Modern.az

Azərbaycanlıların koreyalı gəlinləri

Azərbaycanlıların koreyalı gəlinləri

27 Aprel 2012, 08:02

Çan Məmmədova, Kvon Musayeva, Tak Qurbanova, Kim Əliyeva, Lim Rüstəmova, Çanq Süleymanova....

Son 10 ildə Azərbaycanda idmanın inkişafına çox böyük pullar xərclənir. Amma milyonların sərf olunmasına baxmayaraq, kollektiv idman yarışlarında çıxış edən milli komandalarımız çox da sanballı qələbələr qazana bilmir. Nəticələri daha da yüksəltmək üçün müxtəlif ölkələrdən gətirilən legionerləri milli komandalara cəlb ediblər. Təəssüf ki, yüksək maaşla milli komandalara cəlb edilən həmin legionerlər də ümidləri doğrulda bilməyiblər.

Azərbaycanın qadınlardan ibarət otüstü xokkey komandasına da legionerlər cəlb olunub. Bu legioner qızlar 6-7 il öncə Koreyadan gətiriliblər. Azərbaycan qanunvericiliyinə görə, əcnəbilər o zaman milli komandada oynaya bilərlər ki, onlar heç olmasa 4-5 il ölkəmizdə yaşasınlar. Buna görə də 6-7 il öncə Koreyadan gətirilən qızları milli komandada oynatmaq üçün maraqlı bir yola əl atıldı. Onlar Bakıya çatan kimi “ərə verildi”, soyadları dəyişdirilib milliləşdirildi... 

6 koreyalı qızı eyni vaxtda azərbaycanlıya ərə verib soyadlarını milliləşdirdilər və onları Çan Məmmədova, Kvon Musayeva, Tak Qurbanova, Kim Əliyeva, Lim Rüstəmova, Çanq Süleymanova elədilər... Ardından koreyalı gəlinlərimizlə gücləndirilən milli komandamız beynəlxalq yarışlara qatıldı. 2007-ci ildə heyətini birdən-birə 6 koreyalı gəlinlə gücləndirərək Avropa meydanlarına çıxan otüstü xokkey komandamıza qarşı rəqiblərdə ciddi şübhələr yarandı. Və qalmaqal baş verdi... 2007-ci ildə qadınlardan ibarət otüstü xokkey komandalarının Mançesterdə keçirilən Avropa çempionatında Azərbaycan millisi qalmaqalla köhnə qitənin diqqətini özünə cəlb etdi. O zaman milli komandamızın heyətinin 11 nəfərindən 6-sının koreyalı olması Avropa Xokkey Federasiyasının etirazı ilə qarşılanmışdı. Həmin vaxt Azərbaycan rəsmiləri avropalıları inandırmağa çalışmışdılar ki, koreyalıların hamısı Azərbaycan vətəndaşlığını almaq üçün 3-4 ay ərzində azərbaycanlılarla evlənib və buna normal yanaşmaq tələb edilmişdi. Amma avropalılar koreyalı qızların qısa müddətdə azərbaycanlılarla evlənmələri və vətəndaşlıq almalarına inanmaq istəmirdilər ki, istmərdilər. Böyük hay-küyün yaranmasına baxmayaraq Azərbayacanın Otüstü Xokkey Federasiyası o zaman israrla avropalılardan tələb etdilər ki, heç bir saxta nikahdan söhbət gedə bilməz, koreyalı xanımlar Azərbaycan gəlinləridir, vəssəlam... Çətinliklə də olsa koreyalılara Azərbaycanı təmsil etməyə icazə verildi...
Amma yüksəkdə məbləğdə maaş alan koreyalılar futboldakı legionerlərimiz kimi, otüstü xokkeydə üz ağartmadılar, istənilən nəticə əldə olunmadı.

Modern.az-ın əməkdaşı koreyalı qızların hazırda da Azərbaycan milli komandasında qalıb-qalmadığını, onların doğurdan da soydaşlarımızla evlənib-evlənmədiklərini, uşaqlarının olub-olmadığını dəqiqləşdirmək üçün Azərbayacanın Otüstü Xokkey Federasiyası ilə əlaqə saxlayıb.
Məlum olub ki, onlardan ikisi “boşanıb” vətənlərinə qayıtsa da, 4 “gəlinimiz” ərlərinə sadiq qalaraq, Bakını tərk etməyib.

Azərbaycan Otüstü Xokkey Federasiyasının mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev uzun müddətdən sonra Modern.az-a etiraf edib ki, koreyalı qızlarla azərbaycanlı kişilərin evliliyi əslində saxtaymış, bu “ər-arvad” məsələsi ancaq kağız üzərində rəsmiləşdirilibmiş.
 
“Bizim milli komandada Özbəkistandan, Ukraynadan, Koreyadan dəvət olunan qadın hokkeyçilər oynayırlar. Hazırda milli komandada 4 koreyalı oyunçu qalır. Onlar bir neçə ildir Bakıda yaşayırlar. Burada onlar  kağız üzərində ailə qurublar, övladları yoxdur, amma biz artıq   bu təcrübədən istifadə etmirik. Həmin oyunçular bura yalnız oynamaq üçün dəvət ediliblər”.

Y.Nuriyev deyib ki, koreyalı “gəlinlər” hazırda komandamızın heyətində Yaponiyada keçirilən London Yay Olimpiya Oyunlarının təsnifat yarışında mübarizə aparmaq üçün gündoğar ölkədə səfərdədirlər.
Xokkeyçilərimiz aprelin 25-dən mayın 6-dək Yaponiyanın Kakamigahara şəhərində təşkil olunacaq təsnifat turnirində 6 komanda arasında yalnız birinci yeri tutmalıdırlar. Bu çox çətin vəzifədir. Bu vəzifənin öhdəsindən gəlməyə çalışan Azərbaycan milli komandasında 4 koreyalı “gəlin”imiz də tər tökür. İstənilən halda uğurlar arzulayırıq...  

A.Qorxmaz
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?