Modern.az

Türkiyəni heykəlləşdirən azərbaycanlı - MÜSAHİBƏ

Türkiyəni heykəlləşdirən azərbaycanlı  - MÜSAHİBƏ

23 Aprel 2012, 09:32

Qardaş ölkədə 64 abidənin müəllifi Anar Eyni: Bakıda ən gözəl heykəl Füzuli heykəlidi


Onu Azərbaycanda çox az adam tanıyar. Əslində, buna görə bəlkə Onun özünü də qınamaq olar. Çünki, özünü reklam etməyi xoşlamır. Yalnız çalışır, yonur, yaradır.
Anar Eyni - Bakıda dünyaya göz açan, abidə və heykəlləri Türkiyənin dörd bir yanını bəzəyən azərbaycanlı.   

Onunla uzun müddətdən bəri nəzərdə tutduğum müsahibə nəhayət, alındı. İnanıram ki, sizlər üçün də maraqlı olacaq, dəyərli oxucularımız.

"Atatürk heykəl yarışmasında birinci oldum"

- Anar bəy, öncə istərdim özünüz haqqında oxucularımız bilgi verəsiniz. Çünki, Türkiyədə sizi kifayət qədər tanısalar da, Azərbaycan belə deyək ki, öz qəhrəmanından xəbərsizdir...

- 1973-cü ildə Bakı şəhərinin Biləcəri qəsəbəsində anadan olmuşam. Sonra Əzim Əzimzadə adına rəssamlıq məktəbini və Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini bitirmişəm.

- Necə oldu ki, Türkiyəyə, Konyaya getdiniz?

- Son sinifdə ikən Türkiyəyə 1999-cu ildə beynəlxalq simpoziuma getdim. Türkiyədə olarkən İzmir şəhərində yaşayan bir dostumu ziyarətə getmişdim. Həmin zamanda İzmirdə Türkiyə daxilində "Atatürk, gənclik və demokratiya" adlı bir yaradıcılıq yarışması var idi. O yarışmaya mən də bir heykəl kompazisiyası ilə qatıldım. Vizamın bitməsinə 7 gün qalmışdı. Tam vizmın son günündə yarışmanı udduğum məlum oldu. Atatürk heykəl yarışmasında birinci oldum. Heykəli Türkiyədə dostlarımın yanında hazırlamışdım. Kiçik bir heykəl idi. İzmir şəhərində Süleyman Dəmirəl meydanında 14 mertlik bir heykəl qoyuldu. Mən orada qalıb heykəli hazırladım. Sonra o abidəni Səlcuq Universitetinin rektoru gördü. O rektorun dəvəti ilə Səlcuq Universitetinə getdim və orada Anadolu səlcuqlarının rəhbəri olmuş Ələddin Keyqubad heykəlinin sifarişini aldım və işləməyə başladım. 7 metrlik abidə indi Konyada Səlcuq Universitetinin girişində qoyulub.

- Heykəltəraşlıq sənətini seçmək istəyi sizdə hardan yaranıb. Bir qaynağınız olubmu?

- Anamın atası - babam ağac işlərində çox maraqlıydı, oymaçıydı. O zamandan marağım var idi. Sonra atam Yuri Qaqarin adına məktəbə yazdırdı məni, orada heykəltəraşlıq dərsləri aldım. Heykəltəraşlığı sevdiyim üçün "Əzim Əzimzadə" məktəbi və Rəssamlıq Akademiyası hamısı bir yerdə 2 illik heykəltəraşlıq dərsləri almışam.

- Türkiyədə daha hansı heykəlləriniz var?

- Türkiyədə 64 böyük heykəlim var. İstanbulda Nişantaşında, İzmir, Tarsus, Adana, Mersin, Bolu, İsparta, Konyada heykəllərim var. Sənət həyatımda şəxsiyyətimizin formalamasında böyük rolu olmuş insanların heykəllərini işləməyi sevirəm. İlk işlərimi bəyənən insanlar mənə elə bu mövzuda işlər sifariş etməyə başladılar. Məsələn, Osmanlının 700-cü il dönümündə Osmanlı parkına Osman Qazi heykəlini işlədim. O heykəl bəyənildi. Sonra İzmirin kiçik bir ilçəsinə Dədə Qorqud heykəli işlədik. Sonra yenə İzmir Ege Universitetinə Fikrət Türkmən adlı bir professor var, Türk Dünyası İnsititutun qabağına Gültəkin abidəsi qoyduq. Üzərindəki bütün yazılar orijinaldır. Başqa türk böyüklərindən Bilgəxanın, Əbülfəz Elçibəyin heykəllərini qoymuşam.

- Elçibəyin heykəli necə meydana gəldi?

- Əbülfəz Elçibəyin heykəli Türkiyədə Çukurova bölgəsində  Ceyhan adlı bir şəhər var. Böyük strateji əhəmiyyəti olan bir şəhərdir. O şəhərdə Hüseyn bəy adlı bir bələdiyyə başqanı vardı. Heykəl dilində yarıfiqur dediyimiz bir büstdür. Elçibəy parkı üçün 1,2 - 2,7 sm-lik bir heykəl işlədim. Bu heykəli işlərkən böyük zövq aldım. Bu zövqə və Elçibəyə görə sifarişçi qurumdan pul istəmədim. Materialın pulunu da götürmədik. Müstəqilliyimizdə böyük rol oynamış bir liderin heykəlini böyük bir qururla işlədik. Mən sadə bir sənətkaram və mənim vətənimə kiçik də olsa, bir xeyrim dəymişsə mən bununla qürur duyuram.

- Maraqlıdır, Bəyin heykəlini yonarkən, Onun hansı halını gözünüz qarşısında canlandırırdınız?

- Mən Elçibəyi iki dəfə görmüşəm. Bir dəfə mitinqdə, bir dəfə isə çox yaxından, amma şəxsən tanışmağıma fürsətim olmamışdı. Elçibəyin hakimiyyəti dönəmində Azərbaycanda yaşayırdım, televizorda da çox görmüşəm. Qayğılı bir Elçibəy heykəli yaratmışam. Bu heykəldə Bəyin simasında bütün Türk Dünyasının böyük sıxıntıları var. Elçibəy Türk Dünyasının sevilən simalarından biridir. O Türkiyədə də sevilən insandır. Qayğılı, bir az yuxarı baxan Elçibəy heykəli...

- Elçibəyin burada qəbrüstü abidəsi var. O heykəli görmüsünüz, bəyənirsinizmi, bir peşəkar kimi?

- Gözəl bir qəbirüstü heykəldir. Amma Elçibəyə daha gözəl bir heykəl lazım idi. Azərbaycanda qəbirüstü heykəllər doğru deyil. Onun üçün şəhərin mərkəzində gözəl bir heykəl ola bilər. Bir heykəli işlərkən onu sevmək lazımdır.

- Türkiyədə 64 heykəliniz var. Bu əsərlər arasında hansını şah əsəriniz hesab edirsiniz?

- Ələddin Keyqubadin heykəlini.

- Azərbaycandan təklif almamısınız ki?

- Yox, yox almamışam. Türkiyədən kənarda Suriyada Nəsiminin heykəlinin yanına bir heykəl üçün Hələb şəhərinə təklif verdik və cavab gözləyirik. Bir də Sankt-Peterburqda bir heykəl layihəsi var, amma hələ dəqiqləşməyib.

- Türkiyədə heykəltəraşlıq nə qədər yayğındır?

- Türkiyədə bəziləri heykələ büt kimi baxır. Osmanlı İmperiyası bir zamanlar Ərəb xilafətini ələ keçirdiyi üçün ərəblərin bəzi xüsusiyyətləri varmış, o qorxuları miras almışlar. Ərəblər bütpərəst bir qövmdir və peyğəmbərimizdən sonra bütpərəstliyi buraxdılar. Amma bütpərəstlik qorxusu canlarında qalıb. İndi Türkiyədə əhalinin 30 faizi heykələ büt kimi baxır. Geri qalan hissə isə heykəlin Atatürk zamanından dəbdə olduğunu düşünür. Çox az hissə üç boyutlu sənətin, yəni heykəl sənətinin dədələrimizdən qalma olduğunu deyil, Avropadan gəlmə bir sənət olduğunu düşünürlər.

- Azərbaycanda ən çox bəyəndiyiniz heykəl hansıdır?

- Bakı şəhərində ən gözəl heykəl Füzuli heykəlidir, mənim nəzərimdə.

- Heykəli, abidəni enerji qaynağı kimi görürsünüzmü?

- Ermitajda bir rəsm var, “Müqəddəs Sebestyanın ölümü”. Onlarca ox atılmış ölüm anında, dininə inanan hər bir insan o rəsmə bir az baxdığında ya ürəyi gedir, ya ağlayır, rəsmə ziyan vurur. Bu səbəbdən o rəsmin qarşısına sədd çəkmişlər. Heykəllər insanları sevdirə bilir. Məsələn tutaq ki, gözəl bir Koroğlu heykəli Koroğlunu çox sevdirə bilir.

"Azərbaycanın bugününü heykəl kimi işləmək çətindir"

- Bugünkü Azərbaycanı heykəl şəklində necə yonardınız?

- Azərbaycanın bugününü heykəl şəklində işləmək mənim üçün çox çətin olardı. Mən bunu sözlə deyə bilərəm. Azərbaycan maddi yönümdə inkifaş edən bir ölkədir, yollar, körpülər salınır, binalar tikilir. Bunlar çox gözəl, ölkəmiz üçün bunlar çox önəmlidir. Amma eyni ahəngdə mənəviyyat da inkişaf etmiş olsaydı, o zaman bizi daha keyfli gələcək gözləmiş olardı.

- Ürəyinizdə olan bir heykəl varmı ki, onu həyatda gerşəkləşdirmək arzusu ilə yaşayırsınız?

- Şəmsəddin Təbrizi həzrətlərinin heykəlini hazırlamaq istərdim. Bu heykəli Bakıda, Konyada, Təbrizdə hazırlaya bilərəm.

 

Heykəltəraş iş başında...

 

Ələddin Keyqubad - Konya 1998, 7 metr 

 

İbn Sina - Adana Mərkəz parkı 4 metr 

 

Atilla  - Uşak şəhəri 2001 

 

"Atatürk və demokratiya" abidəsi - İzmir 1997

 

Səlcuklar - Konya 2004 Zəfər meydanı

 

Elçibəy - Ceyhan şəhəri

 


Söhbətləşdi, Aqil CAMAL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi