Modern.az

Aqil Abbasa “Xalq yazıçısı” adının verilməsi üçün müraciət olundu

Aqil Abbasa “Xalq yazıçısı” adının verilməsi üçün müraciət olundu

26 Aprel 2012, 12:14

Qarabağ Ağsaqqallar Şurasının üzvü, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi, ədəbiyyatşünas-tənqidçi Qurban Bayramov Baş nazirin müavini Elçin Əfəndiyevə, Yazıçılar Birliyinin sədri Anara, Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadəyə açıq məktub yazıb.

Məktubun surətini Modern.az-a göndərən Qurban Bayramov adları çəkilən məmurlardan xahiş edib ki, yazıçı Aqil Abbasa və şair Ənvər Əhmədə müvafiq olaraq “Xalq yazıçısı” və “Xalq şairi” fəxri adlarının verilməsi barəsində təqdimatı Prezidentin diqqətinə çatdırsınlar.

Modern.az Qurban Bayramovun açıq məktubunu diqqətinizə çatdırır:

Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyevə,
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara,
Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadəyə

Açıq məktub

Çox hörmətli məktub mənsubları! Sizin dövlətçiliyimizin möhkəmlənməsi, mədəniyyətimizin, ədəbiyyatımızın tərəqqisi istiqaməində böyük, misilsiz işlər görən Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin cahanşümul strategiyasının yerinə yetirilməsi işində tutduğunuz fərəh doğuran ziyalı və vətəndaş mövqeyiniz, ictimai fəaliyyətiniz xalqımıza, cəmiyyətimizə yaxşı məlumdur! Sizi müasir dövrümüzdə Azərbaycan xalqının şəxsiyyətlər fonduna daxil olan nadir ziyalılardan hesab edirəm!
Və əminəm ki, bu məktubda da əksini tapan mətləbin ictimai, siyasi, mənəvi əhəmiyyəti mütləq Sizin diqqətinizi cəlb edəcəkdir! Yeri gəlmişkən, onu da minnətdarlıqla bildirim ki, hələ 1995-ci ildə Xalq artisti Qədir Rüstəmovun 60 illik yubileyinin keçirilməsini xatırladan məktubum da, o vaxt diqqətdən kənarda qalmadı və nəticəsi məlumdur!
Cəmiyyətimiz və dövlətçiliyimiz üçün Qarabağ kimi ağrılı bir problemin həlli yollarında Möhtərəm Prezidentimizin qürur hissi doğuran yorulmaz, aramsız işləri göz önündədir. Bu möhtəşəm milli tale işinin həllində Möhtərəm Prezidentimizin müəyyənləşdirdiyi kordinal məsələlərdən, istiqamətlərdən biri də xalq diplomatiyasından, icma dialoqundan bacarıqla, yüksək səriştə ilə istifadə etməkdir və bu yöndə son vaxtlar aparılan işlərə mədəniyyət xadimlərinin cəlb olunması yaxşı haldır!
Xalqımızın məhşur bir kəlamı var: “Qoç döyüşünə qoç gərəkdir!” Gərək düşmən qabağına elə şəxsiyyət, elə sayılan-seçilən ziyalı çıxarasan ki, onun sözünün, şəxsiyyətinin sayı-sambalı olsun.
Mən ədəbi ictimaiyyət, xalq arasında, xüsusən Qarabağ camaatının mənəvi mühitində baş verən kütləvi tədbirlərdə, yığıncaqlarda sıx-sıx oluram və bu mühitin düşüncəsini ifadə edən bir məsələni – camaatımızın, ziyalılarımızın, ağsaqqal və qarasaqqallarımızın istəklərindən birini Sizin nəzərinizə çatdırmaq istəyirəm! 
Ötən əsirdə dövlətimizin təsis etdiyi “Xalq yazıçısı”, “Xalq şairi” titulyar fəxri adlarının Qarabağ bölgəsindən daşıyıcıları çox olubdur. Amma, indi adı və problemi Avropanı dolaşan bu bölgədən – Qarabağ bölgəsindən bu mühüm, ictimai-mənəvi siqləti olan “Xalq yazıçısı”, “Xalq şairi” fəxri adlarının sonrakı nəsil ədiblərdən bir nəfər də olsun daşıyıcısı yoxdur. 
Hamıya məlumdur ki, indiki məqamda xüsusən iki ziyalımız – yazıçı Aqil Abbas və şair Ənvər Əhməd xalqa, dövlətçiliyimizə, mədəniyyət və ədəbiyyatımıza ədəbi-mənəvi, ictimai-sosial xidmətləri, fəal, kişiyanə, mərdi-mərdanə, xeyirxah fəaliyyətləri ilə Qarabağ camaatı arasında çox böyük ağsaqqal mövqeyi, nüfuzu və inamı qazanmışlar. Qarabağ camaatı və ictimaiyyəti xalq ruhunun və inamının, arzu və istəklərinin mənəvi daşıyıcıları kimi hər iki ziyalını unikal şəxsiyyət hesab edirlər.
Onu da xüsusilə qeyd edirəm ki, vaxtilə Dağlıq Qarabağda yaşayan erməni icmasına məxsus qələm əhli, erməni icmasının hesablaşdığı ziyalılar yazıçı Aqil Abbası və şair Ənvər Əhmədi sözün həm müstəqim, həm də qeyri-müstəqim mənasında yaxşı, lap yaxşı tanıyırlar...
Onu da bilirik ki, “Xalq yazıçısı”, “Xalq şairi” fəxri adları Möhtərəm Prezidentimizin sərəncamı ilə verilir. Sadəcə biz Sizdən təmanna edirik ki, sadə bir prosedurla yazıçı Aqil Abbasa və şair Ənvər Əhmədə bu fəxri adların verilməsi barəsində təqdimatı Möhtərəm Prezidentimizin əvəzedilməz nəzərinə çatdırasınız! 
Əvvala xalq arasında tanınmış bir yazıçı, şair və ədib kimi bu onların halal-hümmər haqlarıdır, sonrası isə düşünürük ki, belə bir fəxri adla, Xalq yazıçısı-Xalq şairi təkin fəxri statusla icma dialoqunda Qarabağ camaatının istəklərinin tərcümanı kimi yazıçı, Milli Məclisin üzvü Aqil Abbasın, Yazıçılar Birliyinin Qarabağ bölgəsi üzrə bölmə sədri şair Ənvər Əhmədin də iştirakı olduqca effektli və təsirli olardı...

Sizlərə böyük hörmət və inamla
Qurban Bayramov
Qarabağ Ağsaqqallar Şurasının üzvü,
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi, ədəbiyyatşünas-tənqidçi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı