Modern.az

Elmira Axundova qanun layihəsilə bağlı təkliflər verib

Elmira Axundova qanun layihəsilə bağlı təkliflər verib

Təhsil

1 May 2012, 18:53

Millət vəkili Elmira Axundova bu gün Milli Məclisin plenar iclasında “Əqli mülkiyyət hüquqlarının qorunması və piratçılığa qarşı mübarizəyə dair” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib. O bildirib ki, qanunun predmeti olan müəlliflik hüququ, demək olar ki, hər gün, hər saat pozulur və bu proses artıq qlobal xarakter alıb.
“Hətta Qərb ölkələrində dünya miqyaslı şou ulduzlar bu məqsədlə möhtəşəm aksiyalar keçirir, “piratçılığa yox deyək!” şüarı altında konsert və müxtəlif tədbirlər təşkil edirlər, lakin yenə də piratçılığa qarşı gücsüzdürlər”.

Millət vəkili piratçılıqla mübarizədə Azərbaycanın şou-biznes adamlarının da aciz qaldıqlarını vurğulayaraq bildirib ki, incəsənət xadimləri əksər hallarda əsərlərinin yayımlanmasından qonorar ala bilmirlər.
“Halbuki, bu əsərlərin yazılması, efirdə səslənməsi, ümümiyyətlə ərsəyə gətirilməsi üçün böyük vəsait tələb olunur və onlar bu vəsaitləri toylarda, ucuz şoularda iştirak etməklə təmin etməli olurlar”.

Elmira Axundova qanun layihəsinin çox aktual olmasını bildirsə də, bütövlükdə reallıqları tam əhatə etmədiyini deyib.
”Söhbət ilk növbədə müəlliflik hüququ olan obyektlərin internet saytlarda qeyri-qanuni yayılmasından gedir.  Youtube-un sahibləri, həm də onun istifadəçiləri pirat sayıla bilər. Bəs bunları məhkəmə yolu ilə necə məsuliyyətə cəlb edə bilərsiniz ? Əvvəla Youtube və başqa internet resurslar əslində əlçatmaz nəhəng beynəlxalq korporasiyalardır və onların ofisləri də başqa ölkələrdə yerləşir. Mübarizə aparmaq çox çətindir.  Hər halda bu qanun layihəsində internet resurslarda yerləşdirilən pirat nümunələrinə qarşı mübarizə mexanizmləri əks olunmayıb və təəssüf hissi ilə qeyd etmək istərdim ki, dünyada belə mexanizmlər hələ ki müəyyən edilməyib...

..Burada bir sıra fikirlər səsləndi ki, bu qanun layihəsi əqli mülkiyyətlə və əlaqəli hüquqlarla bağlı Qanuna əlavə edilsin, lakin mən bununla razı deyiləm. Bu qanun müstəqil olmalıdır. Ancaq Qanun daha da təkmilləşdirilməli, dolğun və konkret maddələrlə zənginləşdirilməli, qaldırdığım problemlər də öz əksini tapmalıdır”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar