Modern.az

Orta məktəblərin buraxılış imtahanları ilə bağlı dəyişiklik edildi

Orta məktəblərin buraxılış imtahanları ilə bağlı dəyişiklik edildi

23 Aprel 2012, 13:01

 Məlum olduğu kimi, ölkə Prezidentinin 19 aprel 2012-ci il tarixli fərmanı ilə orta məktəblərdə ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi, ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) həvalə edilib.
Modern.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında buraxılış imtahanlarının təşkili barədə danışıb.

Prezident fərmanına əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Əsasnaməsinə edilən bu dəyişikliklə əlaqədar olaraq Dövlət Komissiyasının aparatında bir ay müddətində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək struktur bölmənin yaradılması, üç regional bölmənin yaradılması,
ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-texniki avadanlığın və elektron məlumat bazasının Təhsil Nazirliyi tərəfindən on beş gün müddətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təhvil verilməsi, TQDK-da yeni qurumların yaradılması ilə əlaqədar əlavə ştat vahidlərinin saxlanılması üçün zəruri olan maliyyə vəsaitinin ayrılmasının təmin edilməsi qərara alınıb.

TQDK sədri Məleykə Abbaszadə bəyan edib ki, Prezidentin Fərmanından irəli gələn dəyişikliklərlə bağlı buraxılış imtahanlarını da qəbul imtahanlarında olduğu kimi mərkəzləşdirilmiş qaydada, obyektivliyi, şəffaflığı təmin etməklə geniş tədbirlər planı həyata keçirirlər.

Beləliklə, cari ildən etbarən respublikanın bütün şəhər və rayonlarında  (Naxçıvan MR istisna olmaqla) ümumi orta təhsil müəssisələrində ümumi (9 illik) və tam (11 illik) orta təhsilini başa vuran gənclərin yekun buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada TQDK tərəfindən aprılacaq.
M.Abbaszadə bildirib ki, imtahan mərkəzlərinin müəyyənləşdirilməsi, imtahan rəbərləri, zal nəzarətçilərinin bu imtahanlara hazırlığı, test bankının, proqram təminatının formalaşdırılması, eləcə də təşkilati işlərlə bağlı genişmiqyaslı  hazırlıq işlərinə başlanıb. TQDK sədrinin müvafiq əmri ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyindən  buraxılış imtahanları üçün  istifadə olunan  maddi-teхniki avadanlığın və elektron məlumat bazasının təhvil alınması üçün xüsusi komissiya yaradılıb.

Orta məktəblərdə buraxılış imtahanları 2012-ci ilin iyun ayında bütün şəhər və rayonlarda, imtahan verənlərin 50 km-dən artıq məsafə qət etməmələri təmin olunmaqla keçiriləcək.

Ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları test üsulu ilə yalnız 2 fənn üzrə - ana dili və  riyaziyyat fənlərindən keçiriləcək. İmtahan 2 saat müddətində aparılacaq. Hər bir fənn üzrə 30 test tapşırığı (cəmi 60 sual) təqdim olunacaq və bu sualların cavablandırılmasına 1.5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim olunacaq mövzu  üzrə yazı işini yerinə yetirəcəklər.

Test suallarının hər biri 1 balla qiymətləndiriləcək, səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. Yazı işinin nəticəsi balla qiymətləndirilməyəcək, yalnız xüsusi hallarda əlavə göstərici kimi nəzərə alınacaq.

Buraxılış imtahanlarının keçirilmə qaydaları, imtahanda istifadə olunacaq testlərə dair nümunələr və digər zəruri məlumatlar may ayının ortalarınadək “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc ediləcək.

Gültəkin Ələsgər
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı