Modern.az

Erməni vəhşiliyi: cəzasız qalan cinayətlər - faktlar və sənədlər - III YAZI

Erməni vəhşiliyi: cəzasız qalan cinayətlər - faktlar və sənədlər - III YAZI

3 May 2012, 09:11

Ermənilər tarixin yadda qalan kəsiyindən bu yana xalqımıza qarşı “ermənilik” (insanlığa sığmayan, yalnız onlara məxsus olan iyrənc, vandal addımlar) etmək üçün əlverişli məqam axtarıblar.

Modern.az “Erməni vəhşiliyi: cəzasız qalan cinayətlər-faktlar və sənədlər” adlı yeni silsilə yazılara start verib. Bu yazılarda Azərbaycanın Dağlıq  Qarabağ bölgəsində və ətraf  rayonlarda ermənilərin törətdikləri cinayətlər diqqətə çatdırılacaq. Əsasən faktlar və sənədlər əsasında olacaq yazıda rəsmi qurumların təqdim etdiyi faktlardan istifadə olunub.

Ermənilərin 1991-ci ildə törətdikləri cinayətlər...

(I hissə - yanvar-iyun ayları)

Təkcə 1991-ci ildə ermənilər tərəfindən yaşayış məntəqələri və mülki obyektlərdə törədilən terror aktlarının sayı 111-dən çox olub.

9 yanvar 1991-ci il  “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərova və hərbi qulluqçular–podpolkovnik S.Larionov, mayor İ.İvanov və serjant İ.Qoekin Laçın-Şuşa yolunun 5-ci kilometrində avtomobildə erməni terrorçuları tərəfindən atəşə tutulur. Nəticədə Salatın Əsgərova daxil olmaqla sərnişinlərin 4-ü də qətlə yetirilir. Cinayətkarlar-Mkrtçyan Arno Mixayloviç, Petrosyan Qraçik Armenakoviç, Manqasaryan Arvid Aşotoviç, Arustamyan Qaqik Mayoroviç müəyyənləşdirilərək həbs olunur. 1993-cü ildə ölümə məhkum edilirlər. Terrorçu qrupunun digər üzvləri-Mkrtçyan Artaşes Mixayloviç, Zaxaryan Artur Artaşesoviç, Sarkisyan Manvel Şabaqatoviç, Osipyan Yenok Rubenoviç 15 il müddətinə, Qriqoryan Qaraqen Serikoviç 5 il müddətinə həbs cəzasına məhkum olunur. Göstərilən şəxslərin hamısı 1996-cı il  mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verilir.

Elə həmin gün ermənilər tərəfindən başqa bir cinayət törədilir. Xankəndi şəhərində Baqmanyan Akop Qavruşoviç, Baqmanyan Samvel Qavruşoviç və Antonyan Artyuşa Qriqoryeviç  tərəfindən Dağlıq Qarabağ Muxtar vilayətinin Daxili İşlər İdarəsinin rəisi general mayor V.Kavalyovun qarşı sui-qəsd edilir.

Ermənilər tərəfindən törədilən cinayətlərin silsiləsinə yanvar ayında biri də əlavə olunur. Belə ki, yanvarın 27 də Xanlar (İndiki Göygöl) rayonunun Dozular kəndi yaxınlığında “VAZ-2106” markalı S 25-10 AQ və “QAZ-52” markalı 59-07 AQN dövlət nömrəli avtomaşınlar partladılır. Nəticədə 3 nəfər həlak olur, 2 nəfər ağır yaralanır. Fevralın 20-də yenidən həmin kənddə bu dəfə “UAZ-469” markalı 27-29 AQD dövlət nömrəli avtomaşın partladılır. Nəticədə sovxoz direktoru Q.Musayev və sürücü D.İmanov həlak olur.

Bundan 4 gün sonra ermənilər növbəti cinayətə əl atırlar. Fevral ayının 24-də Xankəndi yaxınlığında Şuşadan Ağdam rayonuna gedən “PAZ-3205” markalı dövlət nömrəli avtobus partladılması nəticəsində 7 nəfər ağır yaralanır.

Erməni cinayətlərinin növbəti dalğası aprel ayında şiddətlənir. Aprelin ilk cinayəti ayın 6-da Ağdamdan Füzuli rayonuna gedən “Moskviç-412” markalı 93-69 AQV dövlət nömrəli avtomaşını Martuni rayonu  ərazisində partladılması, 2 nəfərin həlak olması və 2 nəfərin ağır yaralanması ilə başlayır. Üstündən bir gün sonra yəni, aprelin 7-də Qubadlı rayonunun Yuxarı Kibikli kəndində hərbi komendantın müavini Y.Babak və 2 nəfər qətlə yetirilir, 4 nəfər ağır yaralanır.

Növbəti gün SSRİ DİN Daxili Qoşunlar Zaqafqaziya və Şimali Qafqaz üzrə İdarəsinin rəis müavini polkovnik V.Blaxotin qətlə yetirilir. Bu cinayəti törədən S.Baqmanyan,  A.Baqmanyan, A.Antonyan, K.Akopyan, K.Yegiyan həbs olunur, Rusiya Federasiyası Rostov Məhkəməsinin Kollegiyası tərəfindən-müxtəlif müddətlərə azadlıqdan məhrum edilirlər.

Artıq mülkü əhalini öldürməyə adət etmiş ermənilər biri-birinin ardınca qətliamlar törətməkdə davam edir. Belə ki, aprelin 16-da Goranboy rayonunun Zeyvə kəndinin otlaq sahəsində 2 nəfər sovxoz fəhlələri, aprelin 18-də Füzuli rayonunun Aşağı Divanalılar kəndində 3 nəfər, Xocavənd rayonunda isə Q.Sarkisyanın başçılıq  etdiyi erməni terrorçuları 3 nəfəri qətlə yetirirlər.

Aprelin 20-də isə Goranboyun Gürzəlilər kəndində 1 nəfər milis işçisi öldürülür, 2-si ağır yaralanır. Aprelin 28-də Naxçıvan MR Şərur rayonunun Sədərək qəsəbəsində partlayış nəticəsində 14 nəfər ağır yaralanır. Bir gün sonra isə eyni hadisə  Qazaxda təkrarlanır. Burada isə 3 nəfər xəsarət alır.

May ayının ilk günü ermənilərin cinayəti ilə başlayır. Səhər saatlarında Hadrut rayonunun Tuğ kənd orta məktəbinə məxsus “UAZ-469” markalı maşın partladılır. Bu terrorun  3 qurbanı olur. Növbəti gün Füzulidən Hadrut rayonunun Tuğ kəndinə gedən “UAZ-469” markalı 30-78 AQD dövlət nömrə nişanlı avtomaşın  partladılır və 1 nəfər ağır yaralanır. Elə həmin gün Ağdam rayonunun Gülablı kəndində 1 nəfər qətlə yetirilir. Mayın 3-də ermənilər yenidən iki cinayət törədir. Bunlardan birincisi Qazax rayonunda 2 nəfər qətlə yetirilməsi, 2 nəfər  ağır yaralanması, digəri isə Hadrut rayonunun Yuxarı Fərəcli kəndinin kənarında yerləşən mühafizə postunda 1 nəfər qətlə yetirilməsi, 2 nəfərin ağır yaralanması ilə nəticələnir.

1991-ci ilin may ayının 9-da sovetlər birliyi “Qələbə”ni qeyd edəndə ermənilər   Xankəndi şəhərində AR Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin üzvü V.Polyaniçkonun həyatına sui-qəsd edilər və nəticədə o həlak olur.

Kəlbəcər rayonunun Yellicə kəndi yaxınlığında 1 nəfər, Laçın rayonunun Ermənistanla həmsərhəd olan Sadıllar kəndində yerləşən mühafizə postunda Laçın RDİŞ 4 nəfər milis işçisi, Hadrut rayonunun Dolanlar kəndində isə 1 nəfər qətlə yetirilir, 1 nəfər ağır yaralanır. Ermənilər  may ayında törətdikləri cinayətlərə ayın 23-də Hadrut rayonunun Arpaqədik kəndi yaxınlığında  SSRİ DİN-in Daxili Qoşunlarının 5460 saylı hərbi hissəsinin praporşikini və ayın 26-da Ağdərə rayonunu Umudlu kəndində 1 nəfər qətlə yetirməklə damğa vurur.

1991-ci ilin iyun ayı boyunca da erməni cinayətləri səngimək bilmir. Ayın 2-də Qubadlı rayonunun Yuxarı Çibikli kəndində 1 nəfər hərbi qulluqçu qətlə yetirilir. Bundan sonra bir-birinin ardınca  iyunun 9-da Tərtər rayonunun Qapanlı kəndində 2 nəfər, 19-da “Yevlax-Laçın” avtomobil yolunun 106-cı  kilometrində 5459 saylı hərbi hissəyə məxsus “UAZ-469” markalı avtomaşın partladılması nəticəsində 1 nəfər, 22-də Ağdərə rayonunun Baş Göytəpə kəndi yaxınlığında 1 nəfər, 25-də Ağdərə rayonunun Vaqbaş kəndində 1 nəfər xüsusi amansızlıqla qətlə yetirilir.

İyunun 26-da ermənilər İmarət-Qərvənd kəndində 3 nəfəri qətlə yetirir, 1 nəfəri isə ağır yaralayırlar.

1991-cı il iyunun 27-dən 28-nə keçən gecə terrorçu qrup tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı basqın olunur və 6 nəfər dinc sakin öldürülür.

Bir gün sonra isə yenidən Xocavəndin Kəndxurd kəndində 6 nəfər mülki sakin xüsusi qəddarlıqla öldürülür, 3 nəfər isə ağır yaralanır.

“Təkcə Kəlbəcərin işğalı zamanı törədilən cinayət faktları ilə beynəlxalq məhkəmələrdə yüzlərlə cinayət işləri açıla bilər”

Millət vəkili Zahid Oruc hesab edir ki, erməni cinayətləri ilə bağlı təkcə Qarabağ münaqişəsi zamanı törədilən cinayətlər deyil, XX əsr ərzində bütün bəşəriyyətə yönəlmiş cinayət faktlarından danışılmalıdır: “Bu sırf iki ölkə və ya iki xalq arasındakı konflikt kimi təqdim olunanda ermənilərin cinayətkar xislətini üzə çıxartmaq çətinləşir. Bunu müharibə kontekstinə yerləşdirənlər faciənin miqyasına baxmayaraq bunu müharibə ilə əlaqələndirməyə çalışırlar. Amma 1988-ci ildən bu yana biz ermənilərin hər cür, hər xarakterdə cinayətlərinin şahidi olmuşuq. Bunu müharibə ilə əlaqələndirsələr belə hətta beynəlxalq qanunlarda mülkü əhaliyə qarşı zorakılığa yol verilmir. Amma ermənilər üçün bunun fərqi yoxdur. Məsələn, insanların evlərini talamaq, insanların gözü qarşısında evlərini yandırmaq, yaxud yanan ocağa həmin insanın özünü atmaq kimi cinayətlər məlumdur. Təkcə Kəlbəcərin işğalı zamanı törədilən cinayət faktları ilə beynəlxalq məhkəmələrdə yüzlərlə cinayət işləri açıla bilər. Mən tonqalda yandırılmağı, diri-diri divara hörülməyi, körpənin ana bətnində süngüyə keçirilməyini, ananın uşağının, uşağın ananın gözü qarşısında qəddarlıqla öldürülməsini, siqaret kötüyü ilə gözün çıxarılmasını, bütün bunlardan doymayaraq Zori Balayancasına insanları divara mıxlayıb onların iniltisindən ləzzət almanı da ermənilərin kriminal tarixinə, həyatına, milli kimliyinə əlavə edə bilərəm”.

Zahid Oruc hesab edir ki, biz bütün bu faciələrin qarşısında sadəcə ağlamaq və ya kədərlənməklə qalmamlıyıq: “Biz ermənilərdən fərqli olaraq bütün bu acılarla dünya miqyasında özümüzə bir yazıq statusu almaq fikrində deyilik. Hərçənd ki, onlar saxta soyqırımı ilə özlərini əzilmiş bir xalq kimi tanıtdırmağa cəhd edirlər. O ki, qaldı bütün bu cinayətlərə hüquqi qiymətin verilməsi məsələsinə, bunu deyə bilərəm ki, Azərbaycanda bu barədə kifayət qədər işlər görülüb. Amma məsələ bir yerə çatır ki, ən son halda Allahın verəcəyi cəzanı gözləmək lazım gəlir. Onlar da bir sıra hallarda verilib. Məsələn, erməniçiləyə yaxın olan ayrı-ayrı şəxslər – Qalina Staravoytova, Poleniski və digərləri haralarda güllələndilər? Kimlər bunu elədi sonra? Bu Qarabağda qətlə yetirilənlərin intiqamı deyildimi? Əlbəttə, bütün bunlarla yanaşı erməni cinayətləri özü hüquqi qiymətin layiqincə almır. Görəsən niyə? Axı bu gün tribunallarda ittiham olunanlar var. Necə olur ki, Səddamın cinayəti sübut olunur və o edam olunur amma ermənilərin törətdiyi qətliamlar  cəzasız qalır? Bu cür şəxsləri tribunallarda mühakimə edənlər elə həmin hakimlərdir. Bunu üçün xüsusi bir iradəmi lazımdır? Yoxsa Azərbaycan siyasi profilini dəyişməlidir?”

Zahid Oruc erməni cinayətlərinin aşkara çıxarılması istiqamətində görüləcək işlər barədə “Bu işdə elə etməliyik ki, beynəlxalq hüquq buna qiymət versin. Məsələn, yəhudilər kimi. Onlar elə etdilər ki, nəinki dünya birliyi bunu qəbul elədi hətta indi onlara təzminat da ödəyirlər. Biz öz siyasətimizi bu istiqamətdə qurmalıyıq”.

Orxan Əli

Ardı var...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı