Modern.az

Telekanallar aldadır, SMS-lər zəhlə tökür

Telekanallar aldadır, SMS-lər zəhlə tökür

1 May 2012, 15:34

Milli telekanallarımızda son zamanlar musiqi sahəsində çox sayda yarışlar və müsabiqələr təşkil olunur. Biz tamaşaçılar isə müsabiqələri izləməklə kifayətlənmir, hətta yarışmaların gedişinə təsir belə göstərə bilirik. Buna həmin verilişlərin qaliblərinin SMS vasitəsi ilə seçilmə prosesi imkan verir.
Amma bu məsələnin üzdə olan tərəfidir. Çünki, heç də həmişə qaliblərin SMS-lə seçilməsində obyektivlik qorunmur. Hansısa müsabiqənin qalibi doğurdanmı xalq tərəfindən seçilir, yoxsa qohum, tanışlar onları qalib edir? Təəssüf ki, əksər hallarda müsabiqə iştirakçısının qohum-əqrəbasının borca girib göndərdiyi SMS-lər bu müsabiqələrdə əsas rol oynayıb. Əgər qohumlar, tanışlar qalib edəcəksə, daha bütün xalqın adından niyə qalib seçilir?

Və yaxud da SMS vasitəsilə seçilirsə, daha münsiflər heyəti, fəxri qonaqlar nəyə lazımdır?

Belə çıxır ki, kimin pulu varsa, qalib də odur. İstedadlı müsabiqə iştirakçısı  isə SMS-sizliyinin qurbanı olur...

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Aysel Teymurzadə də “Yeni Ulduz” layihəsində də qalib seçilməmişdi. Amma beynəlxalq səviyyəli müsabiqədə layiqli çıxış etdi.

Deməli SMS-lə qalib olmaq hələ xalqın sevgisini qazanmaq demək deyil...

Telepərdənin arxasında qalanlar tək bunlardan ibarət deyil. Beləki, bir də görürsən ki, bütün tayfa yığışıb 20 min manatlıq SMS-lə səs göndərir ki, öz qohumunu, tanışını qalib etsin. Zatən qalib də edirlər. Amma bəzən teleşirkətlər və onların müqavilə bağladıqları ayrı-ayrı qurumlar gələn səslərin hesabını qalib iştirakçıya vermək istəmir. Bu cür faktla “Azad Azərbaycan” telekanalında “Tanıdım səni ” layihəsinin qalibi Lalə Hüseynzadə qarşılaşıb. Mətbuata açıqlama verən Lalə Hüseyzadənin atası deyib ki, kanal rəhbərliyi və layihə müəllifləri müsabiqə qalibinə Bakı şəhərində 3 otaqlı, təmirli mənzil söz versələr də, qızı 1-ci yeri tutandan sonra onlar sözlərinə dönük çıxıblar. Yalnız mətbuatın qaldırdığı böyük hay-küydən sonra deyəsən məsələ həll olunmuş kimi görünür.

Bu cür hadisə birinci dəfə deyil ki, baş verir. 2011-ci ildə “ Toylar kralı” televerilişinin iştirakçısı Nail Laçınlı da belıa halla qarşılaşdığını iddia etmişdi. O, iddia edirdi ki, nömrədən göndərilən 14000 səs şirkət tərəfindən emal ediləndən sonra efirə 10000 səs kimi təqdim olunub. Məsələ hətta məhkəməyə qədər gedib çıxmışdı.

Görəsən bu cür faktlarla teleşirkətlər kimi aldadır? Xalqı yoxsa iştirakçıları?

Qeyd edim ki, hazırda da telekanallarımızda səsvermə yolu ilə təşkil olunan yarışmalar davam edir. ANS-də “Toylar kralı”, “Space”də “Virtuoz” şou, “Lider”də “Aşıq müsabiqəsi”, ATV-də “Xalq ulduzu”, “Canlı səs”, “Tanıdım səni” və s. Bu verilişlərdə qazanan kimdir, aldanan kim, onu tam dəqiqliklə söyləmək bir qədər çətindi...

Şahanə RƏHİMLİ

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir