Modern.az

Xocalı soyqırımı mövzusunda müsabiqəyə hələki 10 yazı verilib

Xocalı soyqırımı mövzusunda müsabiqəyə hələki 10 yazı verilib

8 Yanvar 2010, 16:23

Yanvarın 8-də Mətbuat Şurası və «Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyinin «Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək» layihəsi çərçivəsində jurnalistlər arasında elan olunmuş müsabiqə ilə bağlı növbəti dəyirmi masa keçirilib.

Modern.az xəbər verir ki, tədbiri açan Mətbuat Şurasının sədri Əflatun Amaşov layihənin «Azərsun Holdinq»in maliyyə dəstəyi ilə həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan dövləti indiyədək Qarabağ mövzusunun, xüsusən də Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin ədalətli mövqeyinin təbliği istiqamətində genişmiqyası işlər aparır. "Dünyanın bir çox yerlərində müxtəlif anım tədbirlərinin təşkili sayəsində beynəlxalq aləm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində xalqımızın üzləşdiyi faciəli vəziyyətlər, o cümlədən 1 milyona yaxın soydışımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olması haqqında məlumatlar əldə edib".

Ə.Amaşov bildirib ki, Azərbaycan mediası Qarabağ həqiqətlərinin və Xocalı soyqırımın təbliğinə həmişə diqqət ayırıb. Amma hazırkı durumda həmin diqqəti bir qədər də artırmağa, kütləvi informasiya vasitələrinin mövzunun təqdimatındakı fəaliyyətini stimullaşdırmağa ehtiyac duyulur. Bunu nəzərə alaraq Azərbaycan Mətbuat Şurası və «Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyi həyata keçirdiyi birgə layihədə jurnalistlər arasında müsabiqənin təşkilini zəruri sayıb.

Müsabiqəyə 2009-cu ilin sentyabrından elan edildiyini deyən Şura sədri indiyədək 10 materialın təqdim edildiyini diqqətə çatdırıb. “Sənəd qəbulu gələn ay fevralın 10-da yekunlaşacaq. Müsabiqəyə 2009-cu ilin sentyabrından 2010-cu ilin fevralın 5-dək qəzet, jurnal və informasiya agentliklərində gedən, Qarabağ mövzusu və Xocalı faciəsi ilə bağlı nümunələr verilə bilər. Materiallar üçün həcm və dil məhdudiyyəti nəzərdə tutulmur. Məqalələr Azərbaycan Mətbuat Şurasına çap və elektron formada təqdim olunmalıdır”- deyə o bildirib.

«Azərsun Holdinq»in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afiq Səfərov qaliblərə mükafatların 2010-cu il fevralın 24-də -  Xocalı soyqırımının ildönümü ərəfəsində təqdim olunacağını bildirib. Onun sözlərinə görə, müsabiqədən başlıca məqsəd Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Burada eyni zamanda mövzu ilə bağlı ixtisaslaşmış jurnalist kadrların müəyyənləşdirilməsi əsas yer tutur. “Azərsun Holdinq” gələcəkdə həmin şəxslərlə əməkdaçlıq qurmaq və müxtəlif sifarişləri həyata keçirmək niyyətindədir.

Tədbirdə mövzu ətrafında fikir mübadilələri aparılıb. Qərara alınıb ki, Qarabağ mövzusu və Xocalı soyqırımı ilə bağlı ən yaxşı araşdırma işi üçün 500 manat məbləğində xüsusi mükafat verilsin.

Ümumən müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

Birinci yer            -    1 nəfər        -    1000 AZN
İkinci yer            -    2 nəfər        -     650 AZN
Üçüncü yer            -    3 nəfər        -     300 AZN

Ən yaxşı araşdırma işi     –     1 nəfər     –     500 AZN

5 nəfərə həvəsləndirici mükafat təqdim olunacaq.

Müsabiqədə Qarabağ mövzusunun və Xocalı soyqırımının təbliğində yaxından iştirak edən ən yaxşı bir xarici KİV-ə xüsusi diplom təqdim olunacaq. Bu KİV-in adı münsiflər heyətinin layihə üzrə işçi qrupunun apardığı monitorinq zamanı əldə etdiyi materialların dəyərləndirilməsindən sonra müəyyənləşəcək. Qalib yazıların ingilis dilinə tərcümə edilərək, müxtəlif KİV-lərdə dərci, informasiya portallarında yerləşdirilməsi nəzərdə tutulur. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir