Modern.az

“EUROVİSİON” və Qarabağ – belə imkan hər zaman ələ düşmür

“EUROVİSİON” və Qarabağ – belə imkan hər zaman ələ düşmür

30 Aprel 2012, 12:34

Məlum məsələdir ki, bu “EUROVİSİON”   musiqi yarışmasında  paytaxtımıza xeyli sayda  müxtəlif ölkələrdən qonaqlar gələcək. Təbii ki, Azərbaycanı  onlara daha yaxından tanıtmaq şansı yaranıb.  Azərbaycana  gələn  əcnəbilərə, xüsusilə, jurnalistlərə Qarabağ həqiqətlərini çatdırmaq üçün  bu  musiqi yarışması bir fürsətdir. Sadəcə olaraq  bu fürsətdən yararlanmaq lazımdır.

Təbii ki, ilk baxışda əcnəbini ya Qarabağ,  ya işğal  faktı  o qədər də maraqlandırmayacaq.  Ancaq biz təbliğatımızı elə qura bilərik ki,  onlar Azərbaycanın mədəniyyətilə, musiqisilə  bərabər  Qarabağ və işğal faktı haqqında  kifayət qədər  məlumatlar  əldə edə bilsinlər.  

Əcnəbilər sərgiyə, müxtəlif mədəni tədbirlərə getməyi xoşlayırlar. Ümumilikdə, işğal olunan  rayonların musiqisi, adət ənənələri, folkloru və s. mövzusunda  sərgilər təşkil etmək olar. Təbii ki, sonda işğal faktını qabartmaq məqsədilə  sərgiyə  stendlər  əlavə etmək mümkündür. Şübhəsiz ki,  bütün  bu işləri uğurla başa çatdırmaq üçün əcnəbi dilləri bilən kadrları  bu proseslərə cəlb etməyə ehtiyac var.

Son dövrlər  İçərişəhərdə, Milli Parkda və digər məkanlarda “EUROVİSİON” musiqi yarışması və ümumilikdə, Azərbaycanın tanıtımı  ilə bağlı  ciddi işlər görülməkdədir. Təbii ki,  bu fürsətdən yararlanıb Qarabağın  təbliğatı ilə bağlı  genişmiqyaslı   işlərə start vermək olar. Bu işləri  emosionallıqdan, hay-küydən üzaq  durmaqla, yalnız  mədəni dəyərləri önə çəkməklə etmək mümkündür.  Çünki qeyri-peşəkar,  emosional təbliğat son məqamda  antitəbliğata çevrilə bilər. Yəni bu məqamlar nəzərə alınmalıdır.

Bir sözlə  Bakıda keçiriləcək “EUROVİSİON”   musiqi yarışmasından yaxşı mənada Qarabağın təbliğatı-nöqteyi nəzərindən tamamilə  yararlanmaq mümkündür. Belə imkanlar   hər zaman  ələ düşmür.  Azərbaycanın mədəni dəyərlərinin  təbliği, ümumulikdə  dünyada  Azərbaycanın tanıtımı   və paralel olaraq  Qarabağ məsələsinin gündəmə gətirilməsi  daha effektlidir. Bəzi QHT-lərin   bu sahədə  apardığı  işi, həyata keçirdiyi layihələri müsbət dəyərləndirmək olar.

Lakin gedib Avropada və yaxud Rusiyanın hər hansı şəhərində azərbaycanlıların  diaspor təşkilatlarının  nümayəndələri üçün Qarabağla bağlı bir tədbir keçirmək artıq effektsizdir. Çünki istər  Rusiyaya çörək, iş  dalınca  gedən   soydaşlarımız olsun, istərsə də,  xaricdəki türk diaspora  təşkilatlarları  olsun, artıq onların hər biri  Qarabağla  məsələsi  haqqında məlumatlıdırlar. Deməli, peşəkar təbliğatın hədəfi xarici  vətəndaşlar olmalıdır. Onlarla  iş qurmaq lazımdır.

Ümumiyyətlə,   tək bu yarışma zamanı deyil  bütün dövrlərdə  Qarabağla bağlı təbliğat məsələsində   metodologiya   dəyişməlidir. Bu məsələlərdə daha innovativ  yanaşmalar olmalıdır.  Deyəsən, sivil dünya  həqiqətləri  qışqıraraq deyəndə qəbul etmək  istəmir. Deməli, daha optimal variantlar tapmaq lazımdır.

Biz son dövrlər ermənilərin Azərbaycanın əleyhinə yaratdıqları internet saytlarının, çap etdirdikləri kitabların  monitorinqini aparırıq. Çox dəhşətli  faktlar üzə çıxır.  Görün dünya 100 ilə yaxındır ki, saxta erməni təbliğatı ilə  üz-üzədir.   Bu sindromu  qırmaq, həqiqətləri  dünyaya sübut etmək üçün zəif ənənəvi metodologiya,  haylı-küylü  şüarlar kara gəməz.  Bu sahədə intellektual potensialı, təcrübəsi və səmimiyyəti olan insanların  təcrübəsindən yararlanmaq  fayda verər.  Yetər ki, bu işləri  peşəkarlara və gerçəkdən iş görmək istəyənlərə həvalə edib, onlara lazımı dəstəyi göstərəsən. 

Ənənəvi  təbliğat metodologiyası  dünyada  həm yaxşı qəbul olunmur, həm də effekti az olur.

Deməli, təbliğatı elə  qurmalıyıq ki,  hər görülən iş  hadisəyə çevrilsin.  “Erməni pisdir, erməni vəhşidir” deməklə  heç nəyi sübut etmək mümkün deyil.  Elmi həqiqətləri ortaya qoymaq gərəkdir. Elmi həqiqətlərə, tarixi mənbələrə  söykənən və dünya elminin əsas meyarlarını özündə  ehtiva edən əsərlərlə beynəlxalq arenaya çıxmaq lazımdır. Ən azından bu işlərin vahid mərkəzdən koordinasiya olunmasına ehtiyac var.

Sonda  bir məqamı da qeyd etmək istərdim. Qarabağ məsələsi, həqiqətlərin   beynəlxalq  aləmdə yayılması ilə məşğul,  bu sahədə elmi tədqiqatlar aparan  QHT-lərə, internet saytlarına, media quruluşlarına  münasibət  daha həsas  olmalıdır. Bir sözlə etinasızlıq sindromu aradan qalxmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər