiyim kəslər olub. Məsələn, Çingiz Mustafayev- istər sülh, istərsə də müharibə dövründə onun  kimi aktiv jurnalist olmağı istəmişəm. Mirşahin Ağayev qədər istedadlı olmaq istəyərdim, amma bu Allah vergisidir,  Seyfulla Mustafayev qədər ağıllı olmaq istəyərdim,  bu isə həyat təcrübəsidir, Qənirə Paşayeva (Jurnalist kimi) qədər aktiv olmaq  istəyərdim, bu isə  zəhmət  tələb edir.
Yəni aktiv jurnalistika ilə məşğul olanlar kimi olmaq biz jurnalistlərin arzusudur.  Əgər bu gün Suriyada müharibə gedirsə, bir jurnalist kimi gedib orada işləmək istəyirsən. Ora kiməsə oxşamaq üçün getmirsən ki? İçində jurnalist hissi olduğu üçün orada hər şeyi öz gözünlə görüb nəsə hazırlamaq istəyirsən. Elə bu gün də Suriya sərhədlərini xarici jurnalistlər üçün açarsa, mən mütləq ora gedərəm.

- Jurnalistikaya başladığınız gündən ANS-dəsiniz. Artıq necə ildir?

- Mən orada 98-ci ildən  işləyirəm. Gəldim və ANS-də sıfırdan fəaliyyətə başladım. Pilə-pillə orada qalxdım. Yəni bu gün jurnalistikada nə əldə etmişəmsə, ANS-in sahəsində əldə etmişəm.

- Bu qədər il eyni yerdə qalmaq sizə darıxdırıcı gəlmir? Fikirləşmirsiniz ki eynilik sizdə müxtəlifliyin yaranmasında maneçilik törədir?

- Düzdür, hamı deyir ki, eynilik insanı yora bilər, amma bir xətt üzrə də insan gedəndə nəticələr əldə edə bilər. Bu gün fizikanın, sabah tarixin, o biri gün riyaziyyatın arxasınca getsən, sonunda onları bir birinə qarışdırıb hər hansı birini mükəmməl öyrənə bilməzsən. Yəni insanın  hədəfi olmalıdır və ona doğru getmək lazımdır.
Bir də ANS-də yorucu mühit yoxdur. Bu gün bu adamla, sabah başqası ilə görüşürsünüz. Bu gün bu reportajı, sabah başqasını işləyirsən. Jurnalistika mühitində yorucu iş olmur. Bəli, mən razıyam ki, əgər gedib oturub ancaq sənədlərlə məşğul olsaydım, hər gün eyni sənədi yoxlayıb redaktə etsəydim, yorucu olardı. Amma ANS-də jurnalistlərin fəaliyyəti elə qurulub ki, sən artıq işləməlisən. Əks  təqlirdə  sən ANS-də işləyə bilməzsən.

- Belə ola bilər ki, qəfildən ANS-dən çıxmalı oldunuz, o zaman harada işləyə bilərsiniz?

- Heç kəs heç nədən sığortalanmayıb. Mənim alnıma da yazılmayıb ki, ömrümün sonuncu gününə qədər ANS-də işləyəcəm. Sözsüz ki, ANS-dən çıxmış olsam yenə də jurnalist fəaliyyətimi davam etdirərəm, müstəqil və bitərəf olan mətbu orqanda və ya qəzetdə, televiziyada işləyərəm. Ən əsası odur ki, sözümü deyə biləcəyim yer olsun.
Bir də düşünürəm ki, sözsüz ki mən ictimai fəaliyyətlə məşğul olsaydım, orada da özümü rahat hiss edərdim. Uşaqlıqdan beynimdə bir düşüncəm var idi ki, kimsəsiz uşaqlara sahib çıxım, sözsüz buna maddi imkanım olarsa, onlara böyük dəstək olum, ya da özümə kitab evi açıb orada çalışım.

- Deyəsən Azərbaycan jurnalistləri arasında prezidentlərdən ən çox müsahibə alanlandan biri  sizsiniz?

- Yox belə deməzdim. Məndən çox rekord vuranlar olub, elə Mirşahin müəllim, Qənirə Paşayeva. O kəs yox idi ki, Qənirə Paşayeva onunla müsahibə etməsin. Sadəcə beynəlxalq tədbirlərdə iştirak edərkən orada prezidentlər bir araya gəlirlər və ona görə sən onların hamısı ilə işləməyə məcbur olursan. Ona görə də bu çox görsənir..

- Heç prezidentlərdən aldığınız müsahibələri saymısınız?

- Yox, elə bir say aparmamışam. Ümumiyyətlə,  müsahibə apardığım kəslərin siyahısını tutmaq  ağlımın ucundan belə keçməyib. Amma sözsüz  ki onların içərəsində çox maraqlı  müsahiblərim  də olub.

- Hansı prezidentlə müsahibə sizin üçün maraqlı olub, sizdə böyük təəssürat yaradıb?

- Azərbaycanın prezidenti İlham Əliyevlə də müsahibəm çox maraqlı olub. Həqiqətən də beynimdə o müsahibə xüsusi yer tutur. Eyni zamanda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla olan müsahibələr də məndə silinməyəcək izlər buraxıb.

- Siz həm ölkə daxilində həm də xaricdə yüksək vəzifədə olanlardan müsahibə almısınız.  Fərqlər hiss olunur?

- Bu mənada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla müsahibəni xatırlaya bilərəm.Yəni onun qarşısında oturan jurnalistin sıxılmağına ehtiyac qalmır. Təsəvvür edirsiniz, dünyanın taleyini həll edən liderlərin birindən müsahibə alırsız, amma nüfuzunun çəkisini sizə hiss etdirmir. Mənə elə gəlir ki, bu, jurnalist üçün çox vacib məqamdır. Jurnalistin işi təmsil etdiyi mətbuat orqanı maraqlandıran suallara cavab almaqdır. Qarşı tərəf də sənə bu şəraiti yaradır. Bundan ötə heç nə yoxdur.

- Eləcə də sizin bir çox xarici telekanallar, mətbuat orqanlarında da müsahibələriniz gedib. Xarici jurnalistləri sizdə cəlb edən nə olub?

- Əslində mən belə deməzdim. Amma İranda parlament seçkiləri zamanı və Türkiyədə olanda  xarici jurnalistlərə müsahibə vermişəm. İranda prezident seçkilərindən sonra baş qaldıran ixtişaşlar zamanı ANS-in əməkdaşı olaraq mən orada işləyirdim. O zaman BBC, Azadlıq, SNNTürk-ə oradan materiallar hazırlamağa  geniş şərait yaradımamışdı. Məhz bu səbəbdən onlar jurnalist kimi mənim  məlumatlarımdan istifadə edirdilər. Sözsüz ki, onları bir mənim  bir qadın olaraq İranda  işləməyim də maraqlandırırdı və  bu səpkili suallara cavab verməli olurdum. Türkiyədə isə  Asiyada təhlükəsizlik  Zirvəsində aktiv işlədiyim üçün əcnəbi jurnalistlərin diqqətini çəkmişdim və onlar məndən müsahibə götürmüşdülər. Yadımdadır, mənim oturduğum stola “Cin qız”  yazılmış  kağız yapışdırmışdılar. Düzdür, ilk dəfə bu sözü  mənə məktəbdə sinif müəllimim demişdi. O zaman bu sözdən xoşum gəlməmişdi. Sonra iş yerimdə də  tez tez mənə «Cin kimisən» deyirdilər, amma xaricdə bu sözü eşidəndə fikirləşdim ki, deyəsən həqiqətən məndə nəsə var.

- Sizi jurnalistikanın zirvəsində saysaq, yuxarıdan aşağı necə görsənir? Yıxılmaqdan qorxmursunuz?

- Əstəfurullah. Mən hələ jurnalistikanın zirvəsində yox, aşağı pilləsindəyəm. Jurnalistikanın zirvəsini fəth eləmək üçün hələ çox işləmək lazımdır.

- Belə bir fikir var ki, Qənirə xanım hara getsə, bütün çətinliklərə baxmayaraq, o xəbəri alıb gətirəcək. Yəni  baxmırsınız bu iş çətindir ya asandır?

- Hər kəsin içinidə bir inam var. Məndə belə bir inam var ki, Allahın izni ilə əgər mən bu yola çıxıramsa, fikirləşirəm ki, sonuna çatmalıyam. ANS özəl televiziya olduğu üçün biz xarici reoprtajlara gedəndə bütün xərci kanal çəkir. Əgər təmsil etdiyin qurum bu qədər xərc çəkib səni xaricə xəbər arxasınca göndərirsə, sən də özünün məsuliyyətini dərk etməlisən. Səmərəli iş görməlisən. Məsələn, sonuncu dəfə “Suriya xalqının dostları” adlı toplantıya getmişdim. Mən ora  qapıdan girib,mikrofonu qoyub, sadəcə onların danışdığını gətirmək üçün getməmişdim. Mütləq mənada  sən orda müxalifətlə, Suriyadan gələn tərəfkeşlərlə, ora gələn beynəlxalq təşkilatların nümayəndəliri ilə görüşürsən, hər kəsin fikrini öyrənirsən.

- Sizin üçün elə bir iş olubmu ki, deyəsiniz ki, “bu kişi  işidir, mən buradan o tərəfinə gedə bilmərəm”. Bariyer olubmu?

- İnanın ki, yox. Mən kişi ya qadın ayıra bilmirəm. Məsələn, biz burada oturmuşuq və mənim ağlıma gəlmir ki, kim kişidir, kim də qadın? Mənim üçün kişi-qadın münasibətləri ancaq sevgidədir. Cəmiyyətdə mənim üçün nə fərqi var ki, bu  qadındır ya kişi? Və ya hər hansı bir işin dalınca kişiylə çıxırsan ya qadınla? Bunun heç bir fərqi yoxdur.
Mən Vandakı zəlzələyə gedəndə 2 kişiylə getmişdim, biri taksi sürücüsü, digəri isə Polad adlı operator. Bir gecə yol getdik, 3 gün 3 gecə Vanın küçələrində qaldıq, yatmağa yer yox idi. Birinci gecə, mən qürur elədim ki, mən çöldə yatıram? Amma ikinci gecə maşında yatdım. Yəni maşında yatanda da sənin yanındakılar yoldaşlarındı. Mən düşünməmişəm ki, onlar kişidir. Bir sözlə, mənim üçün fərqi yoxdur.

- Heç kişi döymüsünüz?

Uşaq vaxtı olub. Mənim bir velosipedim var idi, qardaşımla şərikli sürürdük. Qardaşım məndən bir neçə yaş balaca olduğu üçün onu həmişə müdafiə etməli olurdum. Bir dəfə küçədə uşaqlar velosipedi qardaşımdan almaq istəyirdilər. Mən də onu incidən uşaqları velosipedin arxasında oturtdum və meşəyə sürdüm. Bizim aranda da süni salınan iydə meşələri mövcud idi. Bizim rayonda yaxşı oxuyan uşağa hörmət edildiyi üçün onlar məndən çəkinirdilər. Yəqin ona görə, onları döyəndə mənim qarşımda heç nə etmədilər. Amma indi düşünürəm ki, insan döymək vəhşilikdir.

- Bəs ailədə bu balansı necə qoruyursunuz? Yoldaşınız xarici səfərləriniz zamanı narazılığını ifadə etməyib?

- Bizdə ailədə elə problem olmayıb. Əsas qarşılıqlı inam olsun. İnam sevgi öləndə sarsılar. Hər halda inam, etibar, sevgi-bunların üçünün  toqquşduğu  bir  nöqtə var. Bunun biri ölsə zəncir qırılır.

- Bu vəziyyəti əldə saxlamaq üçün nəsə edirsiniz? Yoxsa özü belədir?

- Düzünü desəm yox. Mən beləyəm, işləməsəm yaşaya bilmərəm. Bunu yoldaşım da bilir. Məsələn, birinci uşaq olanda  evdə qərara gəldilər ki, mən artıq işləməməliyəm. Biz bunu sınadıq, yəni mən evdə oturmalı və yalnız uşaqla məşğul olmalı idim. Hər bir Azərbaycan kişisi kimi bu Anarın qərarı idi. Amma aylar keçdikcə mənim işləmək həvəsim daha da artırdı. O da gördü ki, mən işsiz qala bilmərəm, dəli olaram. O zaman yenidən işə qayıtdım. Yəni Allahın sənə verdiyi enerjini gərək istifadə edəsən. Mən də enerjimi işdə sərf edirəm.

- Bizim cəmiyyətdə jurnalist qadına münasibət birmənalı deyil. İndiyə qədər bununla bağlı nələrlə rastlaşmısız?

- İndiyə qədər hiss etməmişəm ki, kimsə mənə qadın kimi baxa bilər. Getdiyim müsahibədə də düşünmürəm ki, qarşımdakı kişidir ya qadın?  Onun cinsi məni düşündürmür. Ancaq düşünürəm ki, bu məmurdur, bunudan nə soruşa bilərəm. Bunun fikirləri mənim reportajımdma harada yerləşəcək. Bir də düşünə bilərəm ki, necə cahil adam idi və ya necə savadlı insan idi. Bu yaxınlarda  hüquqşünas Əlsəgər Məmmədli ilə müsahibəyə getmişdim. Onunla müsahibə zamanı onun nitqinə, düşüncəsinə sadəcə vuruldum. Onun danışdığı hər kəlmədən nəsə öyrənirsən.
Və ya Konyada Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun evində jurnalistlərlə birgə olduğum zaman. O, Mövlanədən, Cəlaləddin Rumidən, siyasətdən danışdı. O danışdıqca sən heyran olursan. Görürsən ki, insanlar necə gözəl, dərin biliklərə malikdir.

- Bəs bizim məmurlar arasında elə insanlara rast gəlmisiniz?

- Bizdə də  kifayət qədər savadlı kəslər var. Məsələn Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov. Qərb təhsilli olan bu şəxs  həm də  dərin iqtisadi biliklərə malikdir. Bu  siyahını çoxaltmaq da olar. 

- Həmkarlarınız belə fikir səsləndirir ki, ANS-də həm də ən çox “çərçivəyə sığmayan”  jurnalistlərdənsiniz? Bu redaksiya daxilində səslənən yumoristik deyimdir, yoxsa reallıq?

- Əgər sərhəd mənasını nəzərdə tutursunuzsa, istədiyim vaxt sözümü deyə bildiyim üçün bu mənada bu  fikir səslənə bilər. Nəyisə bəyənmirəmsə, elə həmin an deyəcəm ki, “bu mənim xoşuma gəlmir”. Bəlkə də deməmək lazımdır, insan bir az siyasətcil olmalıdır. Amma mən belə deyiləm.

- ANS-in kurslarında dərs deyirsiniz?

- Mən kurrslarda dərs demirəm, amma ANS-ə təcrübə keçmək istəyən tələbələrin  bir neçəsi mənim yanımda olub. Çalışmışam ki, nə lazımdırsa öyrədim.

- İndiki cavan jurnalistləri necə qiymətləndirirsiniz?

- Məncə hamısı yaxşıdırlar. Fikirləşirəm ki, gənclər bizdən daha yaxşıdır. Məsələn, mənim indi 32 yaşım var, biz təzə başlayanda texnologiyalar bu qədər inkişaf  etməmişdi. Texniki imkanlar bu qədər deyildi. Məsələn, bir montaj stolundan iki proqram asılı idisə, indi  hər kəsin öz montaj aparatı var. Dil qabiliyyətləri bizdən daha üstündü. Yəni imkanları geniş olduğu üçün fikirləşirəm ki, onlar bizdən daha yaxşı olacaqlar.

- Ümumiyyətlə, bu gün televiziya məkanın verdiyi xəbərlər qaneedicidir?

- Azərbaycan teleməkanında verilən xəbərlərin səviyyəsini elə də yüksək hesab etmirəm. Sanki ölkədə xəbər yetişmir. Bunun da  bağlı olduğu səbəblər var.

- Rus, o cümlədən türk televiziyalarının jurnalistləri mətbuatda köşə yazıları ilə çıxış edirlər. Ola bilər ki, siz də bu praktikadan istifadə edəsiniz? Ümumiyyətlə necə fikirləşirsiniz bu cür praktikanın bizdə olmamağının səbəbi nədir?

- Bizdə də tam yoxdur deməzdim. Amma azdır. Əgər məni soruşursunzsa, bir neçə dəfə yazmaq istədim  hətta yazdım da. Lakin sonradan mətbuata göndərməkdən vaz keçdim... Səbəb isə  çox sadə idi. Yazıramsa, bunun davamı olmalı idi. Amma nəzərə alsaq ki, mənim işim çoxdur, deməli davamlı yazmaya bilərdim. Mən indi ANS-də həftədə 1 saatlıq proqram hazırlayıram, bunu tək-tənha edirəm, montajından tutmuş bütün işləri özüm edirəm, bircə operator işindən başqa. Mənim vaxtım qalmır ki, köşə yazam.

- Televiziya aparıcılarının geyimlərini necə qiymətləndirirsiniz? ANS-in xəbər aparıcıları geyimləri ilə fərqlənir ya yox?

- Bu çox ciddi məsələdir. Azərbaycanda görürsən ki, bəzən xəbər aparıcıları təmtaraqlı bijuteriyarlardan istifadə edirlər, efirə çıxanda saçlarını çox bər-bəzəkli edirlər. Mənə elə gəlir bu bizə Türkiyə televiziyasından gəlib. Amma Rusiya telekanallarına baxanda daha çox sadə, klassik geyimlərdə olan aparıcıları görürsən. Mən də təbiətən sadə geyimlərə meyilliyəm. Bu gün Azərbaycan teleməkanında bu iki tendenseyanın ikisi də görsənir. Düzdür, bu onların öz seçimləridir və mən onların işinə qarışa bilmərəm. Amma istəyərdim ki, tamaşaçını daha çox aparıcının geyimi,saçı yox, verdiyi xəbər maraqlandırsın.

- Verilişlərə öz geyimlərinizlə çıxırsınız, yoxsa reklam olunan firmanın? O paltarları sonra neyləyirlər?

- Bizə geyimi  fərqli firmalardan gətirirlər və ANS-də bu işi icra edən xanım var.  Zövqümüzü Aynur xanıma etibar edirik. Amma elə olur ki, mən öz paltarlarımı da geyinməli oluram.

- Ümumiyyətlə, bu geyimləri təkrar-təkrar istifadə etmək, başqasının geyindiyini geyinmək çətin olmur ki?

- Əslində təkrar-təkrar gələndə problemlərlə qarşılaşıram. Amma şükür Allaha məni geyindirən firmanın göndərdiyi paltarları tək istifadə edirəm. Ona görə problemim olmur. Həm də mən geyinəcəyim paltara belə ədalətlə yanaşıram. Belə ki mən bu paltarı efirdə geyincəm deyə bütün günü onda gəzmirəm. Efirə bir dəqiqə qalmış geyinirəm və veriliş bitəndən sonra dərhal çıxardıram.  Çünki o paltarı sabah kimsə ala bilər. Kifayət qədər bahalı paltarlardır. Biz onları çirkləndirsək, pulunu verib almalıyıq. Bunların baş verməməsi üçün geyindiyim paltarı qoruyuram.

- Bir zamanlar ANS xəbərləri ən çox izlənən idi, amma bu gün bu göstərici aşağıdır, siz bununla razısınız?

- Bilirsiniz bu nə ilə bağlıdır. Bir zamanlar ANS insanların dediyi tək kanal idi ki, biz həqiqətən də tək idik. Amma bu gün ANS olan məkanda gör nə qədər televiziyalar var. Ona görə tamaşaçı paylanır.

- ANS fərqliliyini qoruya bilib, yoxsa yox?

- Əlbəttə ANS-in öz dəsti-xətti var və o dəsti-xətt ancaq ANS-ə məxsusdur. Əgər  bu gün yenə də ictimaiyyətdə bu fikir qalırsa ki “bu xəbəri ANS deyirsə, deməli düz deyir”, deməli ANS öz  xəttini qoruyur.

- Ailə, iş, üstəlik xarici səfərlər. Uşaqlarınız anaları üçün darıxmırlar ki?

- Mənim iki oğlum var. Böyüyünün 7 yaşı var, adı Fərhaddır, kiçiyimin 4 yaşı var, adı Ceyhundur. Şhükür Allaha, uşaqlarım körpəlikdən sakit olublar. Yəni gecələr yuxusuz qalan analardan olmamışam. Həm də  qaynanam Məhruyyə xanım mənə dayaqdır. Məncə Azərbaycanda ondan yaxşısı yoxdur, çox gözəl qadındır. Bəzən  balaca oğlum istəyir ki, onun yanında çox qalım. Keçən il bazar günü dincəlirdim və bütün günümü uşaqlarıma həsr edirdim. Amma bu il istirahət günü işə çıxıram. İstirahət günüm birinci gündür. Onlar da dərsdə olurlar. Balaca oğlum bəzən gəlir, deyir “ana bu gün bizdə qal, xahiş edirəm”.  Onun  ən çox mənə verdiyi sual budur. Evdə nə vaxt qalacaqsan?  Düzdür son 6 ayda onlarla yaxşı vaxt keçirə bilmirəm. Amma inşallah  inanıram ki, gözəl günlərin yaşamaq üçün bu  yaz vaxtım bol olacaq.  Ümumiyyətlə,  mənim düşüncəmə görə,şərt o deyil ki, sən uşağın yanında nə vaxt olursan. Şərt odur ki, sən uşağın yanında hansı keyfiyyətlə olursan. Mən həyatımı proqramlaşdırmışam. Hər işimi də bu proqramla görürəm. ANS-dəki digər aparıcılar da həyatlarını beləcə proqramlaşdırıblar.

- İstərdinizmi övladlarınızdan hansısa yolunuzu davam etdirsin?

- O onların öz işidir. Amma xəbər duyumları var. Qışda balaca oğlum şkafa çıxıb onu aşırmışdı. Böyük oğlum isə həmin anda kameranı götürüb hər şeyi çəkib. Uşaq yaralandığı üçün xəstəxanaya müraciət elədik  və qanunla da bizə polis  gəlməli oldu.  Polis  uşağın yaralanma  şəraiti ilə maraqlananda Fərhad çəkdiklərini onlara göstərmişdi. O zaman polis bizim dediklərimizə inandı.  Amma hər bir ana kimi mənim də onlarla bağlı arzularım var. Onları peşəkar bir cərrah kimi görmək istəyərdim. Bu sadəcə mənim  arzularımdı. Fərhad isə “mən kosmanovt olacam, kosmosa gedəcəm” deyir. Hansı ki, balaca vaxtı mən də olmaq istəyirdim. Bəzən deyir ki “mən xəfiyyə olacam, sizi qoruyacam” deyir. Amma bəzən mənim fikirlərimlə razılaşır və həkim olacağını deyir. Sözsüz ki, mən onları dövlətinə, dininə, millətinə layiqli övlad görmək istəyirəm.

- Boş vaxtınız əgər olursa, nə ilə məşğul olursunuz? Hobbiniz nədir?

- Axır zamanlar kitablar oxuyuram. İndi Bernhard Şlinkin “Qirayətçi” romanını oxuyuram.

- Bir çox ölkədə olmusunuz, arzuladığınız, getmək istədiyiniz və hələ də gedə bilmədiyiniz yer var?

- Bəli, mən Asiyanın ucqarlarını addım-addım gəzmək istəyərdim. Çünki dünya Avropaya inteqrasiya edir. Amma mən bilirəm ki, gözəllik Şərqdədir. Şərqi addım-addım gəzib burda yaşayan xalqların yaşam tərzlərini, mədəniyyətini öyrənmək istəyərdim. Çünki mədəniyyətin beşiyi məhz Şərqdədir.

- Sosial şəbəkələrdən istifadə edirsiniz? Necə baxırsınız sosial şəbəkədən istifadə etməyə?

- Bəli, istifadə edirəm və bundan istifadə edənlərə də normal baxıram. Sosial şəbəkə insanların ortama gəldiyi bir yerdir. Orada insanlar kollektivləşirlər, ictimailəçşirlər, nəyisə bölüşə bilirlər. Bir zamanlar  kişilər bunu çayxanalarda, qadınlar isə hamamlarda edirlər. İndi  isə inkişafa uyğun olaraq forması dəyişib. Düzdür Sosial şəbəkələrdən indi reklam üçün də istifadə olunur amma düşünrəm ki, bu da bir mərhələdir. Əsas odur ki, onun ifratına varmayasan, oradan xeyirli bir şey götürə biləsən.











Aytən ƏLİYEVA
Sevinc İLTİFATQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?