Modern.az

Misir Mərdanov rektorlara tapşırıqlar verdi

Misir Mərdanov rektorlara tapşırıqlar verdi

8 Yanvar 2010, 15:29

Təhsil naziri Misir Mərdanov ali məktəb rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Modern.az xəbər verir ki, müşavirədə "2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının keçirilməsi barədə", "Ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən metodikanın təqdimatı", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının icrası", "Ali təhsil müəssisələrində təhsil sənədlərinin (diplomların) alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında" məsələlər müzakirə olunub.

Müşavirəni açan təhsil naziri Misir Mərdanov müzakirəyə çıxarılan məsələlərin vacibliyini qeyd edib. Nazir bildirib ki, son illər həyata keçirilən tədbirlər, xüsusən də Təhsil Nazirliyində Mərkəzi Operativ Qərargahın, "Qaynar xətt" xidmətinin, ali məktəblərdə müvafiq qərargahların yaradılması, qeyri-hökumət təşkilatlarının Təhsil Nazirliyi ilə birgə imtahan sessiyasının gedişinə nəzarət etməsi, neqativ halların aradan qaldırılması üçün görülmüş operativ işlər nəticəsində semestr və dövlət imtahanlarında obyektivliyin və şəffaflığın təmin edilməsi istiqamətində mühüm uğurlar qazanılıb.
Nazir həmin vasitələrdən istifadə olunmaqla builki qış imtahan sessiyasının da yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu vurğulayıb.

Köçürmələrlə bağlı yaranmış narahatlığı ali məktəb rəhbərlərinin diqqəti­nə çatdıran Misir Mərdanov son vaxtlar köçürmələr edilərkən kredit sisteminin tələblərinin az da olsa, pozulduğunu, köçürülən tələbələr fənləri dinləmədən onlara göndərişlər verildiyini, fərq imtahanlarında qiymətlər yazıldığını və kreditlər hesablandığını, bütün bunların isə həmin tələbələrdə haqlı narazılığa səbəb olduğunu bildirib, ali təhsil müəssisələrinin rəhbərlərinə bu məsələləri diqqət mərkəzində saxlamağı tövsiyyə edib.

Təhsil sənədlərinin alınması, saxlanılması, doldurulması, verilməsi və üçotuna toxunan nazir bunların çox ciddi məsələlər olduğunu bildirərək müvafiq qaydalara dəqiq əməl edilməsinin vacibliyini ali təhsil müəssisələrinin rəhbərlərinin diqqətinə çatdırıb.

Təhsil naziri onu da qeyd edib ki, ölkəmizin ali məktəblərinə daxil olanların hamısına, layiq oldu, olmadı, ali təhsil almaları barədə diplomlar verilir. Halbuki xarici ölkələrin universitetlərində oxuyanların, təxminən, 70 faizinin diplom ala bildiyini söyləyən Misir Mərdanov mütəxəssis hazırlığının keyfiyyətinə, ali məktəblərin nüfuzuna mənfi təsir göstərən bu məsələ barədə də fikirləşməyin vaxtının çatdığını vurğulayıb.

Ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi barədə fikirlərini müşavirə iştirakçıları ilə bölüşən nazir bildirib ki, Təhsil Nazirliyində artıq ilyarımdır ki, bununla bağlı iş aparılır. Müvafiq metodika hazırlanıb rəy və təkliflərin bildirilməsi üçün ali məktəblərə göndərildiyini nəzərə çatdıran nazir qeyd edib ki, təqdim olunan sənəd hazırlanarkən dünyanın bir sıra ölkələrinin bu sahədəki təcrübələri nəzərə alınıb. Təqdim olunan metodikaya əsasən ali məktəbin reytinqinin üç meyarın - ali məktəbin potensialı; ali məktəbin fəallığı və təhsilin keyfiyyəti; beynəlxalq aləmdə tanınması - cəminə əsasən müəyyən olunduğunu bildirən Misir Mərdanov hər bir meyarı müəyyənləşdirmək üçün istifadə olunan indikatorlar haqqında da geniş məlumat verib.

Təqdim olunan metodika ətrafında müşavirədə geniş fikir mübadiləsi aparılıb. Çıxış edən ali məktəb rektorları öz rəy və mülahizələrini söyləyib, təkliflərini bildiriblər.

Daha sonra müşavirə  iştirakçılarına "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində görülmüş işlər barədə məlumat verilib. Qeyd olunub ki, proqramın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət planı hazırlanıb, Elmi-Koordinasiya Şurası və islahat istiqamətləri üzrə işçi qrupları yaradılıb.

Nazir Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq ayrı-ayrı ali təhsil müəssisələrinin İnkişaf proqramlarının hazırlanmalı olduğunu bildirib və həmin sənədlərdə əksini tapması zəruri olan məsələləri diqqətə çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi