Modern.az

Mətbuat cəmiyyətin problemlərini işıqlandıra bilirmi? (redaktorların fikirləri)

Mətbuat cəmiyyətin problemlərini işıqlandıra bilirmi? (redaktorların fikirləri)

7 Yanvar 2010, 16:01

Cəmiyyətimiz müxtəlif problemlər yaşayır. Bu problemləri gündəmə gətirmək, onları işıqlandırmaqla aidiyyatı qurumların diqqətinə çatdırmaq təbii ki, dördüncü hakimiyyətin əsas vəzifələrindən biridir. Qəzetlər sözügedən məsələyə nə qədər diqqət ayıra bilirlər, onlara şikayət xarakterli məktublar çoxmu daxil olur? Modern.az bunu redaktorların özlərindən soruşub.

“Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan deyib ki, cəmiyyətin problemlərini işıqlandırmaq KİV-in əsas vəzifələrindən biridir: “Yeni Müsavat Azərbaycanda nəşr olunan azsaylı qəzetlərdən biridir ki, demək olar hər gün bu və ya digər şəkildə ölkə vətəndaşlarının şikayətlərini, onların üzləşdiyi problemlərlə bağlı məsələləri öz səhifələrində işıqlandırır. Vəziyyət o həddə çatıb ki, bələdiyyə seçkilərindən sonra hətta hakim Yeni Azərbaycan Partiyasının üzvləri belə, bizim qəzetə müraciət edirlər. Bizim qəzet hansısa ölkə vətəndaşının problemi ilə bağlı məsələni ictimailəşdirəndə, əksər vaxtlarda onun problemi həll olunub. Vətəndaçlar dəfələrlə məhkəmə, icra hakimiyyəti və digər orqanlarda üzləşdikləri problemlərin həllinə kömək etdiyimizə görə bizə öz minnətdarlıqların bildiriblər. Təbii ki, bu, bizim üçün xoşdur. Amma bəzən eyni məsəıləni bir neçə dəfə yazmalı oluruq. Problem həll edildi, edilmədi biz hər zaman vətəndaşlarımızın haqqını müdafiə edirik. Bu kursu da həmişə davam etdirəcəyik”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, imkan daxilində sosial problemləri işıqlandırırlar: “Birmənalı şəkildə demək çox çətindir ki, Azərbaycan cəmiyyətində mövcud olan bütün problemləri işıqlandırmaq mümkündür. Bu məsələlərdə redaktor-oxucu münasibətləri və informasiya əldə etmək də əsas rol oynayır. Mətbuat Şurasının və KİV-ə Dövlət Dəstəyi Fondunun atdığı addımlara baxmayaraq dövlət strukturları ilə media arasında əlaqələr qənaətbəxş deyil. Bu baxımdanda müəyyən çətinliklər yaranır. Problemləri araşdırdıqda qarşı tərəfin münasibətin öyrənmək mümkün olmur. Çalışırıq Azərbaycan insanını nə maraqlandırırsa onun nəbzini tutaq və ona uyğun addımlar ataq”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı cəmiyyətin problemlərinin hər zaman bu nəşrdə işıqlandırıldığını deyib: “Bizə çoxlu sayda şikayət və müraciətlər daxil olur. Biz də onları cəmiyyətin diqqətinə çatdırırıq. Əslində heç bir mətbuat orqanı istintaq funksiyasını yerinə yetirməməlidir. Biz də normal qaydada problemlər barədə yazılar dərc edirik”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də onlara çoxlu müraciətlərin daxil olduğunu deyib: “Bizim qəzet nəinki problemləri işıqlandırmaq, hətta cəmiyyəti maraqlandıran suallara da cavab vermək gücünə malikdir. Hesab edirəm ki, “Səs” qəzeti sosial problemlərin aradan qaldırılmasında bilavasitə vasitəçi rol oynayır. Ona görə ki, bizə müxtəlif məsələlərlə bağlı müraciətlər həmişə daxil olur. Elə problemlər var ki, məmurların yerlərdə işini düzgün icra etməməsi səbəbindən yaranır. Bunlar xüsusi diqqətlə araşdırılır. Biz bu məsələlərin həm həllində yardımçı oluruq, həm də ictimaiyyətə çatdırmaqda köməklik göstəririk”.

“Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlu bütün problemləri mümkün qədər işıqlandırmağa çalışdıqlarını deyib: “Bizə müraciətlər ediləndə, imkanımız olduğu qədər baxırıq, yazırıq, çap edirik”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də eyni fikirdədir: “Hər halda cəhd edirik. Ancaq bu barədə nəyə geniş danışmaq düşünürəm ki, təvazökarlıqdan bir qədər uzaq olmaq demək olardı. Buna oxucuların və kənar şəxslərin fikirləri daha obyektiv görünərdi. Yalnız onu deyim ki, gün ərzində Azərbaycanın müxtəlif bölgələrindən saysız məktublar alırıqsa, bu faktın özü ictimaiyyət tərəfindən bizə verilən dəyərdir. "Bakı-Xəbər" qəzeti cəmiyyətin və insanların problemlərinə biganə deyil”.

“Kaspi” qəzetinin baş redaktoru Nurəddin Heydərli imkanları çatdığı qədər cəmiyyətin problemlərini ictimailəşdirdiklərini deyib: “Biz layihəmizi həyata keçirəndə daha çox şikayətlər daxil olurdu. Bəzən köhnə ənənə ilə məktub formasında şikayət yazanlar da var. Ancaq insanlar öz həyatlarına biganədirsə, mətbuatın da bunu işıqlandırmasının əhəmiyyəti yoxdur. Əgər geniş kütləni bəzi problemlər maraqlandırmırsa, biz də məcbur olub beynəlxalq siyasət, şou-biznes və bu kimi məsələlərdən yazırıq. Mən düşünürəm ki, bunlar bizim insanları daha çox maraqlandırır, nəinki kənardakının problemini oxuyub, maraqlanmaq”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay da insanların problemlərinə yer verdiklərini deyib: “Qəzetin birbaşa funksiyası insanların problemlərini araşdırmaqdır. Təbii ki, bizə şikayətlər daxil olur. Qəzetdə işləyənlər də cəmiyyətin bir üzvləridir. Ancaq bəzən mənasız məktublar da göndərilir. Çalışırıq mümkün qədər qəzetdə şikayətlərə, təkliflərə yer ayıraq”.

“Üç nöqtə” qəzetinin redaktoru Şahin Əliyev hər zaman redaksiyaya daxil olan bütün şikayətlərin işıqlandırıldığını deyib: “Demək olar ki, əksəriyyət problemləri qəzetdə dərc edirik. Bizə həm şikayət məktubları daxil olur, həm də əməkdaşlarımızın özləri cəmiyyətdə gördükləri problemli məsələlərə barədə yazılar hazırlayırlar”.

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadənin sözlərinə görə, yazılı mətbuatın səhifələrində cəmiyyətin problemlərinə müəyyən qədər yer ayrılır: “Problemlər tükənməzdir . Tükənməz olan bir şeyi də kifayət qədər işıqlandırmaq qeyri-mümkündür. Ancaq mətbuatda duna diqqət var. Bir qisim qəzetlər problemin həlli yollarını axtarır, müvafiq qurumların nəzərinə çatdırır. Bəzi qəzetlərsə faktı mənsub olduğu təsisçinin baxışlarına uyğun tərtib edir. Bu da balansın pozulmasına gətirib çıxarır. Arzu edərdik ki, media problemləri yazarkən bütün aspektlərə diqqət yetirsin”.

Günay MUSAYEVA


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir