Modern.az

Hüquq müdafiəçiləri: “Ştrasserə “xox!” eləyən kimi qorxub Bakıya gəlmir”

Hüquq müdafiəçiləri: “Ştrasserə “xox!” eləyən kimi qorxub Bakıya gəlmir”

Ölkə

26 Aprel 2012, 14:34

“Kristofer Ştrasserin Bakıya gəlməməsi heç kimin vecinə də deyil”

Tanınmış hüquq müdafiəçiləri Avropa Şurasının siyasi məhbus məsələləri üzrə məruzəçisi Kristofer Ştrasserin Azərbaycana gəlməkdən imtina etməsi ilə bağlı Modern.az-a münasibət bildiriblər.

Hüquq müdafiəçisi Səidə Qocamanlı avropalı deputatın Azərbaycanla bağlı verdiyi qərardan narazı olduğunu bildirib. S.Qocamanlı qeyd edib ki, Ştrasserin bu hərəkəti Avropa Şurasını nüfuzdan salacaq:

“Ştrasserin Azərbaycanla bağlı çox böyük biganəliyi var. Onun Bakıya gəlməməsi Avropa Şurasının nüfuzunu kifayət qədər azaltdı. Sözün düzü biz ondan belə hərəkət gözləmirdik. Amma indi Ştrasserin 24 nəfərlik siyahıda olan insanın taleyinə belə biganəliyinə söz tapmıram. Bu qeyri-müsbət hərəkətdir”.

S.Qocamanlının fikrincə, Ştrasserdən öncəki məruzəçilərin fəaliyyətləri daha faydalı olub. Ştrasser isə iş görməkdən çox danışmağa üstünlük verir.

“Ondan öncə də neçə-neçə həmməruzəçi olub. Ancaq onlar zaman-zaman Azərbaycana gəlib bizimlə görüşürdülər və problemlərin həll edilməsinə çalışırdılar. Bu görüşlər də müsbət nəticələr verirdi. Lakin Ştrasser bir müddət viza problemi ilə bağlı Azərbaycana buraxılmadı. Bundan sonra o gəlməkdən imtina etdi. Bu heç də xoş davranış deyil”-deyə hüquq müdafiəçisi qeyd edib.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, Ştrasserin Azərbaycana təsir gücü demək olar ki, yoxdur. N.Cəfəroğlunun sözlərinə görə, siyasi məhbus məsələləri üzrə məruzəçi Ştrasser heç bir müsbət işlə yadda qalmayıb.

“Sözün açığı mənim Ştrasserdən əvvəldən də xoşum gəlmirdi. O çox müəmmalı adamdır. Ondan qabaqkı məruzəçilər çox müsbət nəticələrə nail olurdular. Ştasserə “xox!” eləyən kimi qorxub Azərbaycana gəlmir. Onun Bakıya gəlmək istəməməsi müəmmalıdır. Yəqin gəlmək istəmir. Guya bu onun öz istəyindən aslıdır. Hesab edirəm ki, onun Bakıya gəlib-gəlməməsi heç kimin vecinə deyil-N.Cəfəroğlu bildirib.

Hüquq müdafiəçisi hesab edir ki, Ştrasser Azərbaycandan fərqli olaraq qonşu Gürcüstan və Ermənistana təyin olunsaydı, müsbət bir nəticə qazana bilərdi. “Bu baxımdan onun belə bir qərar verməsi düzgün deyil. Mən bu fikirlərlə razı deyiləm”

Qeyd edək ki, AŞPA-nın siyasi məhbus üzrə məruzəçisi K.Ştrasser Azərbaycana gəlməkdən imtina edib. Məruzəçi həmçininin bundan sonra da Bakıya gəlmək niyyətində olmadığını bildirib.O bunu rəsmi Bakı tərəfindən dəfələrlə viza verilməsindən imtina edilməsi hallarından sonra onun "qəbuledilməz şərtlərlə" dəvət olunması ilə izah edib.  Xatırladaq ki, K.Ştrasser bir müddət öncə viza problemi ilə bağlı Azərbaycana gəlmək istəsə də, icazə verilməmişdi.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar