Modern.az

İran ordusunun komandanı: “Azərbaycan tankları sərhədə hərbi təlim üçün gətirilib”

İran ordusunun komandanı: “Azərbaycan tankları sərhədə hərbi təlim üçün gətirilib”

Təhsil

1 May 2012, 15:43

Əhmədrza Purdəstan: “Azərbaycanın  bu addımını özümüzə təhdid saymırıq".

“Azərbaycanın öz tanklarını İranla sərhəddə yığması barədə məlumatım yoxdur. Əgər olubsa, bu adi haldır. Ola bilsin bu addım hərbi təlim keçmək üçündür”. Modern.az bildirir ki, bu barədə İranın quru qoşunları komandanı general Əhmədrza Purdəstan jurnalistlərin sualını cavablandırarkən deyib. General qeyd edib ki, onun əlində  Azərbaycan Respublikası ordusunun tanklarının İran sərhədində yerləşdirilməsi barədə məlumatlar yoxdur.

General Əhmədrza Purdəstan Azərbaycanın İranla bəzi sərhəd zonalarda hərbi fəallığını artırması barədə Tehran qəzetlərinin yaydıqları məlumatlara münasibət bildirərkən deyib ki, münasibətlərdə heç bir problem yoxdur.

 “Bizim Azərbaycan Respublikası ilə münasibətlərimiz çox yaxşıdır və bizim bu ölkə ilə diplomatik əlaqələrimiz var. Biz Azərbaycan Respublikasının bu addımını özümüzə təhdid saymırıq".

Qeyd edək ki, bir neçə gün əvvəl İran KİV-ləri Azərbaycanın İranla bəzi sərhəd zonalarda hərbi fəallığı artırması barədə məlumatlar  yayıb. Qeyd olunub ki, Azərbaycan  ordusunun İsrail istehsalı olan 30-a yaxın tankı İranın Biləsuvar və Parsabad məntəqələrinə yaxın sərhəd zonalarına doğru irəliləyib, bir neçə saatdan sonra İmişli şəhərində yerləşdirilib.

X.SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!