Modern.az

İbadət evləri: hansı rayonda necə məscid var? - V YAZI

İbadət evləri: hansı rayonda necə məscid var?  - V YAZI

27 Aprel 2012, 12:28

Modern.az Azərbaycanda mövcud olan, məscidlər haqqında silsilə yazıları davam etdirir. Bu yazılarda ölkəmizin bütün regionlarında mövcud olan məscidlərin və dini icmaların sayı, regionlarda fəaliyyət göstərən məscidlərin vəziyyəti, fəaliyyətini dayandırmış və ya qəzalı vəziyyətdə olan ibadət evləri haqqında geniş məlumat təqdim edirik.

Şəkinin məscidləri...

Azərbaycanın istər tarixi cəhətdən, istərsə də abidələri baxımından zəngin bölgəsi olan Şəkinin də ibadət ocaqları var. Şəki rayonu İcra Hakimiyyətin şöbə müdiri  Sadiq Yusifovun verdiyi məlumata görə, hazırda rayonda 50 məscid binası var ki, bunlardan yalnız 30-u fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyinin balansında olan 16 məscid tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Qalan məscid binaları müvafiq olaraq yerləşdiyi ərazi üzrə bələdiyyələr tərəfindən balansa götürülüb. Məscid binalarından 11-i yararsızdır. 13-ü şəhər, qalanları isə kənd və qəsəbələrin ərazisindədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təkrar qeydiyyat üçün müraciət etmiş məscidlərdən (dini icmalardan) 20-si qeydiyyatdan keçib, qalanlarının sənədlərinə baxılır. 

Şəkidə bağça kimi fəaliyyət göstərən iki məscid var...

Hələ Sovet dövründə məscidlərin anbar, kitabxana, məktəb və ya digər məqsədlər üçün istifadə edilməsini yaşlılardan eşitmişik. Amma günümüzdə bu cür halların olacağını heç düşünməzdik. Sən demə Şəkidə hələ də digər məqsədlər üçün istifadə olunan məscidlər qalmaqdadır. QMİ-nin region üzrə qazisi və eyni zamanda Şəki rayonun axundu Hacı Səlim Səfərovun sözlərinə görə, hazırda Şəkidə bağça kimi fəaliyyət göstərən iki məscid binası var.
“İndi nə qədər qəribə də olsa Şəki şəhərinin düz mərkəzində xalq arasında “Gödək minarə” kimi tanınan məscid bağça kimi istifadə olunur. Həmçinin “Yanıx məscid” adlanan qədim məscidlərimizdən biri də eyniylə digər məscid kimi bağçadır” deyə   Hacı Sərim Əfəndi bildirib.

Düzdür məscidin bağçaya çevrilməsi o qədər də qorxulu hal deyil. Ən azından bura təlim-tərbiyə ocağıdır. Amma indi regionlarda sosial-iqtisadi inkişafa dövlət tərəfindən pul ayrılır. Odur ki, yəqin yaxın zamanlarda yeni inşa olunan bağçaya köçəcək balaca balalar hazırda məskən saldıqları Allah evini öz məqsədi üçün istifadəyə qaytaracaqlar.

Şəkinin təmirə ehtiyacı olan və fəaliyyətsiz məscidləri...

Hacı Səlim Əfəndi deyir ki, hazırda Şəki şəhərində təmirə ehtiyacı olan məscidlər çoxdur. “Kəndlərdə olan məscidlərin çoxunun təmirə ehtiyacı var. Amma hələ kəndlər bir yana qalsın şəhərin özündə də bu var. Məsələn, Şəkinin Dodu kimi tanınan hissəsində bir məscid var ki, hazırda qəzalı onun yenidən təmirinə ehtiyac var. İnanırıq ki, aidiyyatı qurumlar buna bir əncam çəkəcəklər.”

Qədim Şəkinin qədim məscidləri də var...

Şəki “Cümə” məscidi - qədim Şəki şəhəri ərazisində yerləşən, Azərbaycan Respublikasının ərazisindəki ən qədim məscidlərdən biridir.
XVIII-XIX əsr abidəsi olan “Cümə” məscidinin tikintisində yerli inşaat materiallarından istifadə edilib. Plan quruluşuna görə tağlı, sütunlu salondan ibarət olan, daş və ağaclarla bölmələrə ayrılaraq binadakı bu böyük aşırımı örtməyə imkan verir. Alçaq yaşayış evlərinin və yaşıllıqların fonunda özünün hündürlüyü ilə seçilən minarə məscidinin kompozisiyasında mühüm yer tutur. 28,5 m hündürlüyündə olan minarə məscid binasından bir neçə metr aralı, ayrıca dayanan tikilidir. Yuxarıya doğru nazikləşən minarə kərpic hörgülərlə, relyefli naxışlarla bəzədilmişdir. Minarəni tamamlayan şərəfə hissəsi çox məharətlə işlənmişdir. Məscidin iç məkanı sadədir. Buradan ibadət yeri, hücrələrindən isə mədrəsə kimi istifadə olunur. "N" şəklində olan məscid kompleksi ikimərtəbəlidir. Baş fasad kərpic naxışlarla işlənib.

Ömər Əfəndi məscidi — Şəki şəhərində Ömər Əfəndi tərəfindən XVIII-XIX əsrlərdə inşa edilib. Məscidin fasadı bişmiş kərpic naxışları ilə diqqəti cəlb edir. Fasaddakı kərpic karniz, divar səthindən qabağa çıxan nazik tağlarla işlənmiş pəncərəüstü, bir-birini əvəz edən kərpic və daş hörgü sıralarından ibarət pəncərəarası divarlar onun memarlıq simasını tamamlayır. Binanın tikintisi özünəməxsusluğuna, bədii ifadəliyinə görə Şəki memarlığı ruhunda yerinə yetirilib. Tikintinin əsas tutumuna daxil edilən minarənin üzərində kərpiclə işlənmiş bəzək işləri Şəki sənətkarlarının xüsusi memarlıq üslubunu, bacarıq və qabiliyyətlərini özündə əks etdirir. İnteryerin dekor elementi olan mehrabı xüsusi məharətlə işlənib. Məscidin həyətində hovuz yerləşir. Məscidin həyətindəki hovuzun suyundan dəstəmaz almaq üçün istifadə olunur.

Xan məscidi - Şəki şəhərinin Bazarbaşı məhəlləsində yerləşib. Miladi təqvimlə 1745-1750-ci illərdə inşa edilib. Həyətyanı sahəsi 1600 kv.metrdir. Şəki şəhər “Xan” məscidi formaca düzbucaqlı olub, əsas binası və minarəsi başdan-başa bişmiş kərpiclə tikilib. Memarlığı baxımından yerli üslubda olan bu məscidin üç giriş qapısı var və giriş qapısının ön tərəfində eyvan yerləşdirilib. Eyvan yeddi tağdan ibarətdir. Məscidin dam örtüyü ağ dəmir təbəqə ilə işlənib. Həyətyanı sahəsi daş hasara alınıb və yaşıllıqlar içərisindədir. Minarəsi dəyirmidir, hündürlüyü 20 metrdir. Məscidin arxa tərəfində - həyətdə 9 böyük başdaşı qoyulub ki, bunlarda Şəki xanlarının qəbirləridir. Məsciddən sovetlər dövründə anbar kimi istifadə edilib. 1978-ci ildən 1994-cü ilədək Ziyalılar evi olub. 1994-cü ildə yerli məhəllə əhalisi tərəfindən təmir və bərpa edildikdən sonra yenidən məscid kimi fəaliyyətə başlayıb.

Şəkinin qədim tarixi memarlı abidələrindən biri də Giləhli məscididir. XVIII əsrə məxsus olan bu məscid Şəkinin şimal-şər ucqarında, şəhərin içərisindən axan Qurcana çayının sahilində, onun səthindən təxminən 20-25 metr yüksəklikdə tikilib. Sadə yaşayış evlərinə məxsus ənənəvi Şəki memarlıq üslubunda tikilmiş məscid binasının daxili görkəmi Şəki xan sarayını xatırladır. Divardakı nəqqaşlığa, rəsmlərə, stalaktitlərə nəzər yetirdikdə belə təsəvvür yaranır ki, sarayla məscidin daxili divarı eyni sənətkarın əlindən çıxıb. Giləhli məscidi uzun müddət baxımsız qaldığından və qəza vəziyyətinə düşdüyündən onu bərpa etmək əvəzinə, Sovet dövründə yerlə yeksan edilib. Xoşbəxtlikdən Giləhli məscidinin minarəsi bu günə kimi gəlib çatıb. Qülləyə qədər 13,5 metr olan minarə yüksəklikdə yerləşdiyindən ərazi buradan çox gözəl görünür. Məscidə üfüqi istiqamətdə söykənən istinad divarı onun möhkəmliyinə və dayanıqlığını daha da artırır. Onun istinad divarının qurtaracağına qədər olan hissəsi daşla, ondan yuxarı hissəsi isə bişmiş qırmızı kərpiclə hörülüb. Müəzzinlər üçün nəzərdə tutulan və minarəni tamamlayan sahəyə qalxmaqdan ötrü istinad divarını üzərində iyirmidən artıq daş pilləkən hörülüb, yağışdan, qardan, çovğundan və günəşdən qorunmaq məqsədi ilə kənarına taxta vurulub. Buraya işıq düşmək üçün kiçik pəncərələr də qoyulub. Pilləkənin qurtaracağında minarəyə daxil olmaq üçün tağlı qapı var.

Şəki rayonunda fəaliyyət göstərən digər məscidlər: Şəki şəhər “Ömər əfəndi” məscidi, Şəki şəhər mərkəzi “Cümə” məscidi, Şəki şəhər İmam Əli məscidi, Aydınbulaq kənd məscidi, Aşağı Göynük kənd məscidi, Aşağı Küngüt kənd məscidi, Baltalı kənd məscidi, Baş Göynük kənd məscidi, Baş Küngüt kənd məscidi, Baş Layısqı kənd məscidi, Baş Zəyzid kənd məscidi, Bideyiz kənd məscidi, Böyük Dəhnə kənd məscidi, Cumakənd kənd məscidi, Cunud kənd məscidi, Cəyirli kənd məscidi, Kiçik Dəhnə kənd məscidi, Orta Zəyzid kənd məscidi, Oxud kənd məscidi, Qudula kənd məscidi, Çayraqoyunlu kənd məscidi, İnçə kənd məscidi, Şıxoba kənd məscidi. 

Oğuzda 11 məscid var…

Oğuz rayonunda 8 dini icma var ki, bu dini icmalar 11 məsciddə qərarlaşıb. Rayonun axundu Hacı Şövkət Cəlilov deyir ki, bu məscidlərdən biri rayon mərkəzində olan “Cümə” məscid qalanları isə kəndlərdədir.

Oğuzun iki qədim məscidi…

Hacı Şovkət deyir ki, rayon ərazisində 2 qədim məscid binası var ki yaşı 1800-cü illərə gedib çıxır. Hər iki məscid rayonun ən böyük kəndi olan (hətta Oğuz şəhərindən bir neçə dəfə böyükdür) Xaçmaz kəndindədir. Bu məscidlər elə onları tikdirən şəxslərin adı ilə adlanır. Belə ki, “Hacı Bəhaçin bəy” və “Hacı Səməd bəy” məscidləri tarixi baxımdan əhəmiyyətli abidələrdir. Bununla yanaşı günümüzdə də məscid kimi fəaliyyət göstərir.

Rayon mərkəzindəki “Cümə” məscidinin minarəsi uçur…

Axundun sözlərinə görə Oğuzun mərkəzində yerləşən “Cümə” məscidinin hazırda ciddi şəkildə təmirə ehtiyacı var. Belə ki, məscidin minarəsi artıq uçur cə yararsız vəziyyətə düşüb. Neçə illərdir təmir olunmadığından məscidin özünün də əsaslı yenidən qurmaya ehtiyacı var. Hacı Şovkət deyir ki, “Cümə” məscidi Oğuzda təmirə ehtiyacı olan yeganə məscid deyil. Rayonun Dəymədağlı kənd məscidi də bu vəziyyətdədir. Axundun sözlərinə görə təkrar qeydiyyata hələ ki alınmayan məscid  pis vəziyyətdədir. Hazırda istifadə olunsa da ciddi şəkildə təmir olunmalıdır.

Dini icma rəhbəri ilə axund yola getmir…

Axud hacı Şovkət deyir ki, rayonun Kərimli kəndində “Çərşənbə baba” ziyarətgahı və eyni zamanda ziyarətgah kompleksinin tərkibində eyni adlı məscid var. Amma məscidin axundu ilə dini icmanın rəhbəri ayrı-ayrı şəxslər olduğundan burada bir problem mövcuddur. Axund deyir ki, bu insanların bir-biri ilə şəxsi münaqişəsindən insanlar əziyyət çəkir: “Bəzən olur ki, insanların yas məclislərinə getmirlər. Camaat məcbur olub başqa yerdən molla axtarmalı olur. Dəfələrlə mən özün camaatın yas məclislərin idarə etməli olmuşam”.

Oğuzda digər dinlərin də ibadət ocaqları var…

Oğuzda yəhudi icması da fəaliyyət göstərir. İcmanın iki sineqoqu var ki, orada ibadət edirlər. Bundan başqa azsaylı xalq olan udinlər də oğuz rayonunda məskunlaşıb. Udinlər xristian dininə itaət edirlər. Rayonda bir kilsə olsa da, qədim abidə olduğu üçün bu gün tarixi abidə kimi qorunur. Rayonda yaşayan xristianlar isə uyğunlaşdırılmış binadan kilsə kimi istifadə edirlər.

Oğuz rayonunda fəaliyyət göstərən məscidlər: Baş Daşağıl kənd məscidi, Kərimli kənd məscidi, Padar kənd məscidi,  Sincan kənd məscidi, Dəymədağlı kənd məscidi, Tərkəş kənd məscidi,  Xaçmaz kənd məscidi , “Hacı Bəhaçin bəy” məscidi (Xaçmaz kəndi) və “Hacı Səməd bəy” məscidi (Xaçmaz kəndi), Bayan  kənd məscidi (fəaliyyət göstərmir)

Qax rayonun məscidləri…

Regionun gözəl guşələrindən olan Qax rayonunda da 11 məscid fəaliyyət göstərir. Rayonun axundu hacı Novruz Sadıqov deyir ki, ibadət evlərinin hamısı fəaliyyət göstərir. Bəzi məscidlər tarixi əhəmiyyətli abidə olaraq qorunur. Amma insanlar bura da ibadət etməyə gəlirlər. Qax rayonunda məscidlərin əksəriyyəti qədimdir. Yeganə olaraq Qax şəhərinin “Cümə” məscidi 1996-cı ildə bərpa edilib. Qalan məscidlər isə 17-18-ci əsrlərə aiddir. Qədim məscidlər arasında ən cavanı isə Əmbərçay Cümə məscididir ki, o da  1910-cu ildə inşa edilib. 

Qax Mərkəzi şəhər məscidinin giriş qapısının sol tərəfində divarda oyma üsulu ilə daş kitabə həkk olunub ki, bu da məscidin hicri-qəməri təqvimi ilə 1220-ci ildə tikildiyini göstərir (XIX əsr). Həyətyanı sahəsi 700 kv.metr, əsas ibadət zalının sahəsi 20x10 metrdir.

Qax şəhər “Cümə” məscidinin həyətyanı sahəsi yaşıllıqlar içərisində olub, daş hasara alınıb. Məscid formaca dördbucaqlıdır. Dam örtüyü qırmızı kirəmitdəndir. Minarəsi dəyirmi formada olub, bişmiş kərpiclə işlənib. Hündürlüyü 16 metrdir. Minarəsi hicri-qəməri təqvimi ilə 1288-ci ildə ucaldılıb (XIX əsr). Minarənin üstündə aypara və beşguşəli ulduz rəmzi qoyulub. Məscidin üç giriş qapısı vardır. Dördbucaqlı formada olan qapılar taxtadan düzəldilib. Məscidin giriş qapısı tərəfdə eyvan yerləşir. Döşəməsi bişmiş kərpic, tavanı isə taxtadandır. Eyvanın sahəsi 2x16 metrdir. Məscidin əsas ibadət zalının hündürlüyü 4 metrdir. Tavanı taxtadan olub, dördbucaqlı formadadır. Tavan altı taxta sütun üzərində yerləşmişdir. Mehrabı çox sadə formadadır, hündürlüyü 3 metrdir. Minbəri taxtadandır, yeddipilləlidir. İbadət zalında 16 pəncərə var. Pəncərələr taxtadan düzəldilərək şəbəkə və rəngli şüşədən işlənib. Məscid sovetlər dövründə anbar və muzey qismində istifadə edilib. 1990-cı ildən etibarən bərpa olunmuş və məscid kimi istifadəyə verilib.

Ulu məscid (digər adı İlisu came məscidi) — Qax rayonunun İlisu kəndində yerləşir. İlisu kəndində vaxtilə mövcud olmuş 9 məsciddən 7-si dövrümüzə qədər salamat qalıb. Məscidlərin ən böyüyü və qədim tarixə malik olanı Came məscidi olduğu üçün yerli əhali onu Ulu məscid adlandırır.

Qax rayonu ərazisində fəaliyyət göstərən məscidlər: Qax şəhəri Mərkəzi şəhər məscidi (1756-cı il), Qax şəhəri Cümə məscidi (1996-cı il), Tasmalı kənd məscidi (XVIII əsr), Güllük kənd “Cümə” məscidi (XVII əsr), Ləkit kənd məscidi (XVIII əsr), Əmbərçay “Cümə” məscidi (1910-cu il), Qaşqaçay “Cümə” məscidi (XVIII əsr), Qaysarlı kənd məscidi (XVIII əsr), Marsan kənd məscidi (XIX əsr), Zərnə kənd məscidi (XVIII əsr), Qum kənd məscidi (XIX əsr)

Qəbələnin məscidləri...

Azərbaycanın səfalı guşələrindən biri olan Qəbələdə 22 məscid var. Lakin bu məscidlərin 16-sı qeydiyyata alınıb. Qalan məscidlərin sənədləri isə hazırlanır. Qəbələnin axundu Hacı Ceyhun Rüstəmov deyir ki, rayonda fəaliyyət göstərən əsas məscid Qəbələnin mərkəzində yerləşən “Cümə” məscididir. Axundun sözlərinə görə, sovet dövründə əksər məscidlər kimi bağlanıb və sonradan uzun illər muzey kimi fəaliyyət göstərib. Lakin müstəqillikdən sonra yenidən təmir olunan “Cümə” məscidi indi öz tarixi funksiyasını özünə qaytarıb.

Qəbələnin də təmirə ehtiyacı olan məscidləri var...

Hacı Ceyhun deyir ki, Qəbələdə kənd məscidlərinin əksəriyyətinin təmirə ehtiyacı var. Məsələn, rayonun Uludaş və Mıxlıqovaq kənd məscidləri demək olar ki, yarasız haldadır. “Düzdür insanlar bura ibadət etməyə gəlirlər. Amma məscidin yenidən qurulması lazımdır” deyə axund bildirib

Qəbələnin “Həzrə” pirləri...

Hacı Ceyhun Qəbələdə mövcud olan “Həzrə” pirləri və orada olan məscidlər barədə də danışıb. Axund deyir ki, tarixi əhəmiyyətə malik olan bu ocaqda vaxtiylə 7 pir olub. Amma indiki dövrümüzə bunlardan yalnız 4-ü gəlib çatıb. Pirlər kompleksində məscidlər də mövcud olub. Amma hazırda məscidlərin yalnız uçulmuş izləri qalır.

Came məscidi - 1899-1906-cı illərdə iməcilik yolu ilə tikilib. XX əsrin 30 - cu illərində minarəsi və mehrabı dağıdılmış və binadan müxtəlif məqsədlərlə istifadə edilir. Sahəsi 800 M2 - dır. 2004 - 2005 - ci illərdə əsaslı bərpa olunaraq Qəbələ dini icmasına qaytarılır. Qəbələ şəhəri, Nizami küçəsi №1-də yerləşir. Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət ( memarlıq ) abidəsidir.

Səkkizguşəli məscid - XV - XVI əsrlərdə Qəbələ şəhərində bişmiş kəpic və çay daşından tikilib. Tinləri və damı səkkizguşəlidir. İçərisində tavanla döşəmə arasında bir ağac sütun vardır. 1985-86-cı illərdə bərpa edilib. Dini icmanındır. Səkkizguşəli məscid nadir tikintidir. Səkkizguşə - cənnət sferasının rəmzidir. Belə işarəli qılınc və qəbir daşı Qəbələ rayon Tarix Diyarşünaslıq muzeyində var. Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət ( memarlıq ) abidəsidir. 

Şıx Baba piri

El dilində İşıq baba kimi tanınan ən ağır ocaq Həmzəlli kəndindədir. Şıx Baba piri XVI əsrin abidəsidir. Pirdəki şeyxə məxsus məqbərə, içəridəki məzar və üzərindəki kitabələr hazırda mühafizə olunur. Bu abidələr kompleksinin yaranması tarixi haqqında dəqiq məlumat yoxdur. Məqbərədə saxlanılan Şeyxə aid sənəd oxunarkən məlum olub ki, şəhadətnamə hicri tarixi ilə 1283-cü ilin ramazan ayının əvvəllərində (7.1-6. 11. 1867 ildə) yazılıb. Şəhadətnamədə Həmzəlli kənd sakinlərindən Seyyid Hacı Əli Əfəndi və Seyyid Lütfəli qardaşlarının əsrlərdən bəri ziyarətgah kimi şöhrət tapmış məqbərədə dəfn olunmuş alimin nəslindən olmaları və pirdə mücövürlük haqqına malik olmaları göstərilib. Şəhadətnamə Nuxa qəzasının Qəbələ mahalına daxil olan Qəbələ, Vəndam, Bum, Mıxlıqovaqlı, Tikanlı kəndlərindən olan 33–dən çox yüzbaşı, kəndxuda, ruhani və bəylərin möhür və imzası ilə təsdiq edilmişdir. Sənəddə şeyxin adı "ariflərin qütbü, mövlana, Seyyid Şeyx Məhəmməd" - deyə qeyd edilib. Beləliklə, Şeyx Məhəmmədin sağlığında daşıdığı "ariflərin qütbü, "mövlana", "şeyx" ləqəb-lərinə, məqbərəsinin müqəddəs məkan kimi ziyarətgaha çevril-məsi və digər amillərə görə, onun ruhani-alim, ictimai-siyasi xadim kimi xalq kütlələri arasında böyük nüfuza malik olduğunu göstərir. Bu bir daha şeyxin məqbərəsi ətrafında böyük bir qəbiristanın meydana gəlməsi ilə izah edilə bilər. Ətrafda Şirvan-Abşeron bədii daşyonma sənəti və xəttatlıq məktəbi ustalarına məxsus XV-XVI əsrə aid sənduqə formalı xatirə abidələri mövcuddur. Məqbərənin şərq divarı önündə alim Mövlana Sədrəddin dəfn olunub. Onun qəbri üzərində mərmər başdaşı və sinə daşı qoyulub. Abidə çox nəfis işlənmiş nəbati naxışlarla və kitabə motivləri ilə bəzədilib. Sinə daşının haşiyəsində Qurandan 2-ci surənin 39-cu ayəsi, 29-cu surənin 56-cı ayəsi yazılıb. Haşiyədən içəri xalça ornamentləri həkk olunub. Düzbucaqlı kitabə motivində ərəbcə mərhumun adı və vəfatı tarixi yazılıb. "Bu qəbir alim, fazil Mövlana Sədrəddinindir. 1012 il" (1603/1604). Başdaşında ( 0,95X0,41X0,5 m) Qurandan 97, 1-5; 29, 56 ayələr yazılıb. Alimlərin qənaətinə görə yüksək dərəcəli alimlərə məxsus ləqəblərlə qeyd edilmiş Şeyx Sədrəddin Mövlana Şeyx Məhəmmədin davamçılarındandır. Ətrafdakı abidələrə əsasən qeyd edilir ki, məqbərə sosial-siyasi və iqtisadi əhəmiyyəti olan bir mərkəz kimi XIV əsrin əvvəllərindən fəaliyyət göstərib (Müasir dövrdə bu ocağa göz xəstəliklərinə düçar olan insanlar daha çox niyyət olunurlar).

Qəbələnin fəaliyyət göstərən məscidləri: Qəbələ şəhər “Cümə” məscidi, Aydınqışlaq kənd məscidi, Bunud kənd məscidi, Böyük Əmili kənd məscidi, Hacallı kənd məscidi, Həmzəlli kənd məscidi, Kötüklü kənd məscidi, Mirzəbəyli kənd məscidi, Mıxlıqovaq kənd məscidi, Nic qəsəbə Yalağaclı məhəllə məscidi, Qəmərvan kənd məscidi, Soltan Nuxa kənd məscidi, Tüntül kənd məscidi, Uludaş kənd məscidi, Vəndam kənd məscidi, Xırxatala kənd məscidi, Yenikənd kənd məscidi, Yemişanlı kənd məscidi, Yeni Dızaxlı kənd məscidi, Yengicə kənd məscidi, Zarağan kənd məscidi, Çuxur Qəbələ kənd məscidi.

Orxan Əli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi