Modern.az

Ordan bir mamlı-matan ver....

Ordan bir mamlı-matan ver....

1 May 2012, 14:04

Bir musiqi var: adına da “İran təranələri” deyirlər. Fars musiqisi olduğu üçün də adı belə səslənir. Çox sevilən və hər kəsin zövqünü oxşayan bir musiqidir. Bir sözlə musiqi çox gözəldir. İllərin musiqisi olsa da, bu gün də dəbdədir. Mən də türklər demiş, bu musiqiyə bayılıram.

Bizlər “İran təranələri”ni hazırda Amerikada yaşayan ixtisasca memar olan fars müğənnisi Bijen Murtezivinin skripkada ifasından sevirik. Ona görə sevirik ki, bu qədim İran folklor musiqisini İranda çoxları oxusa da, Bijen Murtezivi skripkada ifa etdikdən sonra həm özü məşhur oldu, həm də musiqi. Bizlərə “İran təranələri” kimi gəlib çatsa da, İranda buna bəzən “Gole goldune men”, yəni “Mənim güldanımın gülü” də deyirlər. Bijenin skripkada ifasından sonra hərdən adını “Dance of fire” yəni, “Atəşin, odun rəqsi” kimi də təqdim edirlər...

Uşaq yaşlarımda 5 il milli və Avropa, bu yaxınlara kimi bir neçə ay tanqo rəqslərindən dərs alsam da, nəhayət, musiqiyə bağlı olduğum üçün rəqs etməyi də çox sevirəm. Yaxınlarımın və dostlarımın toy və şadlıq məclislərində iştirak edəndə mütləq “İran təranələri”nə oynamalıyam. Çünki sümüyümə düşən bu musiqini eşidəndə yerimdə rahat dayana bilmirəm. Məndən soruşanda ki, hansı mahnıya rəqs etmək istəyirsən. Cavab verirəm ki mənim havamı çalın – “İran təranələri”ni. Deyəsən, daha bu sevimli musiqimin sədaları altında çətin qol qaldırıb rəqs edə biləm.

Gözəl meyxanaçılarımız Samirə xanım və Oqtay Kamil çütlüyü bu ritm altında bir meyxana deyiblər ki, dillər əzbəri olub. Bu günlərdə yaxınlarımdan birinin toy məclisində iştirak edirdim. Məclisin qızğın yerində öz havama oynamaq gəldi içimdən. Mahnı sifariş verildi və mən ayağa qalxanda tamada “Ordan bir mamlı-matan ver” dedi. İndi gəl buna oyna, görüm necə oynayırsan.  Qalxmağımla yerimdə oturmağım bir oldu. Çünki mən “İran təranələri”ni sifariş etmişdim, “mamlı-matan”ı deyil. Bəlkə də rəqs etmək olardı, amma tanımadığım bir müğənni başladı mahnını meyxanadakı sözlərlə oxumağa. İndi təsəvvür et ki, bu mahnıya rəqs edirsən və müğənni də “sevirsənmi məni, nə yeyərdim səni, mamlı-matansan” deyib oxuyur. Buna əsəbləşib sən də rəqs edə-edə “mənə qaş-göz atma, yolumdan çıxartma, qanımı qaraltma, sən ki çobansan” deyib öz-özünə donquldanırsan. Düzdür, mən Samirə xanım kimi mamlı-matan, yəni kök, gombul deyiləm. Amma yenə də bu mahnıya daha oynaya bilmirəm...

İndi əksər toylarda “İran təranələri” yerinə, “ə, ordan bir mamlı-matan ver” deyə sifariş edirlər. Çalmaq bir yana, həm də oxuyurlar. Hər qadın Samirə xanım kimi mamlı-matan deyil axı,  qol qaldırıb mahnını nazla-qəmzəylə süzsün. Barı, musiqinin sözlərində güldana, gülə, çiçəyə, oda, alova, atəşə yer verilsəydi, bəlkə də, süzmək olardı. Eh, ay ağayi Murtezivi bilsəydin ki, sənin güldanının gülünü, atəşinin rəqsini bu günə salacaqlar, yəqin ki,  mahnını skripka ilə məşhur etməzdin... 

...El arasında onu da deyirlər ki, mahnının gül kimi adı vardı, korlayıb indi “mamlı-matan” qoyublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir