Modern.az

Azərbaycanda cərrahiyyə əməliyyatları artıb - STATİSTİKA

Azərbaycanda cərrahiyyə əməliyyatları artıb - STATİSTİKA

Aktual

2 May 2012, 15:46

Azərbaycanda son 5 ildə cərrahiyyə əməliyyatlarına məruz qalan xəstələrin sayı iki dəfə artıb. Bu açıqlama ilə səhiyyə naziri Oqtay Şirəliyev çıxış edib.
Maraqlıdır, onda bir ildə - 2011-ci idə - Azərbaycanda aparılan cərrahi əməliyyatların sayı nə qədər olub?

Modern.az rəsmi statistikanı əldə etmək üçün Səhiyyə Nazirliyinə müraciət edib.
Nazirliyin Statistika şöbəsindən aldığımız statistik rəqəmlər də belə əməliyyatların sayının kifayət qədər artdığını deməyə əsas verir.

Nazirliyin məlumatına görə, 2010-cu il üçün statistik məlumat belədir - 193 min 500 cərrahiyyə əməliyyatı...

2011-ci ildə isə Azərbaycanda 245 min 400 cərrahiyyə əməliyyatı həyata keçirilib.

Cərrahiyyə əməliyyatları adambaşına 2010-cu ildə hər min nəfərə görə 21.5, 2012-ci ildə isə 26.4 olub. 

Səhiyyə Nazirliyindən bildirilib ki, 2012-ci il üzrə statistika gələn ilin əvvəlində açıqlanacaq.

İnformasiyadan da görürük ki, inasanların cərrahiyyə əməliyyatına tələbatı ilbəil artır.

Bəs görəsən artan cərrahi əməliyyatlar hansı orqan nahiyyəsi üzərində həyata keçirilir. Modern.az bununla bağlı kiçik araşdırma aparıb və siyahı belədir:

Endokrin sistemində əməliyyatlar, görmə orqanları əməliyyatları, katarakta, qulaq, boğaz, burun orqanlarında əməliyyatlar,  tənəffüs orqanlarında, qarın boşluğu orqanlarında, böyrək və sidik axarlarında, qadın cinsiyyət orqanlarında, mamalıq əməliyyatları, süd vəzisində əməliyyat, dəri və dəri altı toxumalarda əməliyyatlar...

Tanınmış cərrah, professor Adil Qeybulla deyir ki, son illərdə insanlarda onkoloji, cərrahi yolla müalicə olunan xəstəliklərin çəkisi artıb ki, bu da statistikada özünü göstərir.
“Bunlar da ümumi statistikaya təsir edir. Digər faktor odur ki, estetik, plastik əməliyyatların da çəkisi artıb. İki il bundan qabaq cərrahi əməliyyatlar mərhələ ilə aparılırdı. İndi isə bir neçə əməliyyatın bir zamanda aparılması mümkündür. Buna simultant əməliyyatları deyirlər. Həm cərrahi texnikanın təkmilləşməsi, həm də müasir dərman pereparatlarının meydana çıxması xəstəliyin erkən aktivləşməsinə şərait yaradır. Müasir antibiotiklərin olması, plastik əməliyyatlar üzrə cərrahlarının sayının artması, peşəkarlığın yüksəlməsi də statistikada özünü göstərir.
Son zamanlar Türkiyədə, Almaniyada təcrübə keçmiş həkimlərin hesabına artıq ürək üzərində ən çətin əməliyyatların icra olunması da statistikaya təsir edir. Onkoloji xəstəliklərin səbəbləri dəqiq bilinmir. Bu cür xəstəliklər qidalanma, ekologiya ilə bağlı olur. Azərbaycana idxal olunan qidaların aşağı səviyyədə olması, ekologiyanın çirklənməsi, inasanların stress durumunda olması onkoloji xəstəliklərin xüsusi çəkisini artırır. İnsanların xarici görnüşlərini dəyişmək istəmələri də cərrahi əməliyyatların sayını artırır”.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda cərrahiyyə əməliyyatlarının qeyri-rəsmi qiymətləri formalaşıb. Hətta sənəd üzərində pulsuz müalicə müassisəsi olduğu qeyd edilən dövlət xəstəxanalarında da. 

Müşahidələr, araşdırmalar, xəstələrlə apardığımız söhbətlər onu deməyə əsas verir ki, istər özəl, istərsə də dövlət xəstəxanalarında cərrahiyyə əməliyyatları heç kimə ucuz başa gəlmir. Onların qiymətləri minimum 200 manatdan başlayıb bir neçə min manatadək çatır...

Şahanə RƏHİMLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?