Modern.az

Milli Məclis Şuşa ilə bağlı beynəlxalq qurumlara müraciət etdi

Milli Məclis Şuşa ilə bağlı beynəlxalq qurumlara müraciət etdi

1 May 2012, 14:34


Milli Məclisdə Şuşanın işğalının 20 illiyi ilə bağlı millət vəkillərinin müxtəlif çıxışlarından sonra müraciət oxundu. Modern.az xəbər verir ki, Şuşanın işğalının 20 illiyi ilə bağlı müraciəti parlamentin vitse-spikeri Bahar Muradova oxuyub.

Müraciətdə bildirilir: “Ermənistan dövlətinin etnik təmizlənmə siyasəti nəticəsində Şuşa şəhərinin yerləşdiyi Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon - Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Fizuli rayonları işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş rayonlarından 1 milyondan artıq azərbaycanlı qovulub, didərgin salınmış, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır.

İşğal zamanı erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı bir neçə soyqırımı cinayəti, o cümlədən Xocalı  faciəsini törətmişdir. Məlum olduğu kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə nizama salınmasi məqsədilə 1992-ci ilin mayında ATƏT-in Minsk Qrupu yaradılmışdı. 1993-cildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası münaqişəyə dair qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə Azərbaycan Respublikasdının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar müvafiq qətnamələr qəbul etmişlər. Münaqişənin nizama salınmasının hüququ bazasının ayrılmaz hissəsini təşkil edən bütün bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü birmənalı şəkildə qeyd edilmişdir.

Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentini, Avropa Şurasının Parlament Assambleyasını və dünya parlamentlərini, münaqişənin həllində marağı olan bütün qüvvələri öz səylərini birləşdirməyə çağırır. Biz gözləyirik ki, Cənubi Qafqaz bölgəsində, həm də bütün Avropada sülh və sabitlik üçün təhlükə törədən bu münaqişə ocağının aradan qaldıırılması, Ermənistan Respublikasının işğalçılıq siyasətindən əl çəkməyə sövq edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyün bərpa edilməsi üçün Beynəlxalq Birlik qəti mövqeyini nümayiş etdirəcək”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir