Modern.az

Prezident qızı: “Əliyev ailəsinin bu ölkəyə etdiklərini xalqınız hər zaman xatırlayacaq” - MÜSAHİBƏ

Prezident qızı: “Əliyev ailəsinin bu ölkəyə etdiklərini xalqınız hər zaman xatırlayacaq” - MÜSAHİBƏ

Mədəni̇yyət

27 Aprel 2012, 11:26

Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlunun qızı, Ulusal Birlik Partiyası baş katibinin müavini Rəsmiyə Canaltay paytaxtımızda qonaqdır. Bakıda çoxsaylı görüşlər keçirən Rəsmiyə xanım Modern.az-ın suallarını cavablandırıb.


- Rəsmiyə xanım, həm siyasətçi, həm də işgüzar xanımsınız. Ancaq ən önəmlisi  Quzey Kıbrıs Türk Cümhuriyyət
inin prezidenti Dərviş Əroğlunun qızısınız. Bu baxımdan, özünüz haqda bir qədər oxucularımıza bilgi verməyinizi istərdik.

- Mənim həyatım siyasətlə iş dünyası içərisində keçdi. Mən 30 ildir siyasətin içərisindəyəm. Ulusal Birlik Partiyasında bir çox çalışmalarım oldu. Seçkilər zamanı həmişə seşki koordinatoru vəzifəsini icra etmişəm. Qadın təşkilatına da rəhbərlik etdim. Eyni zamanda da turizm sahəsində çalışıram (Rəsmiyə xanım “Restur” Turizm Agentliyinin direktorudur- Modern.az). Ölkəmə turist gətirilməsi üçün mücadilə etdim. Bu gün bunu qürurla söyləyə bilərəm ki, son dönəmlər Azərbaycandan Quzey Kıbrısa daha çox turistin getməsinə səbəb olan mən və yoldaşlarım olub. Bizim açdığımız bu yolda başqa şirkətlər də gəldi. Bakıdan həftədə 2 çarter reysi həyata keçirildi. 

- Azərbaycanda turizm bazarını necə qiymətləndirirsiniz? Buradan Quzey Kıbrısa turist cəlb etmək potensialı necədir sizin müşahidələrinizə görə?

- Mən həm siyasətin içərisindəyəm, həm də ölkəmə turst axınını təmin etmək üçün çalışıram. Ancaq Azərbaycanla bağlı bizim üçün başlıca olan qardaşlığın, dostluğun genişləndirilməsidir. Biz də bunun üçün turizm sahəsində bir sıra addımlar atdıq. Bu işlərdə Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Zəki Qazioğlunun çox böyük yardımları oldu.  Keçən il təşkil etdiyimiz Quzey Kıbrısı tanıtma adına turizm sərgimiz çox uğurlu keçdi. Bizim ən böyük istəyimiz Azərbaycanla hər cür dostluğu inkişaf etdirmək olduguna görə Azərbaycandan Quzey Kıbrısa turist gəlirsə, bundan sonra Quzey Kıbrısdan da buraya turist gətirməkdir. Çünki Azərbaycan, Bakı günü-gündən inkişaf edir, gözəlləşir. Mən bir il əvvəl də burda idim və bu bir ildə Bakıdakı dəyişikləri gördüm, heyrətləndim. “Eurovision” müsabiqəsinin burada keçirilməsinin sizə ən böyük xeyirindən də biri bu oldu. Azərbaycan hazırda çox möhtəşəm görünür. Bütün bunlar bizim də uğurumuzdur. Ona görə bu dəyişikliklər üçün hörmətli prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkürümü çatdırıram. Atadan oğula keçən bu ölkə sevgisinin heç azalmadan artmaqda davam etməsi məni gerçəkdən duyğulandırır. Mən düşünürəm ki, Əliyev ailəsinin bu ölkəyə etdiklərini xalqınız hər zaman xatırlayacaq. Çünki, türk milləti ona göstərilən sayğıya, çəkilən əməyə hər zaman qarşılıq vermişdir. Azərbaycan xalqının çalışqanlığı, bir-birinə bağlılığı inşallah, digər türk cümhuriyyətlərinə də örnək olacaq.

- Azərbaycanda adətən, ölkədən kənar turizm haqqında düşünərkən ilk ağıla Türkiyə - Antalya, Bodrum və s. gəlir. Azərbaycanlı turistlərin Quzey Kıbrısı tanımasında Sizcə hansı əksikliklər var?

- Biz istər otellər, istər xidmət sahəsində inanın ki, Antalyada heç geri qalmırıq. Bu da gələn turistlərimizi çox məmnun edir. Hazırda bizim Azərbaycanla bağlı turizm sahəsində problemimiz nəqliyyatla bağlıdır. İnşallah, bu il də çarter səfərləri üçün uçuş iznini alarıq. Bu mövsümdə planımız artıq tək Quzey Kıbrısa deyil, qarşılıqlı səfərlərin təşkil olunmasına çalışmaqdır. Quzey Kıbrısa keçən il gələn turistlərimiz çox məmnun qalmışdılar. 80 faizi böyük məmnuniyyətlə geri döndülər ki, bu da turizm sahəsində böyük nəticə sayılır. Dünyada məmnunluq faizi 60 faiz olan ölkə turizm sahəsində başarılı ölkə sayılır. Bizdə isə bu rəqəm artıq 80 faizdir. İlin 360 günü Quzey Kıbrısın havası günəşlidir. Bu da deyə bilərəm ki, Tanrının bizə bir ərmağanıdır. Bizim turizmimiz 12 aya yayılıb, yay-qış turistlər üçün uyğun şərait var. Digər bir üstünlüyümüz də təbiətin naturallığını pozmamağımızdır. İndiki dünyanın səs-küyündən baş götürüb qaçmaq istəyənlər Quzey Kıbrısda sakit bir həyatı yaxalayıb dincələ bilər. Azərbaycandan olan turistlər üçün 2-3 qat artıq üstünlüyü var ki, bu da dil və məişətimizin eyni olmasıdır.

- Türkiyədən Quzey Kıbrısa dənizin altı ilə su xəttinin çəkilməsi layihəsi vardı. Bu sahədə irəliləyiş varmı?

- Bəli, bu kəmər çəkilməkdədir. 2014-cü il 7 martda – Quzey Kıbrıs Türk Cümhuriyyəti prezidentinin doğum günündə açılış mərasimi olacaq.

- Rum tərəfinə də su verilməsi də mümkündürmü?

- İstəyərlərsə verərik, niyə də olmasın. Bizim qəlbimiz hər kəsə açıqdır.

- Sonda bir sual, prezident qızı olmağınız biznes fəaliyyətinizdə Sizə kömək edirmi?

- Yox. Atam, sayın prezident mənim Azərbaycana gəldiyimdən belə dünən günortadan sonra xəbər tutub. Mən Rəsmiyə Əroğlu Canaltay olaraq əlbəttə, prezident Dərviş Əroğlunun qızıyam. Amma eyni zamanda hər zaman ona layiqli övlad olmağa, dəstək olmağa çalışdıq. 30 ildir siyasətdə də yanındayıq. Hər zaman yapdığımız işləri dedi-qodu çıxmasın deyə sakitcə, öz gücümüzlə etdik. Atamın prezident olması biznes fəaliyyətimdə heç bir üstünlük vermir. Biz bunun çətinliklərini daha çox yaşadıq.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi