Modern.az

Elza Seyidcahan “Ali jurnalistlər"dən necə “ali mükafat” alıb...

Elza Seyidcahan “Ali jurnalistlər"dən necə “ali mükafat” alıb...

2 May 2012, 10:18

Bəstəkar-müğənniyə hansı jurnalist təşkilatı mükafat verib?

Bəstəkar-müğənni Elza Seyidcahan aprelin 27-də İctimai Televiziyada  qatıldığı “Qərib axşamlar” verilişində ali jurnalist mükafatına layiq görüldüyünü bildirib. O özü ilə verilişə gətirdiyi diplomu nümayiş etdirərək “Ali Dərəcəli Jurnalistlər Birliyinin “Ustad sənətkar” ali jurnalistika mükafatına layiq görülmüşəm” deyib.

Bəstəkar-müğənini təltif edən qurumun və verilən mükafatın adı media təmsilçilərinə tanış olmadığı üçün Modern.az Azərbaycan jurnalist təşkilatlarından bu təqdimata münasibət öyrənib.

Azərbaycan Jurnalistlər Birliyinin sədri  Elçin Şıxlı Modern.az-a deyib ki, belə jurnalist təşkilatı adını ilk dəfədir eşidir: “Mən belə adda təşkilat tanımıram. Birinci dəfədir ki, eşidirəm.  Həmin jurnalist təşkilatının nə canlı-cinni olduğunu bilmədiyim üçün onların nizamnaməsində nə olduğunu və hansı prinsiplərə, meyarlara əsaslanaraq  Elza  Seyidcahana “Ustad sənətkar” adını vermələri haqqında bir şey deyə bilmərəm. Amma öz adımdan deyə bilərəm ki, bir jurnalist təşkilatı kimi mən nə Elza Seyidcahana, nə bir başqa müğənniyə, başqa mədəniyyət sahəsinin başqa bir işçisinə jurnalist mükafatı vermək fikrində deyiləm və belə də olamalıdır”.

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə də belə təşkilat tanımadıqlarını bildirib. Mükafatın verilməsinə isə münasibəti belə olub: “Bilirsiniz, bu həkimə bitkiçilik üzrə mükafat verməyə bənzəyir”.

Şahanə Rəhimli

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi