Modern.az

Avtomobillərin texniki baxışında rüşvət məsələsi

Avtomobillərin texniki baxışında rüşvət məsələsi

27 Aprel 2012, 13:21

Azərbaycan Respublikasında qeydiyyatda olan bütün nəqliyyat vasitələri "Yol hərəkəti haqqında" Qanunun 30-cu maddəsinin 6-cı hissəsində qeyd olunduğu kimi, ildə bir dəfə texniki baxışdan keçirilir.
Yanvarın 1-dən bu prosesə start verilib, texniki baxış oktyabrın 31-də yekunlaşacaq. Avtomobillər üçün texniki baxış müddəti aşağıdakı kimi müəyyənləşdirilib:

- “VAZ” markalı avtomobillər üçün : 01 yanvardan 01 maya qədər;
- “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 01 maydan  01 iyula qədər;
- Yük avtomobilləri və avtobuslar üçün: 01  iyuldan 01 sentyabra qədər;
- Xarici dövlətlərdə (MDB dövlətləri istisna olmaqla) istehsal edilmiş minik avtomobilləri üçün: 01 sentyabrdan 31 oktyabra qədər.

Modern.az saytına daxil olan məlumata görə, bəzi regionlarda texniki baxışa gələn avtomobillərin sahiblərindən dövlətin müəyyənləşdirdiyi rüsumdan artıq pul tələb olunur. Baş Dövlət Yol Polis İdarəsinin İmişlidəki regional bölməsində belə halların olduğuna dair məlumatlar var. İmişlidən olan avtomibil sahiblərinin bildirdiyinə görə, “VAZ” markalı avtomobillər üçün ötən il 25 manat dövlət rüsumu ödədikləri halda, bu il onlardan 50 manat tələb olunur. Bölmədə tələb olunan məbləği ödəyib texniki baxışdan keçənlər var.

Maraqlıdır, doğrudanmı texniki baxışa görə rüsum artırılıb?

Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin Modern.az-a verdiyi məlumata görə, avtomobillərin texniki baxışdan keçirilməsi üçün rüsumlarda heç bir qiymət artımı yoxdur. Onun sözlərinə görə, nəqliyyat vasitəsinə texniki baxış keçirilməsi üçün

mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat+ mühərrikin  həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2 qəpik yol vergisi tutulur, əlavə olaraq avtonəqliyyat vasitələrinə xidmətlərin göstərilməsi üçün 10 manat dövlət rüsumu ödənilir.

Motosikl və qoşquların texniki baxışdan keçirilməsinə görə isə 5 manat dövlət rüsumu ödənilir.

K.Əliyev onu da qeyd edib ki, nəqliyyat vasitələri texniki baxışa təqdim olunarkən  “Yol hərəkəti haqqında” Qanunun bir saylı əlavəsinin tələblərinə uyğun olmalıdır:

“Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi də təqdim etməsi mütləqdir. Bu qanunvericiliklə nəzərdə tutulub. Ona görə də hər bir nəqliyyat vasitəsi texniki baxışdan keçməmiş ilkin növbədə mülki məsuliyyətin sığorta şəhadətnaməsinin təqdim etməlidir. Yəni həmin şəxslərin sığorta şəhadətnaməsi olmalıdır”.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir