Modern.az

Axtarışda olan QHT-lər...

Axtarışda olan QHT-lər...

8 Yanvar 2010, 19:07

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası “Azərbaycan QHT-ləri” adlı kitab hazırlayır. Nəzərdə tutulub ki, bu nəşrdə Azərbaycanda fəaliyyət göstərən təşkilatlar barədə məlumatlar yerləşdirilsin. Bu məqsədlə ötən ilin ortalarında QHT Şurası Ədliyyə Nazirliyində qeydiyyatdan keçən təşkilatların siyahısını əldə edib. Amma məlum olub ki,  siyahıdakı 2427 QHT-nin  əksəriyyətinin özləri barədə nazirliyə verdiyi informasiya köhnəlib – ünvan və telefonlar dəyişib.

İlkin ərəfədə QHT Şurası 750-yə yaxın təşkilat barədə ən son, dəqiq məlumatları toplayıb.  Şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanov Modern.az-a deyib ki, hazırda onlar 1308 QHT-nin axtarışına çıxıblar: “Onların rəhbərləri, ünvan və nömrələri barədə məlumatlar köhnəldiyinə görə əlaqə yaratmaq olmur. Qərara gəldik ki, bu qurumların adlarını sayta yerləşdirək. Kim öz təşkilatının adını saytda görsə, bizə məlumat versin”. F.Qurbanov bildirir ki, onlar siyahını sayta yerləşdirəndən sonra xeyli məlumat toplayıblar: “Amma hələ də mindən çox QHT barədə informasiya yoxdur: Hətta bir koalisiyalar, assosiasiyalara müraciət etdik ki, bəlkə hansısa QHT onların tərkibində ola. Amma o qədər də çox məlumat toplaya bilmədik”.

İcraçı direktorun sözlərinə görə, bu məsələ bir qədər də QHT rəhbərlərinin özlərinin şəffaflığa meylli olub-olmaması ilə əlaqədardır: “Ola bilər ki, heç həmin QHT özü barədə məlumatları açıqlamaq istəmir. Kim fəaliyyətini şəffaf qurmaq istəyirsə, yəqin ki bizə məlumat göndərəcək”. F.Qurbanov siyahıda az-çox tanınan QHT-lərin adlarının getməsini də istisna etmir: “Tanınmış hüquqşünas İradə Cavadovanın rəhbərlik etdiyi QHT-nin adı da ora düşmüşdü. Onu aydınlaşdırıb siyahdan çıxartdıq”.

Doğrudan da, siyahı ilə bir qədər ətraflı tanış olanda, 1308 QHT arasında ictimaiyyətə, elə jurnalistlərin özlərinə yaxşı tanış olan, çox vaxt ekspert qismində müraciət etdiyimiz QHT-lərin adlarına rast gəlinir. Uşaq Hüquqlarının Müdafiə Liqası (Yusif Bəkirov), Türk Sənayeçi İş Adamları” Beynəlxalq Cəmiyyəti (TÜSİAB), Gənc İqtisadçılar Birliyi (sədri Azər Əmiraslanov), “Tutu” Uşaq Mədəniyyət Mərkəzi, Dini Araşdırmalar Mərkəzi, Azərbaycan Moda Assosiasiyası (Zamir Hüseynov), Hüquq Maarifçiliyi Cəmiyyəti (İntiqam Əliyev), Çingiz Mustafayev Adına Fond, Demokratiya və İnsan Hüquqları Komitəsi (Çingiz Qənizadə) Jurnalist - Müharibə Veteranları Assosiasiyası (sədri Tahir Paşazadə), Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyi (Zöhrab İsmayıl) və s.

Tapılmayan QHT-lər sırasında Azərbaycan Kənd Bələdiyyələrinin, Qəsəbə Bələdiyyələrinin və Şəhər Bələdiyyələrinin Milli Assosiasiyalarının adları da var. Hərçənd bu qurumların rəhbərləri hər il rəsmi şəkildə Avropa Şurasında Azərbaycanı təmsil edirlər.

“İtkin düşən” təşkilatlar sırasında qəribə adlara da rast gəlinir. Məsələn, bir qurum belə adlanır -  Azərbaycan Respublikası, MDB Ölkələri və İqtisadi Məkana daxil olan digər Ölkələrin Müəssisələri və digər Sahibkarlıq Strukturları Arasında Əməkdaşlıq Əlaqələndirmə Şirkəti. Bundan əlavə, «Novruz» Heyvandarlıq İctimai Birliyi, «Səbuhi» Heyvandarlıq-Toxumçuluq İctimai Birliyi, «Leyla» Aqroxidmət İctimai Birliyi kimi adam adları ilə adlandırılan, amma kənd təsərrüfatına aid olan QHT-lər də var. Siyahıda Azərbaycan Respublikası Haqq-Ədalət İctimai Təşkilatı adlı QHT də var.

Siyahlıda anlaşılmazlıq yaradan QHT adları da mövcuddur. Məsələn, burada Azərbaycan Respublikasının Müəllif Hüquqları  Agentliyinin ad çəkilir. Halbuki, bu təşkilat 1996-cı ildə Azərbaycan Respublikasının  Prezidenti Heydər Əliyev tərəfindən dövlət orqanı kimi yaradılıb.  Eynilə, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının adının da bu siyahıya düşməsi anlaşılmır.

QHT-lər siyahısına baxanda belə təəssürat yaranır ki, Azərbaycanda elə bir isim tapmaq mümkün deyil ki, o adda xeyriyyə cəmiyyəti olmasın. Yer adları, insan adları bir yana qalsın, burada “Başkeçid”, “Avtomobilçi”, “Ana Pürzə“, “Sehrli Aləm” adlı xeyriyyə cəmiyyətlərinin adları var. Nəhayət, sevindirici məqamlardan biridir ki, Suraxanı Rayonu 275 Saylı Orta Ümumtəhsil Məktəbinin Məktəb-Valideyn Fondu, Yasamal Rayonunun Ağbirçək Qadınları İctimai Birliyi kimi QHT-lər də qeydiyyatdan keçib.

Fərəh Sabirqızı

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?