Modern.az

Ötən il dövlət təbiət qoruqlarında qanun pozucularına qarşı 979 akt və protokol tərtib edilib

Ötən il dövlət təbiət qoruqlarında qanun pozucularına qarşı 979 akt və protokol tərtib edilib

11 Yanvar 2010, 09:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, 2009-cu il ərzində Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və qorunması istiqamətində müəyyən işlər görülüb.
Belə ki, hesabat ilində Samur-Yalama Milli Parkının yaradılması ilə əlaqədar zəruri işlərin həyata keçirilməsini təmin etmək məqsədilə xarici şirkətlərin iştirakı ilə açıq tender keçirilib, Balakən-Zaqatala regionunda ölkə tarixində ilk biosfer rezervatın yaradılması ilə əlaqədar təyin olunmuş xarici ekspertlərlə birlikdə ilkin qiymətləndirmə işləri aparılıb.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2008-ci il tarixli sərəncamına əsasən ölkəmizdə ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması təsbit edilib. Cari ildə Zooloji Parkın dizayn, tikinti və inkişaf planı layihəsinin hazırlanması işlərinin satınalınması məqsədilə beynəlxalq səviyyədə Açıq Tender elan olunaraq, qalib şirkət müəyyən olunub.
Hesabat dövründə ceyranların tarixi ərazilərinə reintroduksiya olunması və həmin ərazilərin mühafizəsinin təşkili məqsədilə Xızı-Abşeron rayonlarının ərazisində Dövlət Təbiət Yasaqlığının yaradılması ilə əlaqədar aparılan işlər yekunlaşmaq üzrədir.
Bununla yanaşı 26 iyun 2009-cu il tarixində Naxçıvan MR ərazisində Arpaçayı Dövlət Təbiət Yasaqlığı, 2 oktyabr 2009-cu il tarixində isə Lerik rayonu ərazisində Rvarud Dövlət Təbiət Yasaqlığı yaradılıb.
25 noyabr 2009-cu il tarixində Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkının ərazisi genişləndirilib və Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı adlandırılıb. Belə ki, Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğunun 3139 hektar, Naxçıvan Muxtar Respublikasının Culfa, Ordubad rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondunun 396,4 hektar, habelə Şahbuz, Culfa, Ordubad rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqları torpaqlarının 27131 hektarını Milli Parkın ərazisinə birləşdirilməsi sayəsində Parkın ümumi sahəsi 30666,4 hektar olub.
Cari ildə Departament tərəfindən Azərbaycanın müxtəlif ərazilərində, 5 zona üzrə ölkə faunasına daxil olan quş növlərinin (o cümlədən oturaq və köçəri quşların) qış inventarlaşması aparılıb, iyun ayında isə ölkə ərazisində məskunlaşan 1000-dək müxtəlif sinantrop və köçəri quş növünün üzərində Azərbaycan Respublikasının atributları əks olunmuş halqalarla nişanlanması həyata keçirilib.
Hesabat dövründə milli park və dövlət təbiət qoruqlarının ərazisində qanun pozucularına qarşı 979 akt və protokol tərtib edilib, təbiətə 55172 manat dəyərində ziyan hesablanmış, inzibati qaydada 132168 manat cərimə tətbiq edilib və ondan 89859 manat vəsait xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan xüsusi fondlara ödənilib. 607 işə Milli Park və Dövlət Təbiət Qoruqları tərəfindən inzibati qaydada baxılıb, 28 iş baxılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına, 43 iş isə rayon məhkəmələrinə göndərilib.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər