Modern.az

Cüdoçu mayor Zülfiyyə Hüseynova: “Qadınlarla dostluq etdiyimə görə heyfslənirəm” - MÜSAHİBƏ

Cüdoçu mayor Zülfiyyə Hüseynova: “Qadınlarla dostluq etdiyimə görə heyfslənirəm” - MÜSAHİBƏ

Mədəni̇yyət

26 Aprel 2012, 17:16

Uşaqlıqda “polis olacam, sizi tutacam”-deyə qürrələnən bu qızın istəyinə təbəssümlə yanaşanlar ağıllarına da gətirməzdilər ki, vaxt gələcək, kiçik Zülfiyyə xəyalında qurduğu arzuları başqa formada gerçəkləşdirəcək. Hər kəs oğlanların çəkinib ehtiyat etdiyi bu ərköyün və nadinc qızın idmandakı qələbələrindən danışacaq. Hətta onun indakarlığına və qələbələrinə heyran olub qürur duyan atalar da öz qızlarını Zülfiyyə kimi olmasını arzulayacaqlar.
Modern.az-ın tanınmış idmançıların uğurları, çətinlikləri, idmandan kənar həyatı ilə bağlı hazırladığı projesinin ilk qonağı doqquzqat dünya çempionu (beş dəfə sambodan, dörd dəfə cüdodan), Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin əməkdaşı mayor Zülfiyyə Hüseynovadır.

- Oturaq iş sizi yormur ki?

- Onsuz da bütün günü hərəkətdəyəm. Hərdən oturmaq da lazımdır.

- İdmana maraq hardan yarandı?

- Uşaqlıqdan nadinc olmuşam. Elə o vaxtdan idmana həvəsim olub. Yetənə yetib, yetməyənə bir daş atmışam. Həmişə nədənsə güclü olmaq istəmişəm. Cüdoyla tanış olandan sonra bu idman növünə məhəbbətim və marağım artdı. Qərara aldım ki, elə cüdoyla məşğul olum. 16 yaşımdan idmanla məşğul olmağa başlamışam. Bizim nəsildə babamın qardaşı Oruc pəhləvan Beyləqanda məşhur pəhləvan olub. Görünür, idmana maraq mənə irsən keçib.                                

 “Mənim əvəzimə erməni qızını yarışa aparıblar”  

- Evdə idmana həvəsinizi necə qarşılayırdılar?

- Evdə məhdudiyyətlər qoyurdular. Deyirdilər ki, qız hara, idman hara? Ancaq şükürlər olsun ki, indi qızların idmanla məşğul olmasıyla bağlı fikirlər dəyişib. Ataları qızların  idmanla məşğul olmasına qarşı çıxmır. Hətta atalar olub ki, qızlarının əlindən tutub yanıma gətirib. Deyiblər ki, biz də qızımızın sənin  kimi idmançı olmağını istəyirik. Ancaq mən idmanla fəal məşğul olduğum illərdə vəziyyət çətin idi. İdmanda sovet dövründə ruslar, ermənilər hegemonluğunu göstərirdilər. Azərbaycanlı idmançılar barmaqla sayılacaq qədər az idi. O ki qaldı xanım idmançı ola. SSRİ dövründə yarışlarda qələbələrimə təəccüb və qısqanclıqla yanaşırdılar. Deyirdilər ki, Qafqazdan müsəlman qız olasan, gəlib, rusların belini yerə vurasan. O dövrdə istedadlı idmançılarımızın çox olmağına baxmayaraq, onların bu sahədə irəliləməsi, beynəlxalq arenaya çıxmasında çətinliklər var idi. Mən dörd dəfə SSRİ çempionu olmuşam, yalnız bir dəfə dünya çempionatına qatılmışam. Digərlərində iştirak etməmişəm. Çünki Qafqazlı və müsəlman qızı idim. Mən çempion ola-ola başqasını dünya çempionatına aparıblar. Olimiya oyunlarında mən birinci nömrə olsam da, 6-cı nömrəli belaruslu idmançını yarışa apardılar. O isə ilk görüşdəcə məğlub oldu. Dörd il məni heç bir yarışda iştirak etməyə qoymadılar, mənim əvəzimə erməni qızını aparırdılar.
72 kilo çəkidə olan rəqibimi də udurdum, udandan sonra mənə deyirdilər ki, “əşşi, hələ cavansan, sonra da gedərsən” və mane olurdular. Ancaq mən iradəmin gücünə sınmamışam. Təəssüf ki, indiki uşaqların iradəsi tez sınır. Şükür olsun ki, indi ölkəmiz idman ölkəsinə çevrilib, idmançılarımızın uğurları var. İndi də istedadlı, potensialı olan gənclər çoxdur. Ancaq bəzən onlara şərait yaradılmır qabağa getsinlər. Səbəb isə çox yalnış bir fikrin formalaşmasıdır: “Filan tələbə, sən filan məşqçinin idman zalında məşq edirsən, mənim tələbəm olsaydın, səni də qabağa çəkərdim”. Bu mənə pis təsir edir.

“Uşaqlıqda güclü olmaq istəmişəm”

- Uşaqlıqda yəqin çox oğlanları döymüsünüz?

 

- Hə, çox olub, elə indi də hərdən döyürəm. Mənə dəyən olanda döyürəm, kimsənin mənlə işi yoxdursa, döymürəm. 

- Hansı hərəkətinə görə oğlanları döymüsüz?

- Uşaqlıqda adətən insanda “mənəm-mənəlik” olur, burda mənəm, Bağdadda kor xəlifə. Uşaqlar istəyir ki, digərlərindən üstün olsun, digər uşaqlar ondan qorxub, çəkinsinlər. Mənə elə gəlir, bu uşaqlıqda hamının yaşadığı hisslərdir. Mən də uşaq ikən hamıdan, eləcə də oğlanlardan  öndə olmaq, güclü olmaq istəmişəm. Çünki oturub-durduğum oğlanlar idi. Elə ini də elədir.

- İdmanda ilk qələbəniz yadınızdadır?

- Əlbəttə. Bir ay yarım idi ki, məşqə gedirdim. Yarışa qatılaraq üçüncü yerə çıxdım. Ancaq bu xəbəri evdə deməyə qorxurdum. Çünki evdəkilər mənim idmanla məşğul olmağıma yaxşı baxmırdı. Belə baxanda, bir ay yarım məşqdən sonra belə yeri qazanmaq çox yaxşı nəticə idi. Ancaq birinci yerə çıxa bilməməyimə pis olmuşdum. Üstündən beş-altı ay keçdi, Azərbaycanda gənclər arasında keçirilən yarışda birinci yerə çıxdım. Ondan sonra isə qələbələrimin sayı artmağa başladı.

- Həyatda nəyə təəssüflənirsiniz?

- Hərdən heyfslənirəm ki, bir neçə il qadınlarla dostluq etdim, hər bir insanın həyatda səhvi olur. Mənim də səhvim qadınlarla dostluq etməyimdir. Buna heyfslənirəm. Səbəb isə odur ki, qadınların 98 %-də qadın hissləri, paxıllıq özünü biruzə verir. İstər-istəməz onlarla dostluq alınmır. Əlbəttə, mən hamıya aid etmirəm. Ancaq oğlanlarda belə şeylər demək olar ki, yoxdur.

”Xalam qızına görə oğlanı döymüşəm”

- Məktəbdə 4-5 sinif yuxarı oğlanlar məndən çox çəkinirdilər. Mənə görə bizim sinfin qızlarına o biri sinfin oğlanları heç əyri baxmağa da cəsarətləri çatmırdı.  Sinfimizin qızları forslanaraq gəzirdilər. Deyirdilər ki, bir şey olsa, kimsə bizə söz atsa, Zulyaya deyəcəyik. Halbuki, sinifdə 14 qız, 14 oğlan idik. Xalam qızları 3-4 sinif məndən yuxarı oxuyurdular. Onların qardaşları bacılarından da böyük idi. Ancaq oğlanlar xalam qızlarını görəndə çəkinirdilər.Xalam qızının üstündə oğlanı döymüşəm. Deyirdilər ki, “sən Allah onların yanından keçməyək, söz deməyək, yoxsa Zülfiyyə bizi bir təhər edər”.
Üçüncü sinifdə oxuyurdum. Yeddinci sinifdə oxuyan oğlanı döyəndən sonra məktəbdə uşaqların mənə  münasibəti dəyişdi və məndən çəkinməyə başladılar.

- Yəqin, oğlanlar sizə sevgisini də etiraf etməyə qorxublar..

- Bilirsiz, sevgisini etiraf edən nə gücə, nə də başqa cəhətə baxır. Həyat yoldaşım sevgisini etiraf edə bilmədi?!
İstənilən adam normal insandırsa, kişidirsə, öz etirafını etməyi bacarmalıdır. Xanım onsuz da xanımlığında qalır.

“Qızlar hərbi xidmət keçsə... ”

- Cəmiyyətdə sizi nə narahat edir?

- Hər dəfə əyalətlərdə 14-15 yaşlı qızların ərə verilməsini eşidəndə əsəb keçirirəm. Onların çoxusunu vaxtilə Rusiyada 10-15 il işləmiş, qızlardan yaşca bir neçə dəfə böyük kişilərə ərə verirlər. Axı onların hələ nə yaşı var? Belə ürəkağrıdan hadisələr olmasın deyə, mən böyük məmnuniyyətlə istərdim ki, xanımlarımız da orduda qulluq etməyi bacarsınlar. 18 yaşından 20 yaşına kimi qızlarımızın hərbi xidmət keçməsinin tərəfdarıyam. Bu onların formalaşmasına, özünümüdafiəsinə, həyatda bərkiməsinə səbəb olar. Bilirsiz ki, İsraildə qadınlar da hərbi xidmətə çağırılır. Bizdə də belə şərait yaradılsa, gözəl olar. Qızlar hərbi xidmət keçsə, heç olmasa özlərini müdafiə edə bilərlər.

- Gündəlik iş qrafikiniz necədir?

- Günümün çox hissəsi işdə keçir. Qalan vaxtımı ailəmə, uşağıma ayırıram. Məşqlərimi davam etdirirəm. Adətən işdən sonra məşqə vaxt ayırıram. İldə iki dəfə hərbçilər arasında keçirilən Avropa və Dünya çempionatlarında iştirak edirəm. İki il yarım öncə Macarıstanda təşkil edilmiş yarışda birinci oldum.

“ ....tək bircə şeyə görə gücsüzəm”                            

- Bəs övladınızın idmana marağı varmı?

- Oğlum Rafiqin 7 yaşı var. Hələ ki, gimnastikayla məşğul olur. 9 yaşından isə cüdoya başlayacaq. İdmana həvəsi var. Məndən küsəndə atası kimi boksçu, atasından küsəndə isə mənim kimi güləşçi olmaq istəyir.Özü də bilmir, nə istəyir. Sinif yoldaşlarının yanında bir də görürsən ki, qürrələnir, baxın mənim anam çempiondur. Uşaqdır da.

- Kosmetikayla aranız yoxdur deyəsən?

- Ancaq toydan-toya makiyajdan istifadə edirəm. Ya da harasa gedəndə. Gündəlik istifadə etmirəm. Amma makiyajı sevirəm.

- İnsanlarda nəyi qiymətləndirirsiniz?

- Qadın və kişi olmağından asılı olmayaraq, insanların kişiliyinə, mənliyinə fikir verirəm. Əgər o cəhət varsa, o insanla yola çıxmaq olar, dostluq eləyib güvənmək olar. Elə adam tapanda, qır-saqqız kimi yapışıb buraxmıram.

- Özünüzü  gücsüz hiss etdiyiniz vaxt olubmu?

- Özümü tək bircə şeyə görə gücsüz hiss edirəm. Hələ ki, torpaqlarımızın 20 faizi düşmən əlindədir. Amma belə, məni mənəvi cəhtcə sındırmaq qeyri-mümkündür.

- Zülfiyyə xanım, bugünkü səviyyəyə çatmağınızda kimə borclusuz?

- Birinci Allahıma, ikinci müəllimim Tərlan Poladova, üçüncü isə inadkarlığıma.



Əfsanə BAYRAMQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı