Modern.az

Azərbaycandakı türmələrdə məhkumlardan 140 litr spirtli içki, 89 telefon aşkar edilib

Azərbaycandakı türmələrdə məhkumlardan 140 litr spirtli içki, 89 telefon aşkar edilib

6 Yanvar 2010, 22:06

Modern.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən bildirilib ki, çəzaçəkmə yerlərinə qadağan olunmuş əşyaların gətirilməsinin qarşısının alınması, habelə narkomanlıqla mübarizə üzrə Dövlət Proqramının icrası daim diqqət mərkəzində saxlanılır. Belə ki, 2009-cu il ərzində penitensiar müəssisələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 3100-dən artıq qadağan olunmuş əşya, o cümlədən 747 kəsici-deşici alət, 140 litr spirtli içki, 89 telefon aparatı aşkar edilərək götürülüb.
İl ərzində 207 qram müxtəlif narkotik vasitə, o cümlədən 153,8 qram heroin aşkar edilib, ümumilikdə 41 fakt müəyyən olunub, 22 məhkum, habelə gizli yolla narkotik vasitə keçirməyə çalışan 16 görüşə gələn şəxs, məhkumların yaxınları və eyni zamanda penitensiar müəssisələrin 3 əməkdaşı ifşa edilib.
Ötən ilin təkcə dekabr ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1, 6, 10, 12 nömrəli cəzaçəkmə müəssisələrində və həbsxanada 7 fakt müəyyən olunub. Həmin faktlarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.
Əməliyyat məlumatlarına əsasən, dekabrın 29-da 12 nömrəli cəzaçəkmə müəssisəsinə baxış zamanı məhkumlar Eynulla Fətullayevdən 0,223 qram, Şahin Şəmsiyevdən 0,081 qram heroin aşkar edilərək götürülüb. Faktlar, qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilib və materiallar aiddiyyəti üzrə Qaradağ Rayon Polis İdarəsinə göndərilib.


Penitensiar Xidmət bəzi hüquq müdafiəçiləri və QHT nümayəndələrini faktları təhrif edən və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışmaqda günahlandırıb.  
Penitensiar Xidmət bildirib ki, qanun qarşısında hamı bərabərdir və hər bir hüquq pozuntusunun qarşısı qətiyyətlə alınacaq, məhkumlar arasında bu sosial bəlanın yayılması ilə mübarizə gələcəkdə də davam etdiriləcəkdir.


Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cəzaçəkmə müəssisələrində 4845 məhkum saxlanılır. 2797 narkoman məhkəmələr tərəfindən məcburi müalicəyə cəb edilərək Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 2 narkoloji şöbəsində müvafiq müalicə alır.
Xatırladırıq ki, məhkumların qohum və yaxınları tərəfindən narkotik vasitələrin gizli yollarla ötürülməsi həm məhkumların bu bəladan müalicəsini heçə endirir, həm də onların özlərinin məsuliyyətə cəlb olunması ilə nəticələnir.
Buna görə Penitensiar Xidmət vətəndaşları belə əməllərdən çəkinməyə və məhkumların cəmiyyətə sağlam qayıtmasına kömək göstərməyə çağırıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir