Modern.az

“Avtobusum qırmızı…”- Uşaqlar çəkicləri oğurlayır, oturacaqları deşirlər - PROBLEM

“Avtobusum qırmızı…”- Uşaqlar çəkicləri oğurlayır, oturacaqları deşirlər - PROBLEM

26 Aprel 2012, 11:13

Namiq Həsənov və “Transgeyt” şirkəti çirkli abtobuslardan danışdılar


Hamımıza məlumdur ki, havalar istiləşdikcə insanlar da geyimlərini dəyişir, fəsilə uyğun olaraq rəngbərəng, əl-əlvan geymlərə üstünlük verir.

Amma  geydiyimiz paltarların təzəliyindən və bu təmizlikdən  aldığımız zövq yalnız avtobuslara minənədək olur. Mindiyimiz bu qəbildən nəqliyyat vasitələri o qədər biabırçı dərəcədə çirkli olur ki, deyirsən “ay Allah bircə tez düşə bilsəydim, canım qurtarardı bu cəhənnəm əzabından”. Cəhənnəm əzabı ona görə deyirəm ki, adam bilmir otura, dura, tuta , yoxsa söykənə. Sanki oturacaqlara tozu, qumu, pası, ləkəni  elə bil əllərinlə sürtmüsən. Avtobusların salonunda toz adamın üstünə elə hopur ki, elə bil tatuajdan bəzək düzəltmisən . Hələ bu harasıdır ki, mən heç tutacaqları demirəm. Sanki bu tutacaqlar üçün xüsusi yağ istehsal olunur və hər səhər avtobusun tutacaqlarına məxsusi sürtülür.

Amma Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov vəziyyəti bizim qədər ağır qiymətləndirmir: 
“ Nəqliyyat vasitələri hər gün qarajlarda texniki müayinədən  keçirilir. Avtobuslar yuyulur, təmizlənir. Hər bir detalı olandan sonra xəttə buraxılır. Buna görə də məsul insanlar var”-deyə o Modern.az-a açıqlamasında bildirdi. 

Nazirlik rəsmisinin sözlərinə görə, avtobusların tozlu olmasının səbəbkarı Bakının hər zaman vəsf edilən küləkləridir.
“Elə yerlər var ki, oradan keçəndə təbii ki, toz içəri daxil olur. Bakı küləkli şəhərdir. Heç bir sürücü və ya Nəqliyyat Nazirliyi istəməz ki, onun maşını eybəcər vəziyyətə düşsün. Avtobusların salonlarındakı oturacaqların çexollarının dəyişdirilməsi məsələsinə gəlincə isə bu sahibkarların imkanlarına bağlı olan bir məsələdir. Sahibkarların imkanları olmur ki, onu dəyişsinlər”.

Maşınlarda yumşaq oturacaqların,  fövqaladə hallar üçün nəzərdə tutulmuş çəkiclərin olmaması probleminə isə Namiq müəllim belə açıqlama verdi: “Biz də monitorinq apardığımız zaman  görürük ki, çəkiclər yoxdur. Məktəbli uşaqlar çəkicləri oğurladıqları üçün sürücülər çəkicləri orada qoymurlar. Və yaxud da ki, sərnişinlər özləri kəsici alətlərlə yumşaq oturacaqları deşirlər. Hər gün demək olar ki, bu şeylər təkrarlanır avtobuslarda. Sürücülər də salonu tam nəzarətdə saxlaya bilmir. Müraciəti gücləndiririk ki, belə şeylər olmasın.Gərək insanlar avtobuslara evlərinin içi kimi baxsın. Amma hər halda nəzarət gücləndiriləcək”.

Fərdi Sahibkar şirkət olan “Transqeyt” MMC–dən də avtobuslarda olan toz- torpağı şəhərdə aparılan tikinti işlərinin olması ilə izah etdilər: “"Transqeyt" MMC-nin istismarında olan marşrutlardakı avtobuslar hər gün yuyulur və təmiz şəkildə xəttə buraxılır, lakin yollarda davam edən təmir və tikinti işlərini və küləkli şəhər olmasını nəzərə alsaq, avtobusların xətdə olarkən tozlanması qaçılmazdır. Buna baxmayaraq, şirkət rəhbərliyi tərəfindən hər həftə keçirilən iclaslarda aidiyyatı işçilərə avtobusların təmiz saxlanılması və digər istismar qaydalarına riayət olunması üçün tapşırıqlar verilir. İstismar şöbəsi tərəfindən tez-tez monitorinqlər keçirilir, aşkar olunan nöqsanlar dərhal aradan qaldırılır. Həmçinin yay fəsli ilə əlaqədar sərnişinlərin narazılıqlarına səbəb ola biləcək halların yaranmaması üçün müvafiq tədbirlər görülür”.

Səbəblər nə olursa olsun, hər birimizin arzusudur ki, özümüzü avtobuslara minəndə insan kimi hiss edək. Daha metrolarda, avtobuslarda tutacaqları yaş salfetka ilə silib, üstündən də quru salfetka ilə quruluyub tutmayaq.

Şəhanə Rəhimli

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi