Modern.az

Azərbaycanda “copy paste jurnalistikası” formalaşıb - PROBLEM

Azərbaycanda “copy paste jurnalistikası” formalaşıb - PROBLEM

Media

1 May 2012, 16:44

Bəzən elə olur ki, bir materialı hazırlamaq üçün jurnalist bir həftədən çox vaxt sərf edir. Özünü oda-közə atıb ortalığa kefiyyətli məqalə qoymaq istəyir. Saatlarla, günlərlə müsahibini tapa bilmədiyi üçün əsəbi olur, stress keçirir. Xeyli zəhmətdən sonra  material yazılıb qurtarılır və  informasiya saytına qoyulur. Əlbəttəki hər bir insan kimi jurnalist də öz zəhmətinin bəhrəsindən zövq alır. O vaxta qədər ki, öz yazısını başqa informasiya saytında ayrı bir imza ilə, istinadsız görür. Belədə həmin müəllifinin vəziyyətini təsəvvür eləmək çətin deyil.

Son vaxtlar sıraları genişlənən internet mediasında bu cür halları geniş miqyas alıb.
Xəbər portalı adı ilə açılan internet saytlarının sayı az qala hər gün artır. Bəzən iki nəfərin birləşərək açıdığı və adını “xəbər saytı” qoyduğu bu veb-səhifələrdə əsasən aparıcı portalllardan götürülən informasiyalar yerləşdirilir, böyük bir zəhmət bahasına başa gəlmiş araşdırmalar özününküləşdirilir. “Copy paste jurnalistikası” ilə məşğul olan bu saytlar özgəsinin xəbərini dədə malına elə çevirirlər ki, sən haqqını tələb edəndə onların başında duranlar az qala doğrunu oğru çıxarırlar. Onlar ayrı-ayrı saytlardakı yaxşı materialları yığıb öz saytlarına yerləşdirməklə bu məsələlərin fərqinə varmayan oxucunu da aldadırlar.  Bu saytlar xəbər istehsal eləmirlər, onlarınki ancaq budur - “copy paste”, “copy paste”…

APA-nın baş direktoru Vüsalə Mahirqızı da bu cür plagiatlıqdan ən çox əziyyət çəkənlərdən biri olduqlarını deyir. Vüsalə xanımın sözlərinə görə, “Müəllif hüquqları haqqında” qanuna internet medianın hüquqlarının müdafiəsilə bağlı bəndin artırılmasına ehtiyac var.
”Eyni zamanda mən hesab edirəm ki, bu peşəkarlıq məsələsidir. Peşəkar və vicdanlı insan başqasının əməyini mənimsəyib pul qazanmaq fikrinə düşməz. Və bu məsələnin həlli bizdən zaman alacaq. Bunun üçün biz ictimai qınağı artırmalı və irad bildirməliyik. Burada filankəs dostumdur, filankəs tanışımdır məsələsi kənara qoyulmalıdır. Bizim hamımızın, media qurumlarının, sıravi jurnalistlərin məsələyə münasibəti çox kəskin olmalıdır. Biz bunu elə ictimai qınaq həddinə gətirməliyik ki, onu eləyən insanlar utansınlar”.

APA-nın rəhbəri bildirib ki, bu məsələdə başqa media qrumları çox da dəstək vermirlər.

“İndiki halda bir az vəziyyət başqadır. Əgər sən kiməsə irad bildirirsənsə, “mənim xəbərimi niyə götürüb oğurlayırsan” deyirsənsə,  bir də görürsən ki, o biri qrumlardan da onu müdafiə eliyirlər ki, əşi oğurluyub oğurluyub da... Çünki hamısı  o işi eləyib. Ona görə də vəziyyətin, bu nisbətin bir az dəyişməsi lazımdır. Başa düşmək lazımdır ki, insanların şəxsi əşyasını, fiziki əməyinin nəticəsi olan bir şeyi oğurlamaqla zehninin, beyninin məhsulu olan yazılarını oğurlamaq arasında heç bir fərq yoxdur. Adam oğurluq ilə məşğul olmaz, vəssalam!”. 

“Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli isə “copy past”  jurnalistikasının yaranmasının səbəbini bəzi internet saytlarında jurnalist kollektivinin olmaması ilə izah edir.
”Mənə  elə gəlir ki,dediyimiz işlə məşğul olan saytlar redaksiya heyəti olmayan və ya bir-iki nəfərin idarə elədiyi saytdır. Yəni hansısa saytın arxasında redaksiya heyəti,  keyfiyyətli jurnalistlər durarsa, o belə işlə məşğul olmaz. Amma elə saytlar var ki, bəlkə də bir nəfər onu işlədir. Və həmin şəxslər ayrı-ayrı mənbələrdən məlumatı götürüb yerləşdirir və yazıdakı məzmun səhvindən tutmuş orfoqrafik səhvə kimi hamısını saxlıyır. Çünki bunu düzəltməyə onun imkanı yoxdu. Bu baxımdan mən fikirləşirəm ki, xəbər saytlarının kolektivi formalaşdıqca, internet məkanında çalışan jurnalist kollektivlərinin sayı artıqca, bu cür hadisələr də aradan qalxacaq. Ümumiyyətlə götüründə isə müəllif hüquqlarına hörmət eləmək, mənbəni göstərmək, jurnalistin zəhmətini nəzərə almaq elə bir dərin problemdir ki, Azərbaycanda və başqa ölkərdə də var”.

A.Qaraçənli müəllif hüququna hörmətsizliyin digər səbəbinin kökündə maddi marağın dayandığını deyir.

“Hansısa jurnalist götürdüyü materialın mənbəyini  təqdim eləməməklə qonarar qazanmağa çalışır. Çünki redaksiya mənbəyi bilərsə, tabii ki, qonarar verməz.
Bizim redaksiya da belə halla hər həftə rastlaşır. Bizi narahat eləyən odur ki, bu cür hallara hətta populyar KİV-lərdə də yol verilir. Mən bunu müəyyən qədər qonarar problemiylə əlaqələndirməyə çalışıram. Birdə intellektual zəhmətin nə qədər ağır fiziki zəhmət olduğu haqqında rəy, şüur formalaşmayıb. Alman filosofu Şopenhaurer də deyirdi ki, intellektual zəhməti görmək hər adamın işi deyil. Amma nəzərə almaq lazımdır ki, intellektual zəhmət bəzən fiziki zəhmətdən də çətin, gərgin məsələdir. Fiziki əmək kimi buna da qiymət vermək lazımdır”.

Baş redaktor deyir ki, “Mediaforum” öz materiallarından başqasının istifadəsinə qadağa qoymayıb, heç pul da istəmir:

““Medioforum” və digər xəbər saytları oxucu və həmkarlarının üzünə açıqdır. Onlar materiallarımızı bizdən icazə almadan istifadə eləyə bilərlər. Sadəcə olaraq, istinad lazımdıdr və bu da əməyə verilən hörmət, qiymətdir. Hansısa redaksiya heyəti, KİV bizim materiallarımızı istinadsız istifadə edirsə, biz onlara narazılığımızı bildiririk. Bunu mediaya çıxartmırıq. Oxucularımızın, kənar şəxslərin iştirakı olmadan həll eləməyə çalışırıq. Nə məhkəmələri, nə Mətbut Şurasını bu problemin həllinə qatırıq”.

Mətbuat şurasının sədri Əflatun Amaşov da dünya təcrübəsində plagiatlığın ən bağışlanmaz oğurluq olduğunu deyir:
“Azərbaycanda televiziayalar, qəzetlər informasiya agentliklərinin xəbərlərindən mənbə göstərmədən istifadə edirlər. Həmin televiziyalar, qəzetlər informasiya agentliyinin xəbərini götürməyə nə dərəcədə səlahiyyətlidir? Onlar arasında razılaşma varmı, yoxmu? Bunlar bir yana, bəlkə heç həmin informasiya agentliyi istəmir ki, onun informasiya materialı digər kütləvi informasiya vasitələrində yayımlansın. Təəssüf ki, bu gün Azərbaycan mediası  kifayət qədər plagiatlıq faktları ilə yadda qalır”.  

Qeyd edək ki, Azərbaycanda plagiatçılıq daha çox elmdə və jurnalistikadadır.

Şahanə RƏHİMLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir